AZ

“Urbisid” də cinayət növü kimi təsbit olunsun - TƏKLİF

Xəbər verdiyimiz kimi, Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

polad.jpg

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a bildirib ki, Cinayət Məcəlləsinə “ekosid” adlı cinayət tərkibinin əlavə edilməsi çox vacibdir:

“30 illik işğal dövrü ərzində Ermənistan dövləti tərəfindən Azərbaycanda ekosid (canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühitin dağıdılması) törədilib. II Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin flora və faunasının məhv edilməsi, həmçinin meşələrdə nadir ağacların kökündən kəsilməsi, torpaq və su resurslarının çirklənməsi, regionda yerin təkinin qanunsuz istismar nəticəsində talan edilməsi ekoloji tarazlığı kəskin şəkildə pozaraq faktiki olaraq ekoloji fəlakətə səbəb olub. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycan Respublikasının CM-də sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən və genişmiqyaslı ekoloji fəlakətə səbəb olan “ekosid” əməli müstəqil cinayət növü kimi kriminallaşdırılmayıb. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tərəfindən ekosid cinayəti yalnız müharibə cinayətlərinin sistemində “ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma” (maddə 116.0.2) kimi ifadə olunub.

Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilmiş layihədə “ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə Ermənistan tərəfindən torpaqlarımızın işğalı zamanı ətraf mühitə vurulmuş genişmiqyaslı ziyanın real həcmini əks etdirən və bu əməllərin düzgün tövsifinin həyata keçirilməsinə zəmin yaradan “ekosid” adlı cinayət tərkibinin əlavə edilməsi çox vacibdir.

Ekosid, ilk növbədə, beynəlxalq hüququn termini kimi qəbul edilməlidir, çünki birincisi, onu tənzimləyən normalar beynəlxalq normativ aktlardan qaynaqlanır, ikincisi, beynəlxalq təhlükəsizliklə bağlıdır. İlk dəfə olaraq “ekosid” anlayışı “Ətraf mühitə təsir vasitələrinin hərbi və ya hər hansı digər düşmənçiliklə istifadəsinin qadağan edilməsi haqqında” 1977-ci il tarixli Cenevrə Beynəlxalq Konvensiyasında təsbit edilib.

Ekosidə aid digər müddəa isə 1949-cu il Cenevrə Konvensiyalarına əlavə olan 1977-ci il tarixli I Əlavə Protokolun 55-ci maddəsində “təbii mühitin hərbi əməliyyatların aparılması zamanı geniş yayılmış, uzunmüddətli və ciddi zərərdən qorunması” prinsipi formasında göstərilib. Bu baxımdan, ekoloji təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi olaraq elə bəşəriyyətin təhlükəsizliyi deməkdir”.

Hüquqşünas vurğulayıb ki, hazırda ekosidin beynəlxalq hüquqi-normativ anlayışı yoxdur, yalnız doktrinal anlayışlar verilir:

“2021-ci ildə “Stop ekosid” beynəlxalq fondunun dəstəyi ilə bir qrup beynəlxalq hüquqşünas alim tərəfindən ekosidin Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilə yanaşı, beynəlxalq cinayətlərin beşinci növü kimi müəyyən edilməsi haqqında müraciət hazırlanıb. Ekosidin avtonom beynəlxalq cinayət kimi Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əlavə edildiyi təqdirdə bu cinayətə görə beynəlxalq mühakimə tətbiq oluna biləcək. Bununla da genişmiqyaslı ekoloji fəlakətə səbəb olan hərəkətlər sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən beynəlxalq cinayət kimi qiymətləndiriləcək. Doktrinada həmçinin, ekosidin insanlıq əleyhinə olan cinayətlər sisteminə daxil edilməsi və beynəlxalq cinayətlərin müstəqil bir növü kimi tanınması təklif olunur. Ekosidin avtonom beynəlxalq cinayət kimi normativ əsası olmasa da, hazırda bəşəriyyətin təhlükəsizliyinə yönəlmiş müstəqil cinayət növü kimi bir sıra dövlətlərdə, o cümlədən Vyetnam, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Rusiya, Qırğızıstan və Qazaxıstanda kriminallaşdırılıb. Cinayət qanunvericiliyində olan bu boşluğun aradan qaldırılması, ekosid cinayətinə görə məsuliyyətin müəyyən olunması çox mühüm addımdır.

Eyni zamanda hesab edirəm ki, əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə qəsdən genişmiqyaslı dağıntılar, söküntülər törətmə nəticəsində şəhərin yaşayış və qeyri-yaşayış binalarını, kommunikasiya xətlərini və yaşayış üçün vacib olan digər infrastruktur obyektlərini tamamilə məhv etmə məsələlərinə görə “Urbisid” cinayəti də Azərbaycan Respublikası Cinayət Məcəlləsində müstəqil cinayət növü kimi təsbit olunmalıdır.

Ümumiyyətlə, Azərbaycan Respublikasının son 30 ildə üzləşdiyi beynəlxalq cinayətlər günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini zəruri edir. Bu, beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməli, cinayətkarlar layiq olduqları şəkildə cəzalandırılmalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr