AZ

4 ölkə AŞPA-da Azərbaycanı belə müdafiə etdi – Seyidov faktları açıqladı

Avropa Şurası Parlament Assambleyasında sentyabrın 30-da Azərbaycanla bağlı məsələni “müzakirə” edib-etməməklə bağlı gündəmə təqdim etdilər. “Müzakirəni” təşkil etsələr də istədiklərinə nail ola bilmədilər. Həmin məsələ gündəmə çıxarılanda isə Gürcüstan nümayəndəsi buna etiraz etdi. Daha sonra “səsvermə” təşkil olundu. 38 nəfər bu məsələnin əleyhinə səs verdi. Həmin vaxt zaldan çıxanları hesaba almasaq 81 nəfərlə zalı doldurmuşdular. Məsələnin müzakirəyə çıxarılmasına nail olsalar da digər arzuları yarımçıq qaldı.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, VI çağırış Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“İstəkləri Azərbaycana qarşı əsassız məruzənin hazırlanması idi. Bu isə xüsusi prosedur qaydalarından keçir. Amma buna nail ola bilmədilər. Çünki qeyri-obyektiv, məntiqdən kənar təklifə heç kəs razı olmadı”, - deyə o əlavə edib.

Millət vəkilinə görə, AŞPA təmsilçiləri bu gedişlə mövcudluqlarını göstərməyə çalışıb özlərini çətinə salıb: “Beləliklə, Azərbaycanla bağlı ancaq “müzakirələr” təşkil etməyə “qarar” verdilər. Bundan başqa addımları atmağa gücləri çatmadı. Həmin müzakirələrdə isə 12 nəfər çıxış etdi. Bunun isə 4-ü Azərbaycanın lehinə danışdı. Türkiyə, Gürcüstan, Serbiya, Böyük Britaniya nümayəndələri Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə etdi”.

Səməd Seyidova görə, almaniyalı deputat Frank Şvabe başda olmaqla AŞPA-dakı həmin dağıdıcı qrup Azərbaycanla bağlı əsassız məruzənin qəbul olunmasını istəyirdi: “Hətta, COP29-la bağlı hansısa “məruzənin” olması arzusunda idilər. Amma Azərbaycanın dostları buna qarşı çıxdı. İngiltərə təmsilçisi açıq şəkildə bəyan etdi ki, dünya COP29-un Azərbaycana keçirilməsinə razıdır. Bütün bunlar isə ölkəmizin apardığı siyasətin doğruluğu ilə bağlıdır. Həqiqət nə qədər gec də olsa öz yerini tutur”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
19
teleqraf.com

1Mənbələr