AZ

Gürcüstan yenə uduzdu, Çexiya liderliyə yüksəldi - İCMAL

B liqasının 1-ci qrupunda keçirilən 4-cü turun oyunlarından sonra lider dəyişdi. Sentyabrda ardıcıl iki qələbə qazanan Gürcüstan yenə uduzdu, Çexiya isə liderliyi ələ aldı.

Tiflisdə Çexiyaya 4:1, Tiranada Albaniyaya 2:1 hesabıyla qalib gələn Gürcüstan yığması oktyabrın 11-də Poznanda Ukraynaya minimal hesabla uduzmuşdu. Villi Sanyolun komandası bu dəfə evdə uğursuzluğa düçar oldu. Halbuki qafqazlılar Albaniya ilə matçda çox yaxşı təsir bağışladılar. Sanyol Ukraynaya məğlubiyyətdən sonra start heyətini böyük ölçüdə hücumameyilli oyunçulardan qurmağı lazım bilmişdi. Baş məşqçinin belə seçimi ilk dəqiqələrdən bəhrə verə bilərdi, lakin Zivzivadze topu bir neçə metrdən qapının üstündən tribunalara göndərdi. İlk dəqiqələrdən rəqibin həmlələrini zərərsizləşdirməklə məşğul olan albanlar ara-sıra Mamardaşvilini əks-hücumlarla işə qoşurdular. Ev sahiblərinin qapıçısı ilk hissədə rəqibin hesabı açmaq üçün etdiyi cəhdlərin qarşısını alsa da, fasilədən az sonra topu qapısında gördü: “İnter”in yarımmüdafiəçisi Asllani cərimə meydançasının kənarından endirdiyi zərbə ilə hesabı açdı. Bayrami az sonra meydan sahiblərinə ikinci şoku yaşada bilərdi. Onun növbəti qolu vurmaması gürcüstanlıların qalan vaxtda hücumları daha da gücləndirməsi ilə müşayiət olundu. Lakin Kvaratsxeliya, Zivzivadze və Mikautadze imkanlardan yararlana bilmədilər. Sanyolun komandası ardıcıl ikinci məğlubiyyətlə liderliyi itirdi.

Çünki qrupun digər oyununda Çexiya Ukraynaya uduzmadı. Məlum səbəbdən neytral meydanda – Polşanın Vrotslav şəhərində keçirilən matç nominal ev sahibləri üçün daha vacib idi. İlk iki turda Albaniya (1:2) və Çexiyaya (2:3) məğlubiyətlərdən sonra Gürcüstana qalib gələn Sergey Rebrovun komandası çexlərlə oyunda da zədə səbəbindən Lunin, Mikolenko, Zinçenko, Yarmolenko, Malinovski və Sıqankovdan yararlana bilmədi. Rəqiblər qapı istiqamətində kifayət qədər zərbə endirsələr də, Çexiya Ukraynanı dəqiq zərbələr üzrə 7:3 hesabı ilə üstələdi. Rebrovun komandasında ən yaxşı oyunçu kimi qapıçı Trubinin adı çəkilməlidi. O, 6 seyvlə ukraynalıların xal qazanmasında böyük rol oynadı. Trubin ilk hissədə yalnız Çervin qarşısını ala bilmədi, fasilədən sonra isə penalti Ukraynanının dadına çatdı. 1:1 hesablı heç-heçə Çexiyanı liderliyə yüksəltdi.

B liqası, 1-ci qrup
Gürcüstan - Albaniya 0:1 (0:0)

Gürcüstan: Mamardaşvili, Kaşiya, Kakabadze, Dvali, Loçoşvili (Sitaişvili, 81), Kiteişvili, Çakvetadze, Zivzivadze, Davitaşvili (Şengeliya, 90+5), Kvaratsxeliya, Mikautadze.
Albaniya: Strakoşa, Ayeti, Balliu, İsmayli, Mitay, Laçi, Ramadani, Bayrami (Seferi, 77), Asllani, Asani, Tutsi (Daku, 66).
Qol: Asllani, 48.
Vərəqələr: Dvali, 76. Daku, 77. Mitay, 90+2. Laçi, 90+4 - sarı.
Hakim: Danni Makkeli (Niderland).
14 oktyabr. Tiflis. 19981 tamaşaçı.

Ukrayna - Çexiya 1:1 (0:1)
Ukrayna: Trubin, Matviyenko, Konoplya (Tımçik, 80), Zabarnı, Talovyerov, Stepanenko (Kalyujnı, 64), Qutsulyak (Zubkov, 22), Şaparenko (Kriskiv, 64), Mudrik, Sudakov, Dovbik (Yaremçuk, 80).
Çexiya: Kovarj, Borjil (Zmrzlı, 70), Tsoufal, Kreyçi, Vitik, Provod (Qlojek, 58), Souçek, Şults (Kuxta, 90+1), Çerv, Xorı (Kliment, 70), Çernı (Linqr, 58).
Qollar: Çerv, 18 (0:1). Dovbik, 52-p. (1:1).
Vərəqələr: Xorı, 63. Kriskiv, 75. Çerv, 89. Kliment, 90+3. Linqr, 90+4 - sarı.
Hakim: Gilyermo Kuadra (İspaniya).
14 oktyabr. Vrotslav. 14734 tamaşaçı.

1. Çexiya 4 2 1 1 7-7 7
2. Gürcüstan 4 2 0 2 5-3 6
3. Albaniya 4 2 0 2 3-4 6
4. Ukrayna 4 1 1 2 5-6 4

16 noyabr: Gürcüstan – Ukrayna, Albaniya – Çexiya.

Seçilən
12
football-plus.az

1Mənbələr