AZ

“Krasnodar” “Zenit” sindromuna son qoyaraq zirvəyə yüksəldi - İCMAL

Tur cümə günü iki oyunla start götürdü.

“Orenburq” evdə “Nijni Novqorod”a uduzdu. Maraqlıdı ki, “Orenburq” ilk turda öz meydanında “Spartak”ı məğlub etdikdən sonra ardıcıl 9-cu oyunda qələbəyə həsrət qaldı. “Rubin”lə qolsuz bərabərə qalan “Fakel” isə 2024-cü ildə öz meydanında keçirdiyi 11-ci çempionat oyununda 8-ci dəfə meydanı qolsuz tərk etdi!

ÇSKA-ya böyük hesabla uduzan “Axmat” 10-cu turu da qələbəsiz başa vurdu. Turun əsas sürprizi “Rostov”un evdə “Akron”a uduzması oldu. Debütant “Akron” ilk 7 turda cəmi 1 qələbə qazanmışdısa, Dzyubanın transferindən sonra keçirdiyi 3-cü oyunda 2-ci dəfə qalib gəldi. Təcrübəli forvard premyer-liqada təxminən 9 aylıq fasilədən sonra ilk dəfə qol sevinci yaşadı. “Akron” onun premyer-liqada heyətində qol vurduğu 7-ci komanda oldu. XXI əsrdə yalnız Poqrebnyak, Qoqniyev və İonov 7 fərqli klubun heyətində Rusiya çempionatında qol vurub. Mövsümə çox inamlı start verən “Lokomotiv” Moskva derbisində “Spartak”a heç bir şans vermədi. Bu dəfə mövsümün kəşfi Batrakov yox, dubl edən Samoşnikov ön plana çıxdı. “Loko”nun heyətində sonuncu dəfə “Spartak”la oyunda dubl edən futbolçu 2013-cü ildə Dame N`Doye olmuşdu. 10 tura 24 xal klub tarixinin ən yaxşı ikinci göstəricisidi. “Loko” yalnız 2002-ci ildə ilk 10 tura bundan daha çox (26) xal toplayıb.

Böyük səbirsizliklə gözlənilən “Krasnodar”la “Zenit”in dueli isə gərgin və baxımlı alındı. Son anlara qədər hesab açılmadı. Amma son həftələrdə rəqib tanımayan Murad Musayevin komandası sonluğu daha inamlı keçirdi. “Öküzlər” 2018-in aprelindən bəri ilk dəfə “Zenit”i yenərək bu rəqibə qarşı premyer-liqada 12 oyunluq qələbəsiz seriyaya son qoydular. 6 il əvvəlki həmin qələbə Sankt-Peterburqda əldə olunmuşdu və üstəlik Musayevin “Krasnodar”ın başındakı debüt oyunu idi. Bu nəticə həm də liderin dəyişməsinə səbəb oldu. Mövsümdə ilk məğlubiyyətlə üzləşən Sankt-Peterburq nəhəngi “Krasnodar”la “Lokomotiv”i özündən irəli buraxaraq 3-cü pilləyə gerilədi. “Krasnodar” həm də ardıcıl 7-ci qələbəni bayram etməklə şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı.

Xatırladaq ki, komanda mövsümə ardıcıl 3 heç-heçə ilə başlamışdı.

10-cu tur
Krasnodar – Zenit 2:0
Kordoba, 88. Smolov, 90+4.

Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 77), Tormena, Kosta, Olasa, Lenini, Çernikov (Kastanyo, 74), Batçi (Smolov, 82), Spertsyan, Sa (Kozlov, 77), Kordoba.
Zenit: Latışonok, Mantuan (Karavayev, 46), Nino, Alip, Santos, Barrios, Vendel, Qluşenkov (Mostovoy, 67),Klaudinyo (Yeroxin, 90+3), Kassyerra (Sobolev, 76), Qondu.

Lokomotiv – Spartak 3:1
mıSamoşnikov, 7; 36. Vorobyov, 58 – Barko, 16-p.
Lokomotiv: Lantratov, Nenaxov (Sevikyan, 88), Nyamsi, Montes, Silyanov, Barinov, Karpukas, Samoşnikov, Batrakov (Sarveli, 82), Pinyaev, Vorobyov (Süleymanov, 59).
Spartak: Maksimenko, Denisov (Xluseviç, 64), Abena (Umyarov, 46), Babiç, Ryabçuk, Litvinov, Zobnin (Martins, 76), Bonqonda (Markinyos, 64), Barko, Nikolson (Joze, 64), Uqalde.

Dinamo Mh - Dinamo M 0:1
Nqamaleu, 20.
Dinamo M: Lunyov, Mariçal, Balbuena, Maystoroviç, Fernandes (Skopintsev, 77), Kutitski, Fomin (Laksalt, 72), Nqamaleu (Qladışev, 89), Bitello, Qomes (Dasa, 89), Tyukavin.

ÇSKA – Axmat 3:0
Fayzullayev, 19; 50. Kellven, 42.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Moyzes, Kruqovoy (Koyta, 84), Oblyakov, Kislyak, Jemaletdinov (Musayev, 4), Fayzullayev, Jemaletdinov (Qayiç, 84), Quarirapa (Zdelar, 65).

Rostov – Akron 0:2
Benşimol, 5. Dzyuba, 32.

Orenburq – Nijni Novqorod 1:2
Başiç, 58 – Tsarukyan, 45. Ojeqoviç, 55.

Fakel – Rubin 0:0

Krılya Sovetov – Ximki 0:0

1. Krasnodar 10 7 3 0 18-5 24
2. Lokomotiv 10 8 0 2 25-14 24
3. Zenit 10 7 2 1 22-4 23
4. Dinamo M 10 6 2 2 18-10 20
5. ÇSKA 10 5 2 3 19-6 17
6. Spartak 10 4 4 2 14-9 16
7. Rubin 10 3 3 4 12-15 12
8. Rostov 10 3 3 4 13-17 12
9. Akron 10 3 2 5 14-18 11
10. Krılya Sovetov 10 3 2 5 9-14 11
11. Nijni Novqorod 10 3 1 6 9-19 10
12. Dinamo Mh 10 2 4 4 4-8 10
13. Ximki 10 1 5 4 9-16 8
14. Orenburq 10 1 4 5 12-19 7
15. Fakel 10 1 3 6 4-17 6
16. Axmat 10 0 6 4 7-18 6


Bombardirlər: Qluşenkov (Zenit), Batrakov (Lokomotiv) – 7, Uqalde (Spartak) – 6.

Növbəti turun oyunları oktyabrın 5-6-da keçiriləcək: Akron – Nijni Novqorod, Zenit – Orenburq, Dinamo M – ÇSKA, Krasnodar – Ximki, Fakel – Dinamo Mh, Lokomotiv – Krılya Sovetov, Rubin – Axmat, Spartak – Rostov.

Oyundan sonra
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Çox sevincliyik. Özü də bu gün şəhərimizin yaranmasının növbəti ildönümü idi. Belə gündə minlərlə insanın stadionu xoş əhval-ruhiyyədə tərk etməsi yerinə düşdü. Komandanın özünəinamının artması baxımından çox vacib bir qələbə oldu. Xarakter nümayiş etdirərək son anlarda da olsa, bizə lazım olan qolları vurduq. Əslində uduza da bilərdik. Bir ara açıq oyun getdi və “Zenit”in də yaxşı qol fürsətləri oldu. “Zenit”in yüzillik yubileyində onlara qarşı mübarizə aparmaq çətin olacaq? Fikrimcə, heyətimizdə olan 10 cənubi amerikalı və 2 nigeriyalı futbolçu üçün “Zenit”in yubileyi çox da maraqlı deyil. Elə rusiyalı futbolçularımız üçün də. Bizim üçün nə fərqi var kimin yubileyidi? Bu, “Zenit”in daxili işidi. Biz isə öz işlərimizlə məşğul olmalıyıq”.


Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Ağır oyun alındı. Komandalar elə də çox qol vəziyyəti yaratmadı. Düzdü, həm bizim, həm də “Krasnodar”ın fürsətləri oldu. Amma 100 faizlik adlandıra biləcəyimiz bir epizod olmadı. Aydın məsələdi ki, birinci səhv edən və qol buraxan komanda məğlub olacaqdı. Təəssüf ki, bu səhvi biz etdik və uduzduq. Çox vacib matç olduğundan oyunun hər anında gərginlik hiss olunurdu. Üzgün olsaq da, bu məğlubiyyəti faciəyə çevirmək lazım deyil. Futbolda belə anlar olur. Mövsümün gedişində bəzən yaxşı, bəzən pis oynayırsan. Artıq bunu unudub növbəti oyunlara hazırlaşacağıq”.
Seçilən
16
football-plus.az

1Mənbələr