AZ

“Real”da Dani Karvaxal şoku

Madrid “Real”ının kapitanı Dani Karvaxal İspaniya La Liqasının 9-cu turu çərçivəsində baş tutan “Vilyarreal”la oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, meydan sahiblərinin 2:0 hesablı qələbəyə sevindiyi bu matçın sonlarında 32 yaşlı müdafiəçi topa zərbə endirmək istəyərkən uğursuz şəkildə rəqib futbolçu Pinoya toxunub.

Bu zaman Dani sağ ayağından ağır zədə alaraq yerə uzanıb. Oyunu davam etdirə bilməyən futbolçu meydanı xərəkdə və göz yaşları içində tərk edib. Dərhal xəstəxanaya aparılan ispan futbolçunun çarpaz bağlarının zədələndiyi və bir neçə ay meydana çıxa bilməyəcəyi qeyd olunur. Hətta Karvaxal üçün cari mövsümün erkən bitdiyi də iddia edilir.

Xatırladaq ki, Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
2
arena.az

3Mənbələr