AZ

Türkiyəli ekspert: Ermənistanın Müstəqillik Bəyannaməsi preambulasından imtina etməsi regionda sülhə aparan yoldur

Türkiyəli

Ankara, 5 oktyabr, AZƏRTAC

Azərbaycanla razılaşmaların təsdiqində Ermənistan Konstitusiya Məhkəməsinin mexanizmlərindən istifadə olunması regionda uzunmüddətli sülh və sabitliyin perspektivləri ilə bağlı rəsmi Bakının mövqeyinin əsaslı olduğunu təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer bildirib.

O, diqqəti Ermənistan Konstitusiya Məhkəməsinin Azərbaycanla dövlət sərhədinin demarkasiyası üzrə komissiyaların iş prinsiplərini tənzimləyən əsaslarla bağlı son qərarına çəkib və bildirib ki, bu, ilk baxışdan Müstəqillik Bəyannaməsinin hüquqi əhəmiyyətini aşağı salır.

AVİM eksperti Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə kağız üzərində qalan Türkiyə-Ermənistan protokollarının taleyini xatırladıb. O deyib: “Tarix göstərir ki, sülh prosesinə maneə yarada biləcək amil məhz Ermənistan Konstitusiya Məhkəməsidir”.

Ekspertin sözlərinə görə, regionda sülhə aparan yol Ermənistan Konstitusiyasında bu ölkənin Müstəqillik Bəyannaməsi preambulasının rədd edilməsidir. “Əsas Qanunla Müstəqillik Bəyannaməsi arasında heç bir əlaqənin olmadığına dair aydın hüquqi qərara gəlməyincə, Ermənistan Konstitusiya Məhkəməsinin qərarları öz məzmunundan asılı olmayaraq Cənubi Qafqazda sülhün gələcəyi ilə bağlı şübhələri aradan qaldırmayacaq”, -deyə Tecimer vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin olmaması regional sabitliyə ciddi çağırışlardan biri olaraq qalır. Ona görə də Bakı ilə İrəvan arasında sülh məsələsi, o cümlədən dövlət sərhədinin delimitasiyası beynəlxalq əhəmiyyət kəsb edir.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Adana

Seçilən
22
azertag.az

1Mənbələr