AZ

Kitab sərgisi və xoruzdöyüşdürmə tamaşası

 

125-150 il əvvəl ermənilər bir yanı Avropa ölkələri, o biri yanı Moskva və Sankt-Peterburq şəhərinə dağılışıb universitetlərdə oxuyanda, kitablar yazanda, biz yerin təkindən çıxan qara və iyli mayeni xaricdə satmaqla, it boğuşdurmaqla, xoruz döyüşdürməklə, hamamda yatmaqla məşğul olmuşuq.

Varlılarımız torpaq sahələrini genişləndirməyi, yeni-yeni saraylar tikdirməyi, var-dövlətlərini, eləcə də hərəmlərinin sayını artırmağı düşündüyü zaman kasıblarımız da böyük külfətlərini necə saxlamağı, daşdan pul çıxarmağı, acından ölməməyi fikirləşiblər. Başqa dərd-sər olmayıb. Toplum olaraq 10-15 il sonranı Zərdabi kimi ziyalılardan başqa heç kəs düşünməyib.

Ermənilər anlayıblar ki, yeni əsrin tələbləri sırasında elm, savad, təhsil başda gəlir. Bizimkilər elə bilib ki, dünya belə gəlib, belə də gedəcək. Böyük maarifpərvərimiz Mirzə Fətəli Axundov yazdığı əsərlərin adını tutan olmayıb, özünü də din düşməni elan ediblər, vəfat edəndə hüzrünə iki cüt bir tək adam gəlib. Böyük ziyalımız, Füzulidən sonrakı ən böyük şairimiz Seyid Əzim Şirvanini saya slmayıblar, axırda da basabasa salıb öldürüblər.

Bizdə elə ədiblər, oxumuş adamlar tək-tək ikən ermənilərin oxumuşları, 5 dil bilən savadlıları böyük sarayların qapısından girib pəncərəsindən çıxıblar, əlaqələr qurublar, tanışlıqlar yaradıblar, özlərini Avropaya layiq “ziyalı xalq” kimi tanıdıblar. Biz “geridəqalmış, cahil Şərq xalqı” kimi tanınmışıq.

Dövranın dəyişdiyini sövq-təbii hiss edən, dövrün konyukturasına tez uyğunlaşan ermənilər məhz bu intuisiya və savadlarının sayəsində Tehrandan, İstanbuldan, Tiflisdən, Sankt-Peterburqdan axışıb, böyük perspektiv vəd edən Bakıya toplaşıblar. 1905-1918-ci illər arasında Bakıda ermənilərin nüfuzu, imkanı azərbaycanlılarınkından geniş və artıq olub.

Hətta Bakıda bolşevik inqilabına qoşulan və sonradan böyük vəzifə tutan ermənilər bizimkilərdən onqat çox və o qədər də fəal olublar. Stepan Şaumyanın başçılıq etdiyi hökumətdə - Bakı kommunasında 2-3 azərbaycanlı, 10-dan artıq erməni olub. Sovet Rusiyası 1920-ci ilin aprelində Azərbaycanı işğal edəndən sonra ta 1933-cü ilə qədər ölkəmizə cəmi iki azərbaycanlı, o da hərəsi 1-2 il olmaqla rəhbərlik edibsə, 2 erməni (Ruben Rubenov və Levon Mirzoyan) daha çox rəhbərlik ediblər. 1920-ci ildən 1933-cü ilə qədər ölkəmizin birinci şəxslərinin 9-u başqa millətlərdən olub.

Bu, nədən belə olub? Ona görə ki, savadlı adamlarımız olmayıb. 100 il əvvəl bu vaxtlar ölkədə ali təhsili olan milli kadrların sayı nəinki 100-ə, heç 70-ə də çatmırmış. Sonrakı illərdə vəziyyət bir az düzəlib. Ancaq yenə də ölkə əhalisinin 95 faizi yazıb-oxuya bilmirmiş.

Bizim ölkə, xalq olaraq pis durumlara düşməyimizin, ard-arda sıralanan məğlubiyyətlərimizin başlıca səbəbi sözün birbaşa mənasında kitabsızlığımız, savadsızlığımız olub.

Gerçək budur ki, bizi kütləvi şəkildə qəzet-kitab oxumağa bəyənmədiyimiz, çox zaman da haqlı olaraq söyüb-qarğadığımız sovet-bolşevik rejimi vadar edib. Özbaşına qalsaydıq, təhsil icbari olmasaydı, biz təhsildən, kitabdan kütləvi şəkildə uzaq olacaqdıq. Necə ki, son illərdə kitabdan, məktəbdən sürətli uzaqlaşma tendensiyası var. Əhalinin yarıdan çoxu təhsilin faydasızlığından danışır. İnsanların 99,99 faizi (abituriyent və tələbələr istisnadır, onlar oxumağa məcburdurlar) kitab oxumur.

Hələ bir də ölkədə kitab əleyhinə təbliğat aparılır və bu, gündən-günə şiddətlənir. Tezisləri də belədir: “Oxuyanlar ağ günə çıxıblar ki?”; “Bilsəydim, o qədər oxumazdım, kitablar evimizi yıxdı, reallıqdan uzaqlaşdırdı”; “Varlı adamların çoxu üst-üstə 3 kitab oxumayıb, amma milyonçudurlar”; “Oxuyub-oxuyub nə olacaqlar ki? Axırda gedib “Sədərək”də corab satacaqlar də”.

Metroda, dayanacaqda kitab oxuyanlara istehzalı təbəssümlə baxılan bir dövrə gəlmişik.

Buna görədir ki, küçədə bir telejurnalist mikrofon uzadıb, hansısa məsələyə dair rəyimizi soruşanda hıqqana-hıqqana qalırıq. Çünki ona cavab verməyə nə savadımız var, nə hazır fikrimiz, nə də düşündüyümüzü ifadə etmək üçün lazımi söz baqajımız. Leksikonumuz 4-5 yüz sözdən ibarətdir. Bunun xaricində bir ədəbi kəlmə, termin eşidəndə deyirik: “O nə deməkdir? Birinci dəfədir eşidirəm”. Halbuki hansısa sözü eşitmək lazım deyil, kağız üzərində - kitabda, qəzet-jurnalda görmək lazımdır.

Bu günlərdə EKSPO mərkəzində oxucu azlığından gileylənən naşirlərə cavab olaraq belə deyənlər var: “Oxumurlar, cəhənnəmə, gora oxusunlar”; “Siz bu işin başını buraxın, nəşriyyat o qədər başqa şeylər də buraxa bilər ki”.

“Başqa şeylər” deyəndə, yəqin ki, bukletlər, reklam materialları, toy dəvətnamələri, pankartlar-filanlar nəzərdə tutulur. Yəni kitab olmasa da olar.

Tutaq ki, kitabı kağız variantında alıb-oxumağa ərinirik, bəs onları telefon, kompüter və sair elektron cihazlar vasitəsilə oxuyuruqmu? Çox az. Əksərimiz o cihazlardan əyləncəli videolara baxmaq, oyunlar oynamaq, idman yarışları izləmək üçün istifadə edirik.

İcazə verilsətdi, it boğuşdurma, xoruz döyüşdürmə yarışlarına tamaşaya gələnlər kitab sərgisinə qatılanları onqat üstələyər.

 

 

Seçilən
12
musavat.com

1Mənbələr