Azərbaycan Premyer Liqasının 10-cu turunun “Səbail”lə ev oyunu “Neftçi”nin baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Abasov “Neftçi”nin baş məşqçisi kimi milli çempionatda 30-cu qələbəsini qazanıb.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Yubiley Premyer Liqanın 10-cu turuna təsadüf edib. Paytaxt təmsilçisi doğma meydanda qarşılaşdığı “Səbail”ə qalib gəlib – 3:1.
Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə “ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.
Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olmuşdu.
Samir Abasov “Neftçi”ni bütövlükdə 60-cı oyuna çıxarıb. Komanda bu görüşlərdə 33 qələbə qazanıb, 13 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.