AZ

Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Azərbaycan Milli QHT Forumu (AMQF) tərəfindən QHT-lərin iştirakı ilə “Sağlam həyat tərzinin təbliği, piylənmə və artıq çəki probleminə qarşı maarifləndirmə” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bariatrik və Metabolik Cərrahlar” İctimai Birliyinin sədri Tariyel Ömərov “Piylənməyə qarşı tibbi və sosial tədbirlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimat iştirakçı QHT nümayəndələrinin böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.

T.Qasımov piylənmə və artıq çəkinin törətdiyi fəsadlar, insan orqanizminə mənfi təsirləri barədə məlumatlılığın artırılmasının önəminə toxunub.

AMQF-nin İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu yaxınlarda Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və AMQF-nin iştirakı ilə səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-nin rəhbər şəxsləri ilə Bakı Biznes Mərkəzində görüş keçirilib. “Piylənmə, gənclər arasında tütünçəkmə, spirtli içkilər əleyhinə təbliğatın gücləndirilməsi, bu mövzularda ictimai müzakirələrin təşkili, sağlam həyat tərzinin, bədən tərbiyəsinin geniş təbliği artıq sosial sifarişdir. Bu gün piylənmə əleyhinə keçirilən tədbir AMQF-nin sağlam həyat tərzinin təbliğinə dair başlatdığı silsilə tədbirlərin ilkidir. Açıq hava məkanlarında bu istiqamətdə ardıcıl aksiyalar üçün hazırlıq işlərimiz başlayıb”, - deyə R.İskəndərli əlavə edib.

O xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə gənclərlə görüşlərində, hətta hökumət üzvləri ilə müşavirələrində fiziki aktivlik mövzusuna toxunub, bu istiqamətdə faydalı tövsiyələr verib.

Seçilən
14
1
azertag.az

2Mənbələr