AZ

Qvardiola: “Mən sadəcə məşqçi yox, bu klubun bir hissəsiyəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablandırmaq istəməyib.

Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq suala qarşılığını təqdim edir:

“Mən bu mövzunu müzakirə etmək fikrində deyiləm. Olması gərək olan da, baş verəcək.

Mən bu klubun bir hissəsiyəm, sadəcə məşqçi deyiləm. Bu, həmişə belə olacaq, çünki mənim kluba münasibətim, onunla işlədiyim ilk gündən mənə olan münasibətindən fərqlənməməlidir”, deyə “Pep” vurğulayıb.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 482 oyun keçiriblər, 356 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1224:433 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Seçilən
20
arena.az

1Mənbələr