AZ

Alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib

Vulf Dorn: Bütün əsərlərin ilk səhifəsini yazmaq ən çətin məqamdır

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dünya səviyyəli alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə oxucuların suallarını cavablandıran yazıçı əsərləri yazmağa başlayanda psixiatriya xəstəxanasında işlədiyini, müəyyən nüanslarda xəstələrdən, onların həyat hekayələrindən ilhamlandığını deyib. O, əsərlərində reallıqları göstərməyə çalışdığını qeyd edib.

“Əsərlərimdəki adlar ölkələrə görə dəyişir. Əsasən tarixi yazıçıları sevirəm. Müasir yazıçılardan Stiv Berrinin adını çəkə bilərəm. Hər oxuduğum yazıçıdan nəsə öyrənirəm. Ona görə də mən onların hamısını sevirəm.

Bütün əsərlərin ilk səhifəsini yazmaq ən çətin məqamdır. Çünki sən oxucularına vəd verirsən ki, xüsusi bir əsər yazacaq, fərqli bir atmosfer təqdim edəcəksən. Həmin atmosferin yaradılması daha çox ilk səhifədən asılıdır. Əgər ilk səhifən uğurlu olsa və oxucunun diqqətini çəksə, onlar yenə sənin əsərlərini oxumağa davam edəcəklər. Əks halda oxucularını itirə bilərsən. “Ən çox çətinlik çəkdiyin əsərin hansıdır?” sualına cavab olaraq deyə bilərəm ki, həmin prosesi hazırda üzərində işlədiyim əsərdə yaşayıram. Çünki orada çoxlu obrazlar var və mən onları oxuculara necə düzgün təqdim edəcəyimi düşünürəm”, - deyə yazıçı bildirib.

Daha sonra imza saatı təşkil edilib.

Sərgi çərçivəsində oktyabrın 6-da da yazıçının Baku Ekspo Mərkəzdə saat 15:00-da oxucularla görüşü təşkil ediləcək.

Seçilən
16
3
azertag.az

4Mənbələr