AZ

Marketlərdə ərzaqla yanaşı heyvan qidaları, hətta diri heyvanların özləri satılır...

Image

Eyyub Hüseynov: “Heyvan yemləri bu qidalar üçün nəzərdə tutulan xüsusi mağazalarda satılmalıdır”

 Bakıda marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsulları da satılır. Maraqlı məqam ondan ibarətdir ki, marketlərdə ərzaq məhsullarının yaxınlığında heyvan qidaları da satılır. Əsasən quş, balıq, tutuquşu, xomyak və it yemi satılır. Bəzi marketlərdə isə ərzaq məhsullarının yaxınlığında heyvan yemi ilə yanaşı, diri heyvan da satılır. 

Maraqlıdır, marketlərdə ərzaq məhsullarının yaxınlığında heyvan yemi satıla bilərmi? 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov baki-xeber.com-a bildirdi ki, Nazirlər Kabinetinin ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları ilə bağlı 94 saylı qərarı var: “Marketlərdə məlum qərarın tələblərinə, istehlakçılarla düzgün davranmaq qaydalarına riayət olunmur. Marketlərdə heyvan yemlərinin ərzaq məhsulları ilə yanaşı satılması düzgün deyil. Heyvan yemləri ayrı yerdə satılsa, daha yaxşı olar. Heyvan yemləri bu qidalar üçün nəzərdə tutulan xüsusi mağazalarda satılmalıdır. Marketdə satılan heyvan yemini uşaqlar alıb yeyib, zəhərləniblər. bu səbəbdən də məhz qidalar ayrı dükanda satılmalıdır. Heyvan yemlərinin, heyvanların marketlərdə satılması yolverilməzdir. Məlumdur ki, bəzi heyvanların heç zoo-mağazalarda satışına icazə yoxdur. Ancaq marketlərdə müxtəlif heyvanların satışına da rast gəlinir”.

Elxan Əliyev: “Gigiyenik baxımdan heyvan yemi və ya heyvanın özünün marketdə satılması düzgün deyil”

Sosial sahə üzrə ekspert Elxan Əliyev baki-xeber.com-a şərhində bildirdi ki, marketlərdə heyvan yeminin satılması düzgün deyil: “Heyvan yemi ərzaqlarla yanaşı satılmamalıdır. Heyvanların qidalanması, baxımı üçün lazım olan bütün avadanlıqlar üçün xüsusi mağazalar var. Bu tip məhsullar xüsusi dükanlardan əldə edilməlidir. Bununla yanaşı, onlayn heyvan yemi mağazaları da var. Heyvan saxlayan şəxslər həmin yemləri onlayn şəkildə sifariş verərək əldə edə bilərlər. Gigiyenik baxımdan heyvan yemi və ya heyvanın özünün marketdə satılması düzgün deyil”.

Günel CƏLİLOVA






Seçilən
8
baki-xeber.com

1Mənbələr