AZ

Dövlət başçısından anti-Azərbaycan qüvvələrə növbəti ciddi mesaj

4 oktyabr təkcə bizim üçün Cəbrayıl Şəhəri Günü deyil, həm də qəhrəman Azərbaycan ordusunun erməni faşizmi üzərində qələbənin başlanğıc günüdür. Xalqımız tərəfindən heç vaxt unudulmayacaq bu tarixdə uzun müddət düşmən işğalında qalan Cəbrayıl azadlığa qovuşub. Amansızcasına viran edilmiş və xarabalığa çevrilmiş Cəbrayıl bu gün doğma insanlarının əhatəsində quruculuq ünvanına çevrilib. Ölkə başçısının mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərləri inkişafa və quruculuq prosesinə geniş meydan açır, tezliklə bu ərazilərimizin yenidən gülüstana çevrilməsinə əminlik yaradır. Görülən işlər isə, dünyanın qəbul etdiyi kimi heyrət doğurur. 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirakı və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarının təqdim olunması təkcə tarixi yurd yerinə qayıtmış soydaşlarımız üçün deyil, bütövlükdə qalib ölkənin vətəndaşı kimi hər birimiz üçün xoş hadisə kimi yadda qaldı.

Azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə aparılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr belə sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Əlbəttə, bütün bunların əsasında ölkə başçısının rəhbərliyi ilə hazırlanan və həyata keçirilən genişmiqyaslı və dəqiq planlar dayanır. 

Dövlət başçısının iştirakı ilə Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlinin qoyulması isə yeni iş yerlərinin açılmasını reallaşdıracaq.

Dövlət başçımız Cəbrayıl şəhər sakinləri ilə görüşündə bu məsələyə toxunaraq bildirdi ki, sənaye parkında yaradılan 10-a yaxın müəssisədə mindən çox insan çalışacaq. Prezident bu müəssisələri ərsəyə gətirən iş adamlarına da tövsiyə etdi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Əlbəttə, bunun məşğulluq məsələsinin həllində böyük rol oynayacağı şübhəsizdir. 
Yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunduqdan sonra dövlət başçımız önəmli açıqlamalar səsləndirdi. Sabiq köçkünlərə yeni evlərində xoş həyat arzulayan Prezident İlham Əliyev Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı. Dövlət başçısı bəyan etdi ki, təhlükəli oyunlara qarışan Ermənistan İkinci Qarabağ müharibəsinin tarixini unutmasın. Prezident İlham Əliyev Ermənistana ümidlər verən, silahlar bağışlayan, sözdə demokratik, ancaq əməldə riyakarlıq nümayiş etdirən Fransa və onun kimi anti-Azərbaycan ölkələrdən öz bədnam planlarından əl çəkmələrini tələb etdi. 

Bununla yanaşı prezident Qərbin ikili standartlar siyasətinə toxunaraq ölkəmizə qarşı qurulan məkrli planlardan, siyasətdən danışdı. Dövlət başçısı 30 il ərzində işğalçılıq siyasətinə görə Ermənistana hər hansı cəza verilmədiyini və sanksiya tətbiq edilmədiyini, bütün bunlara rəğmən Azərbaycana qarşı hər fürsətdə zərər yetirmək siyasəti yürüdən Qərb ikiüzlüyünün anatomiyasını açıqladı. 

Prezident İlham Əliyev ABŞ-nin 60 konqresmeni adından hazırlanmış anti-Azərbaycan müraciətinin arxasında dövlət katibinin gizləndiyini bildirərək, bundan ölkəmizə qarşı istifadə etməyə çalışıldığını diqqətə çatdırdı. 

Əlbəttə, okeanın o tayında hazırlanan bədnam planlar barədə belə səmimi və açıq şəkildə danışılması dövlət başçımızın xalq ilə yaratdığı səmimi və etimad dialoqunun təcəssümüdür. Prezident ona etimad və etibar edən xalqının rahat və xoşbəxt yaşamasını istəyir. Buna görə də, kimsənin Azərbaycanın narahatlığına səbəb olacaq addımların ayaq tutub yeriməsinə imkan verilməyəcəyini qətiyyətlə bildirdi. Bütün bunlar sözsüz ki, xalqımızın öz liderinə hər zaman nümayiş etdirdiyi qətiyyətə sarsılmaz inamını daha da gücləndirir.  Xalq əmindir ki, ərazi bütövlüyü problemini tam həll etmiş ölkəyə qarşı qurulmuş məkrli planlar səmərəsizdir. Həm də ona görə ki, bu dövlətin və liderinin arxasında dünyaya  öz gücü ilə haqqını qəbul etdirən xalq dayanıb.  O xalq ki, həm seçkidə, həm də döyüş meydanında lideri ilə özünü təsdiq edərək qalib olub.

Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini

Seçilən
9
xalqqazeti.az

1Mənbələr