AZ

“Kalaşnikov” QP-46 lüləaltı qumbaraatan kompleksi hazırlayıb

Sentyabrın 24-26-da Bakıda keçirilən ADEX-2024 5-ci Yubiley Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “Kalaşnikov” konserni 40×46 mm-lik QP-46 qumbaraatan kompleksini ilk dəfə xaricdə təqdim edib. 2024-cü ilin avqustunda isə o, Rusiya ictimaiyyətinə təqdim olunub.

“Poliqon”un “Kalaşnikov” konserninə istinadən verdiyi məlumata görə, QP-46 adı QP (ГП – гранатомет подствольный – lüləaltı qumbaraatan) və 46 (gilizin uzunluğu mm-lə) abbreviaturasından əmələ gəlib (GP-46 Underbarrel Grenade Launcher – GP-46 UBGL).

QP-46 lüləaltı qumbaraatanı, lüləaltı qumbaraatanlar üçün kronşteyni olan Sovet/Rusiya istehsalı, eləcə də onların xarici lisenziyalı analoqları Kalaşnikov avtomatının bütün variantlarına (yəni Kalaşnikovun 7,62 mm AKM avtomatından 5,45 mm AK-12 avtomatlarına qədər) və ya təchizat dəstinə daxil olan modula – ayrıca silah kimi istifadə etməyə imkan verən əl tutacağı olan xüsusi ayrıla bilən qundağa birləşdirilə bilər.

Qumbaraatan düzünə və ya asma atəş üçün istifadə edilə bilər. Avtomata quraşdırılmış lüləaltı qumbaraatan, avtomatdan, o cümlədən PBS/PMS tipli (PBS-1 (ПБС-1 – прибор бесшумной стрельбы), ATQ (АТГ – автоматный тактический глушитель), PMS (ПМС — прибор малошумной стрельбы)) bütün növ quraşdırılma lüləağzı cihazlarla atəş aparmağa mane olmur.

Məlumat üçün:

– PBS-1 cihazı 7,62 mm-lik AKM, AKMN, AKMS və AKMSN modernləşdirilmiş Kalaşnikov avtomatlarından aşağı başlanğıc sürətli xüsusi “US” (“УС” – с уменьшенной начальной скоростью пули) patronları ilə səssiz və alovsuz atəş aparmaq üçün təyin edilib.

– ATQ cihazı 5,45 mm-lik AK74, AKS74, AK74M, AK105, 5,56 mm-lik AK101, AK102 və 7,62 mm-lik AK-103 və AK104 Kalaşnikov avtomatlarından atəş açarkən səsin və alovun azaldılması üçün təyin edilib.

– PMS cihazı atış səsinin intensivliyini azaltmaqla, atışın səs sahəsini dəyişdirməklə, həmçinin atışın parıltısının intensivliyini əhəmiyyətli dərəcədə azaltmaqla gecə və gündüz atıcının mövqeyinin maskalanmasını təmin etmək, atıcıya səsin təsirini azaltmaq üçün təyin edilib.

PMS və PBS cihazları arasındakı fərq ondan ibarətdir ki, avtomatlar (hücum tüfəngləri) ilə əlaqədar olaraq, PMS həm səsə qədər, həm də səsdən sürətli başlanğıc sürətinə malik patronlarla işləmək üçün təyin edilib. PBS isə yalnız səsəqədər (subsonik) US patronları ilə işləmək üçün nəzərdə tutulub.

Qumbaraatan 400 m-ə qədər məsafədə düzünə tuşlama ilə atəş açmaq, nöqtə və sahə hədəflərinə atəş açmaq, çiyindən və ya sığınacaqdan atəş açmaq üçün istifadə edilə bilər.

40×46 mm-lik QP-46 lüləaltı qumbaraatanı, “Kalaşnikov” Konsernində atıcı silahının baş konstruktoru Sergey Vladimiroviç Urjumtsevin rəhbərliyi altında konstruktor qrupu tərəfindən taktiki-texniki tələblərə və NATO döyüş sursatı standartlarının 40×46 mm LV mövcud çeşidinə uyğun olaraq eksklüziv xarici müştərinin maraqlarına uyğun olaraq 2023-2024-cü illərdə hazırlanıb.

Nümayiş edilənə qədər, onun Rusiya istehsalı atəş yığımları ilə istifadə edilməsindən söhbət getmir.

Qumbaraatan gilizli atəş yığımları üçün xəzinədən doldurulandır, yenidən doldurulması (gilizin çıxarılması) üçün qumbaraatanın plastiklə örtülmüş metal lüləsi sola və ya sağa əyilə bilər, yəni, qumbaraatan lüləni sola və ya sağa çevirməklə doldurulur. İdarəetmə elementləri (buraxma qarmağı, lülə rəzəsi və qoruyucu) təkrarlanandır, qumbaraatanın tutulmasından asılı olaraq sol və ya sağda istifadə etməyə imkan verir.

Qumbaraatan gövdəsinin sağ tərəfində 50, 100, 150, 200, 250, 300, 350 və 400 m-də nişangah markaları olan qatlanan yaylı ştamplanmış nişangah çərçivəsi var. Onun sağ tərəfində məsafələrə uyğun olaraq ağ emal ilə 1, 2, 3 və 4 rəqəmləri təkrarlanır.

Nişanalmanı asanlaşdırmaq üçün düşmənin boy fiquruna (1,7 m) olan məsafəni təyin etməyə imkan verən nişangah markasında mexaniki məsafəölçən də var. Məsafəölçənin nişangag markaları nişangah çərçivə markaları ilə eyni şəkildə işarələnib.

İki tərəfli qoruyucu tətiyi bloklamaq üçün xidmət edir və atış piktoqramı işarəsi ilə göstərilən iki mövqeyə malikdir: ağ rəngli çarpaz xətlə pozulmuş atəş yığımlı təhlükəsizlik (предохранитель) mövqeyi və qırmızı rəngli atəş yığımlı atəş (огонь) mövqeyi.

Modula qoşulma modulun özündə realizə edilmiş mexaniki rəzə ilə həyata keçirilir. Avtomata qoşulma Sovet (Rusiya) QP lüləaltı qumbaraatanları üçün standart olan qumbaraatan gövdə kronşteyninin kilidindən istifadə etməklə həyata keçirilir.

40×46 mm-lik QP-46 lüləaltı qumbaraatanının təchizat dəstinə qumbaraatan, modul, ləvazimatlar daxildir. Xarici müştərinin qundaq arxalığı, qumbaraatan üçün çanta, atəş yığımları üçün çantalar, ləvazimatlar üçün çantalar üçün heç bir tələbi olmadığı üçün onlar hazırlanmayıb.

Gövdənin sağ tərəfində məmulatın adı (QP-46) və onun seriya nömrəsi şəklində işarələr var, burada ilk iki rəqəm nümunənin istehsal edildiyi ili göstərir.

Qumbaraatanın əsas taktiki-texniki xüsusiyyətləri:

– çapı – 40 mm

– uzunluğu – 380 mm

– çəkisi – 1,6 kq

– nişangah atəş məsafəsi (50 m artımlarla) – 400 m

– atəş tezliyi – 5-6 atəş/dəqiqə

– zəmanət resursu – 400 atış

462054695 462129722 462192140 462242892

Əhəd Vahidoğlu

Seçilən
16
poliqon.az

1Mənbələr