AZ

Sorağı sərhədin o tayından gələn qəhrəman: “Türk Harun”

Böyük Qafqazın cənub yamaclarında yerləşən Ərgünəş dağının ətəyində sönən qəhrəman ömrü…

O, təkcə ölkə daxilində deyil, hüdudlardan kənarda da düşmənin kabusuna çevrilmişdi. Peşəkarlığı, cəldliyi və cəsarəti ilə dəfələrlə düşmənin içinə sızaraq tapşırıqları qüsursuz yerinə yetirməyi bacaran kəşfiyyatçını ermənilər “Türk Harun” adı ilə axtarışa vermişdilər. Düşməni lərzəyə salan həmin qəhrəman Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş kəşfiyyatçısı, baş leytenant Harun Alqayevdir.

SİA-nın əldə etdiyi məlumata görə, AZƏRTAC-ın müxbiri Vətən müharibəsinin dördüncü ildönümündə şəhidin qardaşı, Vətən müharibəsi iştirakçısı Ceyhun Alqayev ilə həmsöhbət olub.

“Harun adının mənası qorxusuz, cəsur, parlayan deməkdir. O, qorxusuz bir döyüşçü idi, cəsarəti ilə də ad qazanmışdı, parlamışdı.

Hərbçi olmaq Harunun uşaqlıq arzusu idi. Hələ kiçik yaşlarından onun zəhmli baxışları, cəsarəti, dəqiqliyi gələcəyin qəhrəmanı olacağından xəbər verirdi. Bir də Harunun gözəl rəsm çəkmək qabiliyyəti var idi, bu da ona çox sonralar hərbi sahədə böyük uğur gətirdi...

Harunun lüğətində “bacarmıram”, “imkansız” kimi sözlərə yer yox idi. O, bütün əmrləri, tapşırıqları ən yüksək səviyyədə, özündən sonra heç bir iz buraxmadan yerinə yetirirdi. Onun nə zaman nə edəcəyi bəlli deyildi. Erməni və rus dillərini səlis bilməsi sayəsində düşmənin içinə rahatlıqla sıza, lazımi məlumatları əldə edib səssiz-səmirsiz geri dönə bilirdi. Dəfələrlə təkrarlanan bu hal artıq düşməni lərzəyə salmışdı. Düşmənin içinə çaş-başlıq düşmüşdü, onlar, demək olar ki, bir-birlərindən şübhələnirdilər. Harun onların qorxulu röyasına çevrilmişdi…”, - deyə C.Alqayev bildirib.

O, söhbətinə belə davam edib: “Harun xalqımızın başına gətirilən faciələrə şahid olaraq böyümüşdü. Uşaqlıqdan düşmənə qarşı içində yaranan qəzəbdən dolayı hərbçi olacağını deyirdi. Böyüyəndə də fikrini dəyişmədi. Çünki bir amalı var idi: düşməndən qisas almaq. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, ardınca Heydər Əliyev adına Hərbi İnstitutu müvəffəqiyyətlə bitirdi. Harun 2015-ci ildə leytenant rütbəsi alaraq Goranboy rayonunun “N” saylı hərbi hissəsində kəşfiyyat komandiri kimi xidmətə başlayıb. 2016-cı ildə isə həmin hərbi hissənin müşahidə kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib. Harun işinin peşəkarı idi. Həm düşmənin dilini bilirdi, həm dronla çəkilişlər edir və o zaman işğal altında olan torpaqlarımızda dəfələrlə kəşfiyyat apararaq, əl qabiliyyəti sayəsində onu xəritə şəklinə salırdı. Xəritədə düşmən mövqeləri, silah-texnika, canlı qüvvə barədə məlumatlar əks olunurdu. Çox maraqlıdır ki, o, kəşfiyyata düşmənin təsəvvürünə gətirə bilmədiyi yerlərdən asanlıqla gedib-gəlirdi və qarşı tərəf bundan duyuq düşmürdü. Xəbər tutanda isə artıq çox gec olurdu. Ona görə onu “Türk Harun” adı ilə axtarışa vermişdilər. Onu da qeyd edim ki, biz milliyyətcə avarıq. Harun adına avarlarda da, türklərdə də xeyli rast gəlinir. Təbii ki, torpaq hamımızındır. Ərazi bütövlüyümüzə istənilən təhdid olarsa, milliyyətindən, dinindən asılı olmayaraq bu ölkənin vətəndaşı olan hər kəs silaha sarılmalı, Vətənin müdafiəsinə qalxmalıdır. Azərbaycan çoxmillətli, tolerant ölkədir, burada istənilən millətin və dinin nümayəndələri mehriban, dostluq şəraitində yaşayır, bir-birinin adət-ənənəsinə hörmət edirlər. Bu, monoetnik Ermənistanın şovinist və işğalçı olduğunu bir daha sübut edir.

Heç kəsə sirr deyil ki, Ermənistan ordusunda fərarilik halları çox olduğuna görə onlar ölkəmizə qarşı təxribatlar, hərbi əməliyyatlar zamanı başqa ölkələrdən gətirdikləri muzdlu döyüşçülərdən istifadə edirdilər. Lakin onlar bunu nəinki danır, əksinə ordumuzun qarşısında uğradıqları hər bir məğlubiyyətdə Azərbaycanın muzdlu döyüşçülərin xidmətindən yararlandığı bəhanəsini ortaya atırdılar. Harun adına türklərdə çox rast gəlindiyinə görə onu Türkiyədən gələn zabit hesab edib “Türk Harun” adlandırırdılar. Ancaq hər kəsə məlum idi ki, Azərbaycanın kifayət qədər qəhrəman, cəsur döyüşçüləri var. 44 günlük savaşda da Azərbaycan Ordusunun hər bir mənsubu - sıravi əsgərindən zabitinə kimi dillərə dastan olacaq qəhrəmanlıq nümunəsi göstərdilər. Harun da onlardan biri idi...”

Şəhidin qardaşının sözlərinə görə, Harun ilk əsas sınağından – 2016-cı ildə Aprel döyüşlərindən üzüağ çıxmışdı. Bu isə onda stimul yaratmışdı və əsas müharibəyə hazır olduğundan tam əmin idi.

Heç zaman arxayınlaşmayan, gündən-günə bacarıqlarını təkmilləşdirən Harun 2018-ci ildə baş leytenant rütbəsinə layiq görüldü, 2020-ci ilin mart ayında isə kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin olundu. İki ay həmin vəzifədə çalışdıqdan sonra arzusunda olduğu xüsusi təyinatlı qüvvələrin sıralarına qoşula bildi. Bir müddət sonra aid olduğu heyətin baş kəşfiyyatçısı vəzifəsinin icrası ona tapşırıldı.

2020-ci il sentyabrın 27-də başlayan savaşı isə Harun çoxdan bəri gözləyirdi. Onun illər ərzində əldə etdiyi təcrübə savaş meydanında özünü göstərməli idi. Harun son sınağını da uğurla yerinə yetirdi. Təəssüf ki, Zəfər yolunun təməlini atanlardan olsa da, o yolu sonacan getmək nəsib olmadı…

Harunun öz qrupu ilə müharibənin ilk günlərindən Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlara qoşulduğunu deyən C.Alqayev bildirib: “Sentyabrın 27-də Harun öz qrupu ilə Kəlbəcər istiqamətində hücuma keçib. Çox şiddətli döyüşlərdən sonra Füzuli və Cəbrayıl rayonları istiqamətlərində hərbi əməliyyatlara qoşulublar. Burada qızğın döyüşə baxmayaraq, tapşırığı uğurla yerinə yetiriblər. Təəssüf ki, əldə etdikləri nailiyyətlər itkisiz başa gəlməyib. Qrup üzvləri arasında şəhid və yaralılar olub. Növbəti tapşırığa uyğun olaraq kiçik heyətlə Hadruta yol alıblar. Hadrut strateji ərazi olduğundan burada şiddətli döyüşlər gedirdi. Düşmən həmin qəsəbəni əldən verməmək üçün var qüvvəsini sərf etmişdi. Hadrutda Harungilin qarşısına 80-100 nəfərlik dəstə çıxıb. Harun və döyüş yoldaşları sayca onlardan az olsalar da, düşməni məhv edə biliblər. Lakin qısa zamanda düşmənin digər 150-200 nəfərlik heyəti qarşıdakı təpələrə düzülərək Harunun olduğu qrupu atəşə tutub. Elə bu zaman Harungilin olduğu təpənin aşağısındakı heyətimizə kömək lazım olub. Düşmən tez-tez həmin hissəyə hücum etdiyindən dəstək lazım imiş. Harunun döyüş yoldaşlarından biri köməyə getmək istəsə də qardaşım ona imkan verməyib. Özü aşağıda olan qrupun köməyinə gedib. Atəş açmaq üçün sürünərək düşməni görə biləcəyi yerə çıxıb. Qarşı tərəf güllələri yağış kimi yağdırırmış. Üzbəüz döyüşdə Harun iki namərdin gülləsinə tuş gələrək şəhadətə yüksəlib. Qardaşım oktyabrın 10-da Hadrutda əbədiyyətə qovuşdu. Harunun 1992-ci ildə Böyük Qafqazın cənub yamaclarında – Balakəndə parlayan ömür günəşi, 2020-ci ildə Ərgünəş dağının ətəyində – Hadrutda qürub etdi. O, oktyabrın 14-də Balakəndə Şəhidlər xiyabanında uğrunda canından keçdiyi Vətən torpağına tapşırıldı”.

Şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

“Harunun həyatında 14 rəqəmi mistik bir rol oynayıb. 14 iyulda doğuldu, 14 oktyabrda torpağa verildi. Ötən il 14 fevralda ailəmizdə kiçik Harun dünyaya gəldi. İnanıram ki, o, xarakteri ilə adının sahibinə bənzəyəcək, Harunun yolunun davamçılarından olacaq”, - deyə şəhidin qardaşı fikrinə yekun vurub.

Qeyd edək ki, şəhid baş leytenantın qardaşı Ceyhun Alqayev Vətən müharibəsinə könüllü yollanaraq manqa komandiri kimi Tərtər, Ağdərə istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib

Seçilən
5
1
sia.az

2Mənbələr