AZ

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

Bakı, 5 oktyabr, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) COP29 çərçivəsində “Boşluğun doldurulması – gənclər və yaşıl əmək bazarı” (Bridging the Gap - Youth and Green Jobs Market) mövzusunda keçirilən innovativ ideya və həllər müsabiqəsi (ideathon) başa çatıb. Tədbir Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsinin müavini Slobodan Tadic, COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova çıxış ediblər.

Çıxışlarda gənc nəslin yaşıl fəaliyyətə cəlb olunmasının əhəmiyyəti diqqətə çatdırılıb, onların innovativ ideyalar irəli sürmələri yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu cür təşəbbüslər ekoloji problemlərin həllinə və dayanıqlı inkişafın təmin edilməsinə müsbət təsir göstərəcək.

Daha sonra qalib komandaların adları açıqlanıb. I və II yerləri Bakı Ali Neft Məktəbinin müvafiq olaraq “Solar Sage” və “Green Path” komandaları, III yeri Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ecosu” komandası tutub. I yerin qalibinə 3000 AZN, II yerin qalibinə 2000 AZN, III yerin qalibinə 1000 AZN mükafat verilib.

Xatırladaq ki, yarışmada 15 komanda iştirak edib. Layihənin meneceri Nərgiz Əmrahovadır.

 

Seçilən
20
1
azertag.az

2Mənbələr