İsrail ordusu ötən gecə Livanın paytaxtı Beyrutun cənubuna təşkil edilən hücumda ''Hizbullah''ın yüksək vəzifəli komandirlərindən Süheyl Hüseyn Hüseynini öldürdüklərini iddia edib.
İsrail ordusundan verilən açıqlamada İran və ''Hizbullah'' arasında silah transferi, paylanması və onların maliyyələşdirilməsindən Hüseyninin məsul olduğu iddia edilib.
Açıqlamada həmçinin Hüseyninin Livan və Suriyada ''Hizbullah''ın həssas layihələrinin logistikasının idarə edilməsindən məsul olduğu iddia edilib.
''Hizbullah'' məsələ ilə bağlı açıqlama verməyib.
2023-cü il oktyabrın 8-dən etibarən ''Hizbullah''la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bəri 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 2083 nəfər dünyasını dəyişib.
''Hizbullah'' lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
''Hizbullah'' isə İsrailə raket zərbələri endirərək cavab verir. Əsasən İsrail ordusunun bazalarını hədəf alan bu hücumlar nəticəsində ciddi itkilər qeydə alınmayıb.
İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində yurd-yuvalarından didərgin düşüb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir. On minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.