AZ

İsrail-İran savaşında kritik tarix - MOSSAD Xameneini təhdid etdi və...

Netanyahu cavab zərbəsi üçün təhlükəsizlik şefləri ilə son dəfə məsləhətləşdi, İsrail kəşfiyyatı ali dini lideri ölümlə hədələdi, 11 ölkə isə vətəndaşlarını İrandan çıxmağa çağırdı - təfsilat

İranın raket hücumuna necə və nə vaxt cavab verəcəyini müəyyən etmək üçün İsrail Baş naziri Benyamin Netanyahu yüksək səviyyəli təhlükəsizlik məsləhətləşmələrinin sonuncusunu keçirib. “Kanal 12" məlumat yayıb. Media nazirlikdəki mənbələrə istinadən İsrailin ”ayətullah rejimindən ağır qiymət tələb edəcəyini" bildirib.

Qeyd edilib ki, gözlənilən sərt cavab Bayden administrasiyası ilə yaxından əlaqələndirilir, Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında tezliklə telefon danışığı ola bilər. Xəbərdə deyilir ki, İsrailin cavab tədbirinin bir neçə gün ərzində baş tutacağı gözlənilir. Mənbənin sözlərinə görə, İsrail bu hücumu cavabsız qoya bilməz və qoymayacaq, sadəcə, bir neçə variant nəzərdən keçirilir. İsrail həmçinin İrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək üçün Birləşmiş Ştatlara və ümumilikdə Qərbə güclü diplomatik təzyiq göstərməyə çalışır. İsrail İrana güclü zərbə endirmək üçün yalnız hərbi fəaliyyətlə kifayətlənmək istəmir. Media həmçinin İsrail Hərbi Hava Qüvvələrinin cavaba hazır olduğunu və siyasi rəhbərlikdən göstərişlər gözlədiyini vurğulayıb.

SEPAH-a yaxın teleqram kanalları isə İsrailin 24-48 saat ərzində hücum edəcəyini açıqlayıb. Eyni vaxtda 11 ölkə vətəndaşlarını İrandan çıxmağa çağırıb. Danimarka, Fransa, Niderland, Avstriya, Belçika, İspaniya, Hindistan, Britaniya, İtaliya, Almaniya və Rusiya Xarici İşlər nazirlikləri bəyanat yayaraq, vətəndaşlarının İranı tərk etmələrini istəyiblər. Bəyanatlarda həmin ölkələrin vətəndaşlarına İrana səfər etməmələri barədə xəbərdarlıq edilib. Rusiyanın İsraildəki səfiri də bu ölkədən vətəndaşlarını çıxmağı tövsiyə edib. Habelə, Türkiyə ordusu Livanın cənubundan türkləri və digər mülkiləri təxliyə etməyə hazırlaşır. Bütün bunlar eskalasiya riski ilə bağlıdır. Ən əsası isə 11 ölkənin İrana hücum olacağı gözləntisindən irəli gələrək etdiyi çağırışdır.

İsrailin İranın raket hücumlarına cavabı balanslaşdırılmış olacaq və Yaxın Şərqdə yeni eskalasiya mərhələsinə əsas yaratmayacaq. “Faynənşl Tayms” mənbələrə istinadən belə məlumat yayıb. “İsrail hakimiyyəti münaqişənin sona çatacağına ümid edərək İrana aydın siqnal göndərmək istəyir. İsrail hələlik yekun qərarlarını verməyib”, - mənbə bildirib. ABŞ-ın İsrailin İrandakı hədəflərə cavab zərbələrində iştirak edəcəyi gözlənilmir. ABŞ və İsrail rəsmiləri Təl-Əvivin İranın hərbi obyektlərinə, eləcə də enerji infrastrukturuna zərbələr endirmə ehtimalını müzakirə edirlər. Lakin Vaşinqtonun bu zərbələrdə iştirak etmək niyyəti yoxdur. MOSSAD isə İranın dini lideri Əli Xameneini təhdid edib. İsrail kəşfiyyat xidməti özünün “Terror Alarm” adlı X hesabında yayıb. “İranın ali rəhbəri Xamenei sonuncu cümə namazını bu həftə oktyabrın 4-də Qüds vaxtı ilə saat 11:30-da qılacaq”, - paylaşımda bildirilib.

Ümumilikdə İsrail-İran qarşıdurmasında kritik gün çatdı. Belə ki, İsrailə hava zərbəsindən sonra rəsmi Təl-Əviv 3 günə layiqli cavab verəcəyini bəyan etmişdi. Artıq 72 saat bitir. Netanyahu hökumətinin qərarı nə olacaq? Belə fikirlər var ki, SEPAH rəhbərliyi Pezeşkian hökumətindən əlahiddə (sərbəst) hərəkət edir. Yəni prezidenti saymır. Bu arada rusiyalı hərbi analitik İqor Korotçenko maraqlı bir şərh paylaşıb. Sitat: “İran İsrail hərbi aerodromlarını və hətta MOSSAD qərargahını müvəffəqiyyətlə vurduğunu, İsrail isə İran raketlərinin uğurla dəf edildiyini və heç bir real zərər görmədiyini iddia edir. Eyni zamanda, hamı İranın irimiqyaslı raket buraxılışını, hətta döyüş başlıqlarının İsrail ərazisinə çatdıqda necə partladığını əks etdirən videoya baxıb. Ancaq hər iki tərəfin iddialarının doğruluğunu təsdiq edən videofaktın əskikliyi bəzi suallara yol açır”.

Korotçenkonun sualları: “Nə müəmmalıdır? Təsirə məruz qalan İsrail obyektlərinin video və fotoşəkillərinin olmaması. Bizim əsrdə hər kəsin cibində smartfon var və hər şey qeydə alınır. Tutaq ki, İsraildə hərbi senzura və şüurlu əhali var, zərbələr və dağıntılar olsa da, internetdə yerləşdirmirlər. Bəs kommersiya kosmik peykləri? Onlar yəqin ki, İranın zərbələrinin nəticələrini qeyd edərdilər. Amma belə şəkillər də yoxdur. Daha doğrusu, hələlik yoxdur. Bütün bunlar qəribədir. Çox qəribədir. Start var idi. Döyüş başlıqları bir yerə dəydi (heç olmasa bəziləri). Sonra yalnız sözlər idi - İran: Biz varıq! İsrail: hər şey vuruldu, zərər yoxdur! P.S. Səhər saatlarında ÇAXAL yenidən Livanın cənubuna zərbələr endirməyə başlayıb. Bunu təsdiqləyən həm videolar, həm də fotolar var”. Nə baş verir? Korotçenko nəyə işarə edir, İran və İsrail arasında razılaşdırılmış qarşıdurma gedirmi?

Şərhçi

 Aqşin Kərimov

Siyasi təhlilçi Aqşin Kərimovun fikrincə, önümüzdəki günlərdə İsrail İranın ballistik raket hücumlarına cavab olaraq əsasən, həlledici zərbə sayılacaq iki cür əməliyyat keçirə bilər: “Birincisi, İsrail İranın içərilərində heyrətamiz kəşfiyyat əməliyyatlarını silsilə halına gətirə bilər. İkincisi, İsrail İranın nüvə obyektlərini ya kiberhücumlarla, ya da birbaşa qırıcı təyyarələrlə hədəf seçməyi nəzərdə keçirir. İranla İsrailin açıq müharibə ritorikasını birbaşa praktiki səviyyəyə keçirməsi Yaxın Şərqdə amansız zorakılıqlar silsiləsinin davam edəcəyinin indikatorudur. Baş verən hadisələrə, hətta İranın kütləvi aviazərbələrinə baxmayaraq, qənaətim budur ki, İran Yaxın Şərqdə güzəşt dərəcəsinə doğru gedəcək. Çünki İran İsraili məhv etmək, siyasi şiəliyin radikal, ekstremist və inqilabi formasının zəfərini təmin etmək iqtidarında deyil”.

Bununla belə, analitikin sözlərinə görə, İranın güzəşt siyasətinin sülh və təhlükəsizlikdə dönüş nöqtəsini müəyyən edəcəyi az ehtimal olunur: “Səbəbindən asılı olmayaraq, Yaxın Şərqin gələcəyinə dair toqquşma kursunun davam edəcəyi proqnozlarına əsaslar çoxdur. Regionda gərginlik dozası artdıqca isə, eskalasiyalaeı cilovlamaq üçün təşəbbüslərin ələ keçirilməsi uğrunda ABŞ-Rusiya-Çin rəqabət üçbucağı alovlanacaq. Təbii ki, bu, müsbət mənada dinamik, dinc, təhlükəsiz və modernləşən Yaxın Şərqi ortaya çıxarmayacaq. Əksinə güclərin bir-birlərinin potensiallarını, vizyonlarını pozmaq və alçaltmaq üçün həyata keçirəcəyi oyunlar daha geniş müharibə alovlarına səbəb olacaq”.

Ramil

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli İranın hərbi obyektlərinə cavab zərbəsi endiriləcəyini real sayır. Onun qənaətinə görə, İsrail bütün hallarda İranın hücumunun cavabsız qalmadığını nümayiş etdirmək məcburiyyətindədir: “Amma bunun yaxın saatlarda baş verməsi gerçəkləşməyə bilər. İsrail İrana gözləmədiyi zamanda zərbə endirmək fikrinə düşəcək. İndi hadisələr istidir, Tehran hava hücumundan müdafiə vasitələrini hazır vəziyyətə gətirib, İsrailin cavabının qarşısını alaraq dünyaya daha bir mesaj vermək istəyə bilər ki, görün, Tel-Əviv heç nə edə bilmədi. Bunu nəzərə alaraq, İsrailin cavabı gecikə bilər. Fikrimcə, genişmiqyaslı eskalasiya olmayacaq. Tərəflər öz simalarını qorumaq əməliyyatları həyata keçirirlər”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Seçilən
5
musavat.com

1Mənbələr