AZ

“Qarabağ”ın bu qədər zəif oynamasının səbəbi nədi? - Arif Əsədov izah etdi

“Qarabağ” avrokuboklardakı ardıcıl 4-cü ev oyununda uduzmaqla azarkeşlərini üzdü.

Ümumiyyətlə, çempion srağagün qətiyyən özünə bənzəmədi. Nə qələbə əzmi var idi, nə də həvəs, motivasiya. Qeyd-şərtsiz demək olar ki, Azərbaycanın futbol ictimaiyyəti böyük şok yaşadı. Təsadüfi deyil ki, oyundan sonra sosial şəbəkələr həyəcan və heyrət qarışıq mesajlarla dolub-daşdı.

Komanda Çempionlar Liqasından sonra Avropa Liqasına psixoloji cəhətdən köklənə bilmir? Ümumiyyətlə, “Qarabağ”ın bu qədər zəif oynamasının səbəbi nədi?

Arif Əsədovu dinləyək:

“Məğlubiyyətə müxtəlif səbəblər gətirmək olar. Düzdü, "Qarabağ"da eniş var. Təbii ki, hər bir komandada baş verə bilər. Fikrimcə, əsas səbəb zədəlilərlə bağlı problemdi.
Xüsusilə də bir neçə əsas oyunçunun yoxluğu özünü göstərir. Üstəlik rəqiblərin durumu ilə "Qarabağ"ı müqayisə etsək, fərqi görərik. Məsələn, "Malmö" artıq 25 çempionat oyunu keçirib. Oturuşmuş və çox gözəl oyun nümayiş etdirdi. Bu amil də rol oynayır. "Qarabağ" hələ 7 çempionat oyunu keçirib. Çempionatda bir heyətlə, Avropa Liqasında başqa heyətlə çıxış edir. Bütün bunlar oyuna təsir edir.

Fikrimcə, əsas amil zədəlilərin varlığı, heyətdə qeyri-sabitlik yaratmasıdı. Bəzi oyunçuların, xüsusən fərdi olaraq bir neçəsinin formada olmaması da var. Məsələn, Zubir, Andrade, xüsusilə də orta sahə oyunçularının formasından uzaq olması "Qarabağ"ın oyununa təsir edir. Bu oyunda "Qarabağ" orta sahədə uduzdu. Amma ən güclü oyunu orta sahə futbolçuları yaxşı formada olanda göstərirlər. Xüsusilə də vingerlər. Yəni "Qarabağ"ın bütün oyunu cinah yarımmüdafiəçiləri üzərində qurulur. İstər Zubir, istər Andrade, Veşoviç, Elvin Cəfərquliyev olanda oyuna təsir edir. Sağ tərəfdə Veşoviçin yoxluğu, Andradenin yaxşı formada olmaması birinci amildi. Sol tərəfdə ən yaxşı formada olan Elvin Cəfərquliyevdi. Amma Zubir o formada deyil.

Qısası, komanda eniş yaşayır. Bu da ayrı-ayrı futbolçuların performansından aşağı səviyyədə çıxış etməsi və zədəlilər ilə bağlıdı. Amma "Qarabağ" belə durumlarla çox üzləşib. Mənə elə gəlir ki, dediyim zədəlilər qayıdandan sonra "Qarabağ"  komanda şəklində formaya düşəcək. Hələ qarşıda çox oyun var, xallar qazana biləcək”.

RÖYANƏ OĞUZ
Seçilən
20
football-plus.az

1Mənbələr