AZ

“TeamGym” üzrə Avropa çempionatı: Qarışıq komanda yarışlarının mükafatçıları müəyyənləşib

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında yeniyetmələr arasında qarışıq komanda yarışlarının mükafatçıları bəlli olub.

AZƏRTAC xəbər verir ki, 5 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində qüvvələrini sınayıblar. 3 proqramın cəminə əsasən, 51.600 xal toplayaraq bütün rəqiblərini qabaqlayan İslandiya millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveç yığması 51.400 xalla gümüş, Böyük Britaniya komandası isə 50.800 xalla bürünc medala yiyələnib.

Danimarka (49.950) və Norveç (44.600) kollektivləri isə müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə ilk üç yeri tutan komandalara medal və hədiyyələr təqdim olunub.

Daha əvvəl yeniyetmə oğlanlardan ibarət komandalar arasında qaliblər müəyyənləşib. Danimarka (56.300) birinci, İsveç (53.550) ikinci, Norveç (52.700) isə bürünc medal qazanıb.

Bu gün həmçinin, qızlardan ibarət komandalar arasında mükafatçılar bəlli olacaq.

Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.

Seçilən
15
1
azertag.az

3Mənbələr