AZ

Cəbrayılda itən yaylıq – Zahidi dünyaya gətirən mələyi kim gördü? - REPORTAJ

İlk dəfədir, Cəbrayıl adını eşidəndə məktəbli gündəliyimizin arxasındakı işğal tarixləri əks olunan o miskin sütun ağlıma gəlmir. Yadımdadı, tarixləri unutmamaq üçün hərəmiz beynimizdə bu rəqəmləri bir cür kodlaşdırmışdıq. Cəbrayılla Füzuli eyni gündə işğal olunub, 23 avqust, yəni, mənim ad günümdən altı gün əvvəl. Vəssalam, heç vaxt yadımdan çıxa bilməzdi.

Bu yazıya başlayanda bir zamanlar əzbərlədiyim tarixi unutduğumu gördüm. Çünki Cəbrayıldan qayıdırdım, azad şəhəri görmək qismət olmuşdu. İndi beynimdə o işğal tarixini şəhərin azadlıq günü əvəz eləmişdi – 4 oktyabr, müəllimlər günündən bir gün əvvəl.

İlk dəfədir, Cəbrayıl adını eşidəndə ağrı, acı, köçkünlük, qaramat, işğal həsrət kimi ağır sözləri xatırlamıram, şəhərin adının necə yarandığı barədə düşünürəm. Cəbrayıl adının həm də, İslam dininə görə, Allaha ən yaxın mələklərdən birinin “Ruhul-qüds”, yəni pak ruhun adı olduğu yadıma düşür. Bu fikirlərin ağuşunda Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsertin səhnəsində xanəndə, Əməkdar artist Zahid Quliyevi görüb təəccüblənirəm. Uzun illər Almaniyada yaşayan sənətkarın dədə-baba yurduna qədəm qoyduğunu görəndə şəhərin adı ilə mələyin adının eyni olduğu təzədən sehrli bir uyğunluq kimi ağlıma gəlir.

Zahid qəlbən dünya malında gözü olmayan və axirəti düşünən möminə deyilir. Mələk Cəbrayıl zahidi dünyaya gətirdi – Cəbrayıl şəhəri Zahid Quliyevi Vətənə gətirdi. Cəbrayıl şəhərinin azad olunması, Cəbrayıl Şəhər Gününün təsis edilməsi və təntənəli şəkildə qeyd olunması, Mədəniyyət Nazirliyinin Zahid Quliyevi bu tədbirə dəvət etməsi milli, azərbaycanlı zahid obrazını yaratdı. Yalnız axirəti düşünməyən, bu gününü, ölkəsini, Vətənini düşünən zahid – Vətənə qayıdan Zahid Quliyev. Mən o mələyi gördüm.

***

Heydər Əliyev adına Hava Limanında uçuş vaxtını gözləyərkən Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyevanı görürəm. Ani olaraq Xanın oxuduğu “Mən gedirəm Zəngilana” mahnısını “Mən gedirəm Cəbrayıla” sözləri üstə zümzümə edirəm.

Cəbrayıl Şəhəri Günü münasibətilə Cəbrayıla yollanan mədəniyyət adamlarının çoxunun cəbrayıllı olduğunu yəqinləşdirib üzlərindəki təbəssümü, reaksiyalarını, davranışlarını müşahidə etməyə çalışıram.

Təyyarənin pəncərəsindən kiçilən Bakının Xəzərin sahilində necə məğrur dayandığını düşünürəm və Bakının 30 illik dözümünə görə ürəyimdə paytaxtımıza minnətdarlıq edirəm.

Füzuli Hava Limanında tanınmış yazıçı Elçin Hüseynbəyli onların avtobusunda getməyimi təkid edir: “Ola bilsin, bizim kəndimizdən – Mahmudludan keçdik, gəl, bizim avtobusla gedək”. Media nümayəndələrinə ayrılmış avtobus ayrı olduğu üçün “Cəbrayılda görüşənə qədər” deyib sağollaşıram.

“Qafqazinfo”nun əməkdaşı Telli Minbir əslən Füzulidən olan mərhum sənətkar İslam Rzayev haqqında yazdığım yazını xatırladır. Onun “Füzulim” mahnısını “Youtube”də tapıb səsləndirirəm. İstəyirəm, Füzulinin dağı, daşı, dərəsi, torpağı, havası öz xanəndə oğlunun səsini eşitsin. Təkcə insan yox, torpaq da səsə tamarzı qalır... Həmin mahnının sözləri qulağımda cingildəyir:

Orda əsarətdə dağlar qalıbdı,

Yolların qolları bağlar qalıbdı,

Orda “Zabul Segah” ağlar qalıbdı,

Dolanım başına, Füzulim mənim.

Media komandası Füzulidə ləngidiyindən Ramilə Qurbanlı ilə birgə dolaşmağı, Füzulidəki yaşayış kompleksinin həyətini gəzməyi qərarlaşdırırıq. Uzaqdan yeddi-səkkiz ahıl kişinin yığışıb məhlədə nərd, domino oynadığını, şirin söhbət elədiyini görürük. Onların arasında usatdlar ustadı, el arasında Zabul Ağabala deyə çağırılan mərhum sənətkar Ağabala Abdullayevin oğlu, xanəndə Nizami Abdullayev də var. Nizami Abdullayevi görəndə “Orda “Zabul Segah” ağlar qalıbdı” misrasını xatırlayıram və bu misranın tarixə qovuşduğuna görə yenidən sevinirəm.

Ağsaqqallarla söhbətləşirik, əhvallarını, məşğuliyyətlərini xəbər alırıq. Məlum olur ki, hər biri təqaüdçüdür. Aralarında uzun illər hərbçi olmuş biri “Bu yerlərə öyrəşə bilirsiz?” sualını eşidib əsəbiləşir və bir az da ərkyana cavab verir: “Biz 30 ildi bu günün həsrəti ilə yaşayırıq. Öyrəşə bilirsiz nədi? Bir sual verəndə fikirləş”.

Haqlı olduğunu başa düşüb üzr istəyirəm. Yazıçı Seyran Səxavətə zəng edirəm, Füzulidə olduğumuz biləndə özünəməxsus tərzdə, ev yiyəsi ədası ilə “Nə lazım olsa de, sənə qulluq eləsinlər” deyir. Cəbrayıla yola düşəcəyimizi deyib sağollaşıram.

Füzulidən üzü Cəbrayıla gedəndə ilk dəfə yol anlayışının nə olduğunu tamamilə dərk edirəm. Yolların məmləkətləri qovuşduran əzəmətini başa düşürəm. İlqar Əlfioğlunun “Yollar dünyanın damarlarıdır” cümləsindəki damar sözünün yola necə tən gəldiyinin şahidi oluram.

Bu yol məni və dostlarımı Cəbrayılın mərkəzindəki təntənəyə qovuşdurur.

Cəbrayıl bayramı... Cəbrayıl Şəhəri Günü böyük bəstəkar Vasif Adıgözəlovun “Bayram” süitası ilə başlayır. Bu an qonaqlar arasında Vasif Adıgözəlovun oğlu, Zülfi Adıgözəlovun nəvəsi Yalçın Adıgözəlovu da görürəm.

Konsertdə tanınmış müğənnilərlə yanaşı, Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Renesans” uşaq xoru, “Sazəndə” aşıqlar qrupu çıxış edirlər. Bütün ifalar, çıxışlar özündə Cəbrayılı ehtiva edir. “Adamın ürəyi açılır” sözü bu məqamda öz təyinatına qovuşur. Mədəniyyət Nazirliyinin belə düşünülmüş və yerində olan proqram tərtibatçılığına böyük təşəkkür düşür.

Konsertdən sonra geri qayıtmağa hazırlaşarkən qarşıda addımlayan Xalq artisti Mehriban Zəkinin yaylığı yerə düşür və özünün bundan xəbəri olmur. Bunu görən digər Xalq artisti Sabir Məmmədov addımlarını itiləşdirir, yaylığı yerdən götürüb sahibinə təqdim edir. Bu mənzərəni görəndə Xan Şuşinski ilə Şövkət Ələkbərovanın duet oxuduğu “Yaylıq” xalq mahnısını xatırlayıram. Bu gün Zülfi Adıgözəlovu, Ağabala Abdullayevi, Xan Şuşinskini xatırlamışdıqsa, sonda belə bir final olmalı idi. Mahnıda qızın dilindən deyilir ki, “səndədirsə, ver yaylığı, yaylıq salar ayrılığı”.

Sabir Məmmədov yaylığı Mehriban xanıma verəndə cəbrayıllıların bu yerlərdən əbədi ayrılmamağını arzulayıram.

Yaylıq sahibinə çatmalı idi...

Mələk Cəbrayıl pak ruhdursa, şəhər Cəbrayılı paklandırmaq missiyası elə müəllimlər günündən bir gün qabaq, böyük dərs kimi həyata keçirilməli idi. Bu torpağı azad edən oğulların müəllimlərinin bayramında ötən günün sevincini bölüşmək müqəddəs məsələdir.

Neçə-neçə fərəhli günlərə...

Seçilən
8
apa.az

1Mənbələr