AZ

Dayısına "ata" deməli olan məşhur dramaturq: "Əl atıb qızlardan ən çəlimsizini..."

Teleqraf.com Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, dramaturq Əli Əmirli ilə müsahibəni təqdim edir.

- Əli müəllim, istərdim lap əvvəldən başlayaq - Ağdamdan. Ağdamlı illərinizi necə xatırlayırsınız?

- Mən Ağdamın Novruzlu kəndində dünyaya göz açmışam. Yeddi yaşımdan Ağdam şəhərinin özündə, dayım Məmməd Əmirovun himayəsində olmuşam, daha doğrusu, dayım məni oğulluğa götürüb. Ağdamın ən məşhur, ən nüfuzlu təhsil müəssisəsində - 1 nömrəli orta məktəbdə oxumuşam.

Xatirələr çoxdur, 75 yaşı adlamış yazıçının xatirələri isə lap çoxdur. "Ağdamda nəyim qaldı?" avtobioqrafik romanımda hər şey geniş təsvir olunub.

Ağdamla bağlı uşaqlıq xatirələrim 10 ili əhatə edir, 7-dən 17-yədək olan vaxtı. Bu 10 il çox uzaq bir yuxu kimi hardasa qəlbin, bəlkə də təhtəl-şüurun çox dərin qatlarındadır. Bu, elə bir hisslər yığınıdır ki, onları olduğu kimi sözə çevirmək mümkün deyil, məcbur olub danışanda, yazıya köçürəndə elə bil o həzin, kövrək, hətta qəmli-kədərli xatirələrin yaratdığı zəngin hisslər nəyisə itirir, emosional qat dayazlaşır, azalır, bəzən də bayağılaşır.

Həmin romandan sonra Ağdam xatirələrini danışmağa elə bir ehtiyac hiss eləmirəm, hətta təkrarçılığa yol verirəm, odur ki, çox vaxt belə suallardan qaçıram.

- Dayınız Məmməd Əmirli Ağdam Dövlət Dram teatrının aktyoru olub və uzun müddət bu teatrda direktor vəzifəsində çalışıb. Deməli, dayınızın tanınmağınızda rolu olub...

- Bu dünyada nə olursa olsun, özbaşına olmur, deməli, Bulqakovun qəhrəmanı Voland demiş, dünyada nə olursa, nə baş verirsə, onun səbəbi var, onun idarə eləyəni var. "Adamın başına kərpic səbəbsiz yerə düşmür". Niyə sənin sualına cavabımı bu ayaqdan başladım?

Haqqında danışdığımız mən Əli Əmirli Ağdamın Novruzlu kəndində o zaman üçün ortabab səviyyəli bir ailədə dünyaya göz açmışdım. İlk oğlan övladı kimi ailənin ən sevilən uşağı idim, ailədə hamı mənim canıma and içirdi. Və günlərin birində adı Ağdamla bir olan dayım Mamed Əmirov (o vaxtlar Məmməd yox, Mamed deyirdilər) övladsız olmasa da, məni oğulluğa götürmək fikrinə düşür. Təbii, belə qardaşın istəyinə qarşı çıxmaq mümkün deyildi, beləliklə, mən oluram Əli Məmməd oğlu Əmirov.

Taleyim, gələcəyim yüz səksən dərəcə dəyişir. "Papa" dediyim dayım 1948-ci ilə qədər mövcud olmuş Ağdam teatrının aparıcı aktyorlarından idi, yazmaq qabiliyyəti də vardı, 41-45-ci illər müharibəsi dövründə "Qana - qan" adlı pyesi Ağdam teatrında tamaşaya qoyulmuşdu.

Ağdam teatrı bağlanandan sonra papam rayon miqyasında yüksək rəhbər vəzifələrdə işləyib, amma teatr həmişə onun içində idi. Evdə teatr söhbətlərini çox eşidirdim. Kitab oxumağı sevirdim, ən çoxu da pyesləri oxuyurdum. Ağdama Bakıdan gələn teatrların bütün tamaşalarına vurğunluqla baxırdım. Yeddi yaşından on yeddi yaşına qədər belə bir teatral mühitdə yaşadım, təhsil aldım.

Əlbəttə, yazıçı, sonralar dramaturq olmağımın əsas səbəbkarı "papa" dediyim dayım Mamed Əmirovdur, amma qayıdaq Voland deyənə, heç nə elə belə, özbaşına olmur. İndinin özündə də, dramaturq taleyimdən söz düşəndə birinci Mamed Əmirovu xatırlayıram, həm də əsas səbəbkarı düşünürəm.

- Eşitdiyimə görə, Məmməd Əmirli Ağdam Dövlət Dram teatrında səhnəyə qoyulan “Vaqif” tamaşasında Şah Qacarı canlandırırmış. Səhnələrin birində qılıncı qınından çəkəndə ön sıradakı tamaşaçılar diksinib ayağa qalxıblar. Bu şəhər əfsanəsidi, yoxsa həqiqətən olmuş hadisədi?

- Əməkdar mədəniyyət işçisi Məmməd Əmirovun Qacarı haqqında çox rəvayətlər söylənib, söhbətlər olub o vaxtkı Ağdamda. Filosof Ziyəddin Göyüşovun "Həzz və iztirab" adlı fəlsəfi kitabı altmışıncı illər Ağdamında əl-əl gəzirdi. Həmin kitabda Mamed Əmirovun Qacarı haqqında bir neçə abzas yazı gedir.

Müəllif daha çox eşitdiklərinə əsaslanıb tamaşaçıların ağdamlı Qacarın oyunundan necə təsirləndiklərini qələmə alıb. Mən də o rəvayətləri çox eşitmişəm. Hamısı da 1948-ci ilə qədər oynanmış Qacara aiddir, amma rəvayət deyil, gördüyümü danışım: 1967-ci ildə yenidən Ağdamda dövlət teatrı yaradılanda raykomun 1-ci katibinin yadına salırlar ki, Mamed Əmirov bir vaxtlar aktyor olub. Deməli, teatrın direktoru ola bilər.

Beləliklə, Mamed Əmirov teatra direktor təyin edilir və az bir vaxtda teatrı yaradır. Çox keçmir, raykom katibinin istəyi ilə Qacar rolunda səhnəyə də çıxır. Bu, rayon miqyasında hadisəyə çevrilir. Mən papamı səhnədə aktyor kimi bircə dəfə 1977-ci ildə görmüşəm, o da Qacar rolunda. Maraqlıdır ki, Ağdamda yox, Şuşada.

Ailəmlə Şuşada istirahət evindəydim. Ağdam teatrı da Şuşaya qastrola gəlmişdi. Bax, onda mən kişini birinci və axırıncı dəfə səhnədə gördüm. Çox qəribədir ki, o boyda "Vaqif" tamaşasından yadımda qalan da bircə səhnədir: Qacar bədheybət qrimdə, zər-zibalı geyimdə, başında tac qəzəb və kinini soyutmaq üçün "Rəqqasələr gəlsin!" replikasını atır. Rayon teatrında o vaxtlar aktrisa qıtlığından rəqqasə keyfiyyətində səhnəyə çıxan sınıq-salxaq üç qız indi də gözümün qabağındadır.

Qızlar bir rəqs havasında səhnəyə varid oldular. Qəzəbli şahın qabağında elə bircə dəfə dövrə vurmuşdular ki, Qacar ceyran sürüsünü güdən şir kimi əl atıb qızlardan ən çəlimsizini qamarladı, az qala marçıltı ilə öpdü və xilas olmaq üçün çabalayan şikarını buraxmadan

"Deyirlər şirindir busənin dadı,

O da kor bəxtimə qismət olmadı!" -

deyib qızı var gücü ilə kulisə tulladı. Əgər o bədbəxt qız sağ qaldısa, nənəsi yəqin namaz üstdəymiş... Yəqin ki, mənim çox-çox sonralar - əlli il keçəndən sonra "Şah Qacar"ı yazmağımda bu köhnə xatirələrin müəyyən rolu olub.

- İlk kitabınız, necə deyərlər, ilk göz ağrınız “Bir qış günü” hekayələr kitabıdı. Bu kitab çap olunanda 31 yaşınız varmış. Bu yaşa qədər müxtəlif qəzet və jurnallarda hekayə, oçerklərinizlə çıxış edirdiniz. Amma, məncə, heç biri ilk kitab qədər qürurverici və sevindirici ola bilməzdi. 31 yaşlı Əli Əmirlinin yaşadığı bu sevinci necə xatırlayırsınız?

- Yaxşı olan hər şeyin ilki unudulmazdır. 1977-ci ildə "Bir qış günü" adı ilə "Gənclik" nəşriyyatında çıxan kitabı mən sənin dediyin kimi "göz ağrısı" adlandırmazdım. On beş min tirajla çıxan ilk kitabın maddi və mənəvi sevinci heç vaxt yaddan çıxmır. O vaxtlar nəşriyyatın baş redaktoru Ələviyyə Babayevanın məni nəşriyyata dəvət etməsi, kitabın ilk nüsxəsini təbərrük kimi mənə verməsi elə bir sevinc idi ki, bu cür sevinc hissini birinci qızımı qucağıma alanda keçirmişdim.

Nəşriyyatdan çıxıb trolleybusla iş yerimə gedirdim, bütün yolu heyrət və vurğunluqla kitaba baxır, onu səhifələyir, titulun arxasındakı şəklimə sevgi ilə baxırdım.

Yeri gəlmişkən, həmin kitabın nəşr edilməsində mənə "Adilənin taleyi" romanı ilə məşhurlaşmış sevilən yazıçı Əlfi Qasımovun və nəşriyyatın baş redaktoru görkəmli yazıçı Ələviyyə Babayevanın xüsusi rolu olmuşdu, özü də tam təmənnasız.

Ümumiyyətlə, uzun yaradıcılıq yolumda qarşıma həmişə xeyirxah, dürüst adamlar çıxıb. Belə olmasaydı ilk hekayələrim ölkənin ən nüfuzlu jurnalında işıq üzü görməzdi. Bu yerdə jurnalın nəsr şöbəsinin müdiri, o vaxtlar çox məşhur olan "Cərrahlar" kitabının müəllifi Ənvər Yusifoğlunu da xatırlamaq yerinə düşər.

- “Hasarın o üzü” , “M.S.S”, “Sevən qadın” pyeslərinin hər biri uğurlu işlərinizdi və səhnə həlli də tamaşaçılar tərəfindən sevilir. Bizə dərs keçəndə, yazıçılığın nə olduğunu başa salanda “gördüyünüz, bildiyiniz şeyi yazın” deyirdiniz. Elə bir əsəriniz varmı ki, onu yazanda özünüz bu prinsipə əməl etməmisiniz, amma çox uğurlu iş alınıb?

- Sizə dərsdə dediklərimin bir hissəsini "Ulduz" jurnalının baş redaktoru, unikal poetik istedadı olan Qulu Ağsəsin təklifi ilə yazdığım "Ustad dərslərində" sənədləşdirmişəm.

Həmin dərslərin paralel olaraq mənə çox doğma "525-ci qəzet"də dərc edilməsini də təşəkkür hissi ilə xatırlayıram. Sən deyən məsələyə gələndə, yaradıcılığın bütün növlərinə aid olan universal bir prinsipi yadına salım: həyat həqiqətinin bədii həqiqətə çevrilməsi.

Bəli, gördüyünü, bildiyini, yaşadığını yaz, amma unutma ki, sən gördüyünü sadəcə lentə alan fotoqraf deyilsən, yaradıcı insansan. Bu günün gənc yaradıcılarının ən çatışmayan cəhəti bu prinsipi unutmaları və ya ondan sərf-nəzər etmələridir.

- Söhbətimizə Ağdamla başladıq, Ağdamla da bitirək. “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanında öz uşaqlığınızı, ailənizi, Ağdamı çox gözəl təsvir etmisiniz. Romanı oxumuşam, amma istəyirəm ki, bu sualıma bir cümlə ilə cavab verəsiniz. Ağdamda nəyiniz qaldı, Əli müəllim?

- "Ağdamda nəyim qaldı?" romanı haqqında Cahangir Məmmədli, Vilayət Quliyev, Rəşad Məcid, Tehran Əlişanoğlu, Təranə Vahid kimi görkəmli söz və fikir adamları çox müsbət rəylərini bildiriblər. Qarabağ tarixini "Xallı gürzə" kimi parlaq bir romanla ədəbiyyatımıza gətirən dostum Mustafa Çəmənli isə roman haqqında yazdığı çox təsirli məqaləsini belə bitirir: "Ağdamda nəyim qaldı?" deyirsən. Romanın adını daşıyan bu sualın bu gün min bir cavabı var, sözün həm birbaşa, həm də müstəqim mənasında. Mənim isə sənin bu sualına bircə cavabım var:

Əli bəy, bizim Ağdamda nəyimiz qalmadı ki?!.


Müəllif: Zakir Həsən
Seçilən
56
50
teleqraf.com

10Mənbələr