AZ

Dosta güvən, düşmənə gözdağı: Prezident niyə o şəhəri seçdi? 

“Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə hər səfəri tarixi bir hadisədir. Çünki bu, sadəcə səfər deyil”.

Referans.az Globalinfo.az -a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezidentin Cəbrayıla səfəri və burada verdiyi mesajları şərh edərkən deyib.

Onun sözlərinə görə, İlham Əliyevin Cəbrayıl rayonuna səfəri xüsusi əhəmiyyət daşıyır:

“Prezidentin işğaldan azad edilən torpaqlara hər səfərində vətənəmizin bir parçası abadlaşır. İllər boyu yurd həsrəti ilə yaşayan insanlarımızın bir hissəsi qüdrətli dövlətimizin inşa etdiyi evlərə, öz torpaqlarına köçürlər, kəndlərimiz, şəhərlərimiz abadlaşır. 30 illik işğaldan sonra bizə böyük sevinc bəxş edən, azad olunan ilk şəhər məhz Cəbrayıl idi. Eyni zamanda bu şəhər xüsusi strateji coğrafiyada yerləşir.

Həm hərbi baxımdan, həm coğrafi baxımdan məhz Cəbrayıl Azərbaycanın inzibati sərhədləri içində çox əhəmiyyətli ərazidir. Arazboyu sərhədlərimizin bərpası, Xudafərin körpüsü milli yaddaş demək idi. Ona görə də Azərbaycan Prezidenti çıxışında məhz bu kontrası yaradaraq həm yaddaşımıza xitab etdi, həm də işğal müddətində dağıdılmış, azadlıqda isə yenidən inşa olunmuş Cəbrayılı müqayisə edərək dost və düşmənə mühüm mesajlar verdi. Prezident dedi ki, biz əsla yeni yaratdığımız Cəbrayılın təkrar erməni vandallarının müharibə, dağıntı meydanına çevrilməsinə icazə verməyəcəyik”.

Deputat bildirib ki, ölkə başçısının dedikləri təkcə ermənilərə deyil, həm də onların havadarlarına verilən mesajdır:

“Azərbaycan Prezidenti ermənilərin sürətlə silahlandırıldığını qeyd etdi. Amma Ermənistan rəhbərliyi unutmasın ki, 44 günlük müharibə vaxtı bir gün ərzində neçə dəfə xarici ölkə başçılarına zəng edib, yalvarırdılar. İlham Əliyevin mesajında verilən başqa bir mühüm məsələ ondan ibarət idi ki, İrəvanın silahlanması təhlükəsizliyimizi təhdid edəcək səviyyəyə qalxarsa, Azərbaycan dərhal tədbirlər görəcək. Ona görə də, biz Cəbrayılda bir daha müzəffər sərkərdə olaraq “Dəmir yumruğun” qətiyyətini yenidən gördük. Bu, Azərbaycan xalqına inam verir, dosta xoş mesaj, düşmənə isə gözdağı olur”.

Zaira Akifqızı
Globalinfo.az

Seçilən
15
referans.az

1Mənbələr