AZ

Xese Rodriqes Eddi İsrafilovla eyni komandada - Rəsmi

Bu ilin yanvarında Braziliyanın “Koritiba” klubundan ayrılandan bəri işsiz olan ispaniyalı hücumçu Xese Rodriqes özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 31 yaşlı vinger bundan sonrakı karyerasını Malayziyada davam etdirəcək.

Təcrübəli futbolçu bu ölkənin “Johor Darul Tazim” klubuna keçib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.

Xese Rodriqes Madrid “Real”ının yetirməsidir. O, 2011-ci ildə cəlb olunduğu bu klubun əsas komandasında 5 il forma geyinib. 2016-cı ildə isə paytaxt klubu yetirməsini 25 milyon avroya PSJ-yə satıb. Amma Xesenin PSJ karyerası uğursuz alınıb. O, Paris təmsilçisində cəmi 18 oyuna çıxıb və 2 qola imza atıb. Bu üzdən də forvard daha çox digər klublara icarəyə verilib. İspan forvard “Las Palmas”, “Stok Siti”, “Betis” və “Sportinq”də icarədə oynayıb. 2021-ci ilin fevralında isə “Las Palmas” onu birdəfəlik heyətinə qatıb. Amma təcrübəli forvard 2022-ci ilin yayında İspaniya klubundan ayrılmağa qərar verib. O, bundan sonra yarım mövsüm Türkiyənin “Ankaragücü” klubunda oynayıb. 2023-cü ilin fevralında İtaliyanın “Sampdoriya” klubuna keçən vinger burada da cəmi yarım mövsüm duruş gətirib. 2023-cü ilin sentyabrından bu ilin yanvarına kimi “Koritiba”da çıxış edən ispan futbolçu bu komandada cəmi 6 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Xese Rodriqes İspaniyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas milliyə dəvət almayıb.

Sonda onu da xatırladaq ki, Malayziyanın “Johor Darul Tazim” klubunda Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov da çıxış edir. O, bu ilin yayında “Neftçi”dən azad agent kimi ayrıldıqdan sonra indiki klubu ilə 1 illik müqavilə bağlayıb. 32 yaşlı bu komandanın heyətində hələlik 3 oyuna çıxsa da, fərqlənə bilməyib.

Seçilən
15
arena.az

1Mənbələr