AZ

Cəbrayılın azadlığı ilə başlayan ŞƏRƏF TARİXİMİZ

Dövlətçilik və Vətən tarixinin ən şanlı səhifəsi olan Zəfər Savaşının ilk xoş müjdəsi 4 oktyabrda Cəbrayıl şəhərinin düşmən işğalından azad olunması idi. İkinci Qarabağ savaşının 7-ci gününə təsadüf edən bu tarixədək onlarca kəndlər ordumuzun nəzarəti altına keçmişdi. Ancaq bir şəhər olaraq Cəbrayılın azad olunması xüsusi önəm daşıyırdı. Bu, yalnız hərbi-coğrafı baxımdan stateji bir uğur deyildi, həm də 200 illik tariximizdə ilk dəfə işğal olunan bütöv bir yurd yerimizin azad olunması baxımından böyük hadisə idi.

Bu fikirləri Cəbrayılın işğaldan azad olunmasının 4 illiyi və Şəhər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Qərbə verdiyi mesajları və ABŞ konqresmenlərinin anti-Azərbaycan mövqeyini şərh edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı İnterpress.az-a açıqlamasında səsləndirib.

Millət vəkili bildirib ki, Azərbaycan Silahlı Qüvvələriinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, fədakarlıq, rəşadət sayəsində Cəbrayıl şəhərinin azad olunması xalqda özünə inam, qələbə coşqusu yaratmaqla yanaşı həm də yeni şərəf tarixinin başlanğıcını qoydu.

“Məhz Cəbrayılın azad olunmasından sonra Müzəffər Ordumuzun zəfər yürüşü daha sürətlə getmiş və döyüş meydanında ard-arda qələbələr qazanılmışdır. Bu mənada Şuşanın azad olunmasına – Böyük Zəfərə gedən yol məhz Cəbrayıldan başladı və 4 il sonra bu şəhərdən Azərbaycan Prezidentinin xalqa və dünyaya verdiyi mesajlar qalib komandanın, qurucu liderin verdiyi mesajlar idi. Çünki 4 il əvvəl Müzəffət Hərbi Komandan kimi zəfər savaşına rəhbərlik edib düşmənin bütün işğalçılıq planlarını alt-üst edən İlham Əliyev bu gün yenidən qurulan, abadlaşan Cəbrayıl şəhərindən gələcəyə gedən yolun istiqamətlərini göstərmiş oldu.
Düşmənlə keçmiş təmas xəttinə yaxın olan rayon kimi Cəbrayıl qısa müddət ərzində minalardan təmizləndi və genişmiqyaslı infrastruktur layihələrinin icrasına başlandı.

Bu gün Cəbrayıl şəhərində inşa edilən gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü, həm də keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmədiyini göstərir.
Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmayıb.
Bölgənin və dünyanın hərbi-siyasi konfliktlər, iqtisadi böhran içində olduğu bir zamanda Azərbaycanın tək sabitiliyi qorumaqla kifayətlənməyib, işğal dönəmində darmadağın edilən ərazilərdə heyrətamiz quruculuq işləri aparması dövlətin gücünün bütün dünyaya təsdiqidir”, – deputat bildirib.

Daha sonra T.Rüstəmxanlı Ermənistanın havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyasının boş sözlərdən ibarət olduğunu qeyd edib.

“Qafqazı hərb meydanına, işğal etdiyi əraziləri xarabalığa, narkoticarət və beynəlxalq terror məskəninə çevirən Ermənistana qarşı 30 il ərzində bir dənə də olsun sanksiya tətbiq etməyən, onlara “gözün üstə qaşın var” deməyən anti-Azərbaycan qüvvələri bu gün dövlətimizin uğurlarını da həzm edə bilmirlər.
Zaman-zaman erməni işğalını əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni etdilər. Amma Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordu və xalq ittifaqı bütün planları alt-üst etdi.

Ölkəmizə qarşı olan düşmənçilik siyasəti bu gün də dayanmır. Cəbrayıl şəhərinin işğaldan azad olunduğu günün ildönümü ərəfəsində Amerika Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciəti də bu siyasətin tərkib hissəsidir.
Sadəcə, artıq bütün məkrli niyyətlərə qarşı güclü Azərbaycan dövləti var. Heç kim, heç bir qüvvə dövlətimizi öz yolundan çəkindirə bilməz. Bu mənada Azərbaycan Liderinin Cəbrayıldan verdiyi “ Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik” mesajı dövlətimiz və millətimiz naminə gərəkən hər bir addıma hazır olduğumuzun təsdiqidir.

Artıq tarixi Azərbaycan özü yazır! Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyev qarşıya daha bir milli məqsəd qoyub – azərbaycanlıların öz tarixi torpaqlarına, Qərbi Azərbaycana qayıtması. Ona görə də əminliklə demək olar ki, hazırda uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramı çox tezliklə bir vaxtlar deportasiya edilmiş azərbaycanlıları öz tarixi torpaqlarına – Qərbi Azərbaycana qayıdışına yol açacaq!
Biz Prezident İlham Əliyevin qətiyyəti ilə tarixi yurd yerimizə qayıdacağıq, Qarabağa qayıtdığımız kimi. O gün uzaqda deyil”, – Tənzilə Rüstəmxanlı vurğulayıb.

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr