AZ

İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Prezident İlham Əliyevin Cəbrayıl Günü ilə bağlı sakinlərlə görüşündə ABŞ-ın ünvanına səsləndirdiyi irad və tənqidlər bəzilərinin təəccübünə və əndişəsinə səbəb olub. Əsas fikir isə ondan ibarətdir ki, Azərbaycan nə qədər ədalətsizliklə üzləşsə belə, dünyanın supergüclərinə qarşı sərt ritorikadan çəkinməlidir.

İrad “ABŞ Əfqanıstandan qaçdı” ifadəsi, o cümlədən Dövlət Departamentinə - Entoni Blinkenə birbaşa və açıq tənqidlərədir.

Görünür, bəzi ekspertlər bir neçə nüansı yaddan çıxarırlar:

- Dünya yenidən dizayn edilir, birqütblü dünya artıq geridə qalıb; hazırda regionların maraq dairələrinə bölünməsi prosesi gedir. İndi heç bir güc regional marağını təzyiq üzərində qura bilməz, xüsusilə Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanla. Azərbaycan bu mövqeyə çatmaq üçün iqtisadi, hərbi və siyasi gücünü artırıb, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır – istər Avropada, istərsə də regionda milli maraqlarını uzlaşdırdığı müttəfiqləri var, Türkiyə ilə strateji müttəfiqlik sənədi imzalayıb (Şuşa Bəyannaməsi) və ərazi bütövlüyünü qarant altına alıb, həmçinin dünyanın nüvə güclərindən Pakistanla ən üst səviyyəsində münasibətlər qurub.

Azərbaycan dünyanın yeni düzənində regional güc kimi çıxış edir və bunun etiraf və qəbul edilməsi üçün bütün variantlara əl atır;

- ABŞ regiona daxil olmağa çalışarkən ciddi səhvlərə yol verir, son illər “iqtisadi ekspansiya”dan siyasi-hərbi güc siyasətinə keçib: Ukrayna və Yaxın Şərq müharibələri bunun bariz nümunəsidir. Bu müharibələrlə ABŞ-ın “daha çoxunu” əldə etməsi ehtimalı yoxdur, əksinə, regional güclərin artan müqaviməti ilə üzləşir. Eyni ssenarinin Ermənistanda həyata keçirilməsi cəhdi isə daha böyük fiaskoya səbəb olacaq, çünki artıq Gürcüstan da ABŞ-ın hüdudsuz təzyiqlərindən bezib, yeni düzənə uyğun addımlar atır və region güclərlə münasibətlərini ABŞ-a qurban vermir. Əvəzində isə ABŞ-dan qeyri-adekvat cavablar alır – gürcü baş nazirin Bayden tərəfindən təşkil edilən qəbuldan adının silinməsinə qədər. Bu qeyri-normal təzyiqə Tiflisin cavabı adekvatdır və deməli, ABŞ ədalətsiz yanaşması ilə Cənubi Qafqazın faktiki olaraq iki dövlətini itirib: Cənubi Qafqazın əsas region ölkələri Türkiyə, Rusiya və İranla münasibətləri də bəllidir. Yalnız Türkiyə ABŞ-la NATO müttəfiqidir, amma Ankara-Vaşinqton əlaqələrinin heç də hamar olmadığı və bir çox məsələlərə baxışda dərin fikir ayrılıqları yaşandığı hər kəsə bəllidir.

Demək ki, Cənubi Qafqaz və regiona bağlı ölkələrdən yalnız Ermənistan qalır və ABŞ bu kiçik ölkəni maraqlarının hərbi-siyasi ifadəçisi olmaq potensialına “qaldırmaq” istəyir. Ancaq deyəsən Ermənistan iqtisadiyyatının 85%-nin, bütün enerji strukturlarının, dəmir yollarının, AES-in Rusiyanın əlində olmasından, Rusiya ilə öz dövlət büdcəsindən 2,5 dəfə artıq olan illik ticarət həcmindən, o cümlədən Ermənistanda Rusiyanın bazalarından, sərhədlərini rusların qorumasından “xəbərsizdir”. Ermənistan sadəcə, KTMT-də fəaliyyətini “dondurub”, Rusiyaya sanksiyaları dəlməklə milyardlar qazanır, eyni zamanda Qərbdən ciddi maliyyə dəstəyi əldə edir və ABŞ da Ermənistanın, deyəsən, Rusiyaya bu dəstəyindən o qədər də narahat deyil – səbəbi var!

- Hazırda bütün beynəlxalq hüquq, normalar, konvensiyalar çöküb, hər şeyi “vəhşi instikt” həll edir və bu proses yeni dünya nizamı formalaşana qədər davam edəcək. Bu vəziyyətdə ölkələr milli maraqlarını qorumaq üçün “beynəlxalq diplomatik davranış tərzi” də nümayiş etdirmirlər, hər şeyi öz adı ilə çağırırlar.

Vacib məsələlərdən biri də Prezident Əliyevin məhz indi bu məsələyə toxunmasıdır:

- ABŞ 2021-ci ildə Əfqanıstandan qaçıb və onun qaçdığını açıq tekstlə bir çox dünya lideri dilə gətirmişdi – İlham Əliyev isə bu mövzuya dünənə qədər toxunmamışdı;

- ABŞ Azərbaycana qarşı 907-ci düzəlişin tətbiqini hər il dayandırırdı, ancaq artıq 3 ildir ki, dayandırmır – İlham Əliyev məhz indi, 4 oktyabrda bu məsələyə çox sərt reaksiya verdi;

- ABŞ Nümayəndələr Palatası və Senatının Azərbaycana qarşı bu cür ədalətsiz və vicdansız müraciət-tələb qəbul etməsi ilk dəfə deyil və ABŞ hökuməti bu “müraciət-tələbləri” heç də həmişə icra etməyib. İlham Əliyev yalnız indi Konqresi deyil, Dövlət Departamentini, Blinkeni və ABŞ xarici siyasətini ən sərt şəkildə hədəf aldı.

Çünki bir aydan sonra ABŞ-da prezident seçkiləridir. Məsələ Trampın qalib gəlib-gəlməyəcəyi deyil, məsələ ondadır ki, Kamala Harris də qalib gəlsə, artıq Entoni Blinkenlə işləməyəcəyini elan edib.

Yəni Əfqanıstandan qaçan Baydendir – de-fakto 2 ay əvvəl fəaliyyəti “donub”, de-yure isə 1 aydan sonra səlahiyyəti bitir;

Ədalətsiz siyasəti aparan Dövlət Departamentinin rəhbəri Blinkendir – de-yure 1 aydan sonra səlahiyyəti başa çatır.

İlham Əliyev də məhz indi bu tənqidləri səsləndirməklə ABŞ-ın formalaşacaq yeni administrasiyasına mühüm mesaj verdi və onlardan mövcud yanlışlıqları düzəltməsi gərəkdiyini tələb etdi.

Digər tərəfdən, ABŞ-ın Ermənistan kartını Ukrayna və Yaxın Şərq, o cümlədən dünyanın digər bölgələrində Rusiya ilə alverə xərcləyəcəyi şübhəsizdir. Sadəcə, ABŞ Ermənistanı “baha satmaq” üçün ona “investisiya” yatırır – bu qədər bəsit!

Yeni administrasiyanın bu alveri tamamlayacağı, Tramp seçiləcəyi halda isə ümumiyyətlə Ermənistan kartdandan imtina edəcəyi ən real ssenaridir.

Yeri gəlmişkən, kiçik Corc Buş ABŞ seçkilərində namizəd olanda və onun seçilmək imkanlarının şübhəli olduğu bildiriləndə dövrün nəhəng siyasətçisi Heydər Əliyev ABŞ-da ata Corc Buşla qayıq səyahətinə çıxmışdı. Xatırlayanlanr varsa, o zaman da Heydər Əliyevin ciddi səhv etdiyi, Corc Buşun seçilməyəcəyi halda ölkəmizin zərbə altında qalacağı iddia edilirdi – həm də nəzərə alın ki, həmin vaxt Azərbaycan indiki kimi iqtisadi-siyasi və hərbi gücə malik deyildi, ərazisi isə işğal altındaydı.

Dünyanın bir çox düşüncə mərkəzlərinin proqnozlarından fərqli olaraq, Heydər Əliyevin hesablamaları yenə düz çıxdı: Corc Buş seçildi!

Qısacası, İlham Əliyev nəyi nə vaxt və necə etməyi çox yaxşı bilir, sadəcə, bizə onun nəyi nə vaxt necə etdiyini anlamaq qalır...

Seçilən
23
1
axar.az

2Mənbələr