AZ

AB-dən Ermənistan açıqlaması: “Bortnikovun dedikləri...”

Avropa Birliyinin (AB) xarici siyasi xidmətinin sözçüsü Peter Stano Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun Qərbin Ermənistanı Azərbaycanla danışıqları təxirə salmağa sövq etməsi və NATO kontingentinin Cənubi Qafqazda yerləşdirilməsi ilə bağlı açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Stano Bortnikovun şərhlərinin cəfəngiyyat olduğunu deyib.

“Bu şərhlər tamamilə absurddur, Ermənistana verdiyi vədləri və onun qarşısında öhdəliklərini dəfələrlə yerinə yetirmədiyini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas olan yalan və manipulyasiyadır”, - AB rəsmisi bildirib.

FTX rəhbəri bundan əvvəl demişdi ki, Qərb guya İrəvan-Bakı münasibətlərinin normallaşmasına kömək etmək üçün Cənubi Qafqazda NATO kontingentini yerləşdirmək istəyir.

“Əlbəttə, amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər. Qərb İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və de-yure BMT və de-fakto NATO-nun himayəsi altında özünün “sülhməramlı kontingenti”nin regionda yerləşdirilməsinə nail olmağa çalışır”, - Bortnikov vurğulamışdı.

Həmçinin Bortnikov Ermənistanda yerləşən AB-nin müşahidə missiyasını Rusiya və tərəfdaşlarına qarşı kəşfiyyat işi aparmaqda, Qərbi İrəvanı KTMT-dən çıxarmağa cəhddə ittiham etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
teleqraf.com

1Mənbələr