AZ

“Azərbaycanın AŞPA-da statusu bərpa olunacaq?”- Qurumun özündən cavab...

Image

Qulamhüseyn Əlibəyli: “Əslində AŞPA-nın Azərbaycana münasibəti dəyişməlidir”

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı hüquqlarının bərpa olunması ehtimalı varmı? Bu suala cavabında Almaniyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Frank Şvabe deyib ki, yanvarın 24-də nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərardan sonra Azərbaycanda vəziyyət daha da pisləşib: 

“Bakı Avropa Şurası Parlament Assambleyasının 76 deputatını persona non-qrata elan edib, bu halda hansı dialoqdan söhbət gedə bilər? Eyni zamanda, ölkədə siyasi məhbusların sayı artır. COP29 ərəfəsində müsbət dəyişikliklərin olacağını düşünürdük, amma bunun əksini görürük”.

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Liz Kristofersen isə deyib ki, Azərbaycan Avropa Şurasına qayıtmaq üçün bu təşkilata münasibətini dəyişməli və Avropa Şurası institutları ilə əməkdaşlıq etməlidir. Bakıdan bu istiqamətdə müsbət siqnalların olub-olmaması barədə suala Kristofersen mənfi cavab verib.

Göründüyü kimi, bəzi AŞPA deputatları qərəzli mövqedən çıxış edərək Azərbaycanı günahlandırırlar. Hər iki deputat deyir ki, Azərbaycan AŞPA-ya münasibətini dəyişməlidir. 

Maraqlıdır, Azərbaycan AŞPA-ya münasibətini dəyişməlidir, ya AŞPA Azərbaycana münasibətini dəyişməlidir?

“Bu gün qurum ölkəmizə münasibətdə erməni mövqeyindən çıxış edir, erməni dilində danışır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, əslində AŞPA-nın Azərbaycana münasibəti dəyişməlidir: “Nəyə görə? Çünki AŞPA ilə Azərbaycan dəfələrlə əməkdaşlıq edib. Ancaq Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra, Qarabağda suverenliyini tam təmin edəndən, Cənubi Qafqazda söz sahibi olandan sonra vəziyyət dəyişdi. Yəni Azərbaycanla münasibətdə Avropa Şurasının mövqeyi əsaslı şəkildə dəyişib. Onlar Azərbaycanla Ermənistan dili ilə danışmağa başlayıblar. Frank Şvabe, Liz Kristofersen vasitəsi ilə başqa bir dövlətin təsirini Azərbaycana göstərməyə çalışırlar. Ona görə də Azərbaycanın Avropa Şurasına münasibəti, məhz AŞ-nin Azərbaycana münasibətindən asılı olaraq müəyyən olunub. Bu gün AŞPA Azərbaycana münasibətdə erməni mövqeyindən çıxış edir, erməni dilində danışır. Ona görə də Azərbaycanın münasibətinin dəyişməsini istəyənlər birinci növbədə özlərinin münasibətinin dəyişməyini tələb etməlidilər. Özlərinin Ermənistanla əlaqələrinə yenidən baxmalıdılar və reallıqları doğru dəyərləndirməlidilər. Avropa Şurasının rəsmi dəyərlərinə uyğun, yəni demokratiya, insan haqları, qanunun aliliyi mövqeyindən çıxış edərək Azərbaycanla münasibət qurmalıdılar”.

Vidadi ORDAHALLI





Seçilən
10
baki-xeber.com

1Mənbələr