AZ

Mahir Emreli “Nürnberq”də vurduğu ilk qolundan danışdı

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunun heyətində ilk qoluna imza atmasına şərh verib.

Arena.az xəbər verir ki, Almaniya 2-ci Bundesliqasının 9-cu turunun “Qroyter Fürt”ə qarşı keçirilən derbi oyunu Mahir üçün əlamətdar olub.

27 yaşlı futbolçu 4:0 hesabıyla qalib gəldikləri matçın 13-cü dəqiqədə 25 metrdən vurduğu gözəl qolla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub.

Oyundan sonra millimizin hücumçusu klubun mətbuat xidmətinə açıqlama verib: “Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir. Amma ən vacibi derbidə qazandığımız qələbədir. İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik.

Mahir Almaniyada ilk dəfə derbi matçına çıxması barədə də fikirlərini bildirib: “Biz bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Mən komandamız adına çox şadam ki, qələbə qazana bildik. Belə oyunlar xoşuma gəlir. Mən bir çox derbidə oynamışam. Həmişə emosiyalar olur. Bu matçlar bir qədər fərqlidir. Azarkeşlərə bu gün qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hisslərdir”.

Qeyd edək ki, Mahir Emreli bu oyunun 62-ci dəqiqəsində Benjamin Qollerlə əvəzlənib. Bu qələbə sayəsində “Nürnberq” xalını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze də derbidə qazandıqları qələbədən sonra fikirlərini bölüşüb. O, Mahir Emrelinin vurduğu ilk qolun işlərini asanlaşdırdığını bildirib:

“İlk qol işimizi asanlaşdırdı. Futbolçularımızın enerjisi, münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi”.

Almaniyalı mütəxəssis Mahir Emreli və Stefanos Tsimas tandeminin uğurlu alındığını vurğulayıb:

“Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik”.

Seçilən
4
1
arena.az

3Mənbələr