Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 34-cü turu çərçivəsində “Jeonbuk”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib və inamlı qələbəyə sevinib – 2:0.
Anton bu görüşün 85-ci dəqiqəsində meydana çıxıb. O, komandasının 90+4-cü dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə ilə yadda qalıb.
“Daejeon Hana Sitizen” 34 oyuna topladığı 38 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda 34 oyunda 9 qələbə qazanıb, 11 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 58 oyuna çıxıb, 2 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 39 matça çıxıb, 1 qola imza atıb.