AZ

Beynəlxalq konfrans nümayəndələri kütləvi məzarlıqlarla bağlı öz ölkələrində nə edə bilərlər...

Image

Mübariz Göyüşlü: “Əlbəttə, bu, erməni vandalizminin ifşası baxımından çox əhəmiyyətlidir”

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.

Kütləvi məzarlıqda Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilib.

Qeyd olunub ki, bir ay ərzində burada 6 nöqtədə qazıntı işləri aparılıb və insan sümüklərinin qalıqları aşkarlanıb. Ərazidə digər insan qalıqlarının olması da ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) işçi qrupunun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib: “Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib. Həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin cəsədlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şahidlərin ifadələrinə əsasən, burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük avtomobili vurulub. Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi avtomobilin qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib”.

Ümimiyyətlə, xarici nümayəndələrin kütləvi məzarlıqlara baxış keçirməsinin Ermənistana beynəlxalq təzyiq göstərilmədə rolu necə olacaq?

Beynəlxalq konfrans nümayəndələri   kütləvi məzarlıqlarla bağlı öz ölkələrində nə edə bilərlər?

“Xarici nümayəndələr öz ölkələrində Ermənistanın törətdiyi cinayətlər, azərbaycanlı əsir və girovların başına gətirilən faciələr barədə...”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, beynəlxalq konfransın iştirakçılarının Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçirməsinin mühüm əhəmiyyəti var. “Hesab edirəm ki, belə səfərlərin təşkili çox önəmlidir. Yerindəcə erməni vandalizminin törətdiyi insani cinayətləri görmək, onun şahidi olmaq baxımından bunun əhəmiyyəti böyükdür. Konfrans nümayəndələri və diplomatik korpusların təmsilçiləri əyani şəkildə görürlər ki, erməni vandalizmi, erməni vəhşiliyi nəticəsində hansı faciələr baş verib. Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülümüş azərbaycanlıların ermənilər tərəfindən insanlığa sığmayan amansızlıqla qətlə yetirilib toplu halında basdırıldıqları bu məzarları xarici nümayəndələrin görməsi onlarda erməni vəhşiliyi ilə bağlı təsəvvür formalaşdırır. Bu, eyni zamanda erməni təbliğatının, ermənilərin havadarlarının gecə-gündüz həyata keçirdikləri saxta kampaniyaların iflasında, darmadağın edilməsində də mühüm rola malikdir. Bu istiqamətdə çox önəmli addım sayıla bilər”-deyə M.Göyüşlü bildirdi.

Bunun əhəmiyyətli bir faktor olduğunu vurğulayan M.Göyüşlü qeyd edir ki, bəşəriyyət və insanlıq əleyhinə törətdiyi cinayətlərə görə Ermənistana beynəlxalq təzyiq göstərilmir. O inanmır ki, bu səfərlər Ermənistana beynəlxalq aləmdə təzyiq göstərilməsinə səbəb ola bilər, çünki ermənilər 30 ildən yuxarıdır öz yalan təbliğatları ilə dünyanın beynini zəhərləyib. “Ümumiyyətlə, ermənilər vandalizm aktlarından tutmuş bütün haqsızlıqlara yol verdikləri, insan hüquqlarını tapdaladıqları, soyqırımlar törətdiklər üçün nə üzr istəyirlər, nə cinayət əməllərini etiraf edirlər, nə də təzminat ödəyirlər. 

Bütün hallarda, təbliğat baxımından bu səfərlər çox əhəmiyyətlidir və gələcəkdə bizim üçün bunun müsbət tərəfləri ola bilər”.

M.Göyüşlü hesab edir ki, beynəlxalq konfrans iştirakçıları öz ölkələrində gördükləri ilə bağlı rəsmi səviyyədə işlərin görülməsini nail ola bilməsələr belə, onlarda artıq erməni vandalizmi barədə fikir formalaşıb: “Xarici nümayəndələr artıq bilirlər ki, Ermənistan azərbaycanlı əsir və girovlara qarşı hansı amansızlıqla rəftar edib, onları insanlığa sığmayan işgəncə ilə qətlə yetirib, kütləvi şəkildə basdırıblar. Əlbəttə, bu, erməni vandalizminin ifşası baxımından çox əhəmiyyətlidir. Bu konfransda əsir və itkin düşmüş, girov götürülümüş vətəndaşlarımızla bağlı çox əsaslı faktlar səsləndirildi. Konfrans iştirakçıları eyni zamanda da gedib hər şeyi gözləri ilə gördülər. Ermənistanın bu tükürpədici cinayətləri uzun illərdir cəzasız qalıb. Konfrans iştirakçıları bunu da bildilər ki,  Ermənistan insanlıq əleyhinə törətdiyi bu soyqırıma görə hələ cavab verməyib.  

Xarici nümayəndələr öz ölkələrində Ermənistanın törətdiyi cinayətlər, azərbaycanlı əsir və girovların başına gətirilən faciələr barədə məlumatlar yaya bilərlər, bəziləri hökumətə müraciət edə bilər. Ümumiyyətlə, bu məsələyə bəşəriyyət biganə qalmamalıdır”-deyə M.Göyüşlü bildirdi. 

İradə SARIYEVA





Seçilən
10
baki-xeber.com

1Mənbələr