AZ

İlham Əliyev Cəbrayıldan Paşinyana mesaj verdi: Yolu belə çəkərlər!

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Modern.az xəbər verir ki, təqdimat mərasimində dövlət başçısının Cəbrayıl sakinlərilə maraqlı söhbəti olub. Bu söhbət əsnasında Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi zamanı tez-tez istifadə etdiyi və hamının dillər əzbəri olan məşhur ifadəsi bir daha yada düşüb: "Nooldu Paşinyan, yol çəkirdin Cəbrayıla?!”.

Bugünkü söhbət zamanı Cəbrayıl sakini Firidun Əliyev doğma torpağa qayıdışla əlaqədar Prezidentə təşəkkür edib və o məşhur ifadəni xatırladıb:

“İşğaldan azad olunmuş ərazilərdə yaradılmış infrastrukturu gördükcə adamın ürəyi açılır. Bir də Siz dediyiniz kimi, bu xarabalıqları görmək çox kədərlidir. Ancaq bu xarabalıqlara da isti ocaqları gətirənlər məhz Sizsiniz. Ona görə də Sizə xüsusi təşəkkür edirik.

Siz çıxışlarınızın birində demişdiniz ki, dünyanın görmək istəmədiyi ədaləti biz bərpa etdik. Bəli, bu ədaləti bərpa etdiyiniz üçün Sizə xüsusi təşəkkür edirəm.

Bir də məşhur bir frazanız var idi, xalq arasında geniş yayılmışdı, o frazanın da cavabı artıq var ki, Cəbrayıla yolu məhz belə çəkirlər. Sağ olun, təşəkkür edirəm, minnətdaram Sizə. Var olun!”.
 

Prezident İlham Əliyevin cavabı da maraqlı olub: 

Sağ olun. Tamamilə haqlısınız, yolu belə çəkərlər. Amma Cəbrayıla o yolun çəkilişi də, əslində, bu işğalı əbədi etmək üçün göstərilən səylərin bir hissəsi idi. Ona görə Ermənistandan Cəbrayıla yeni yol çəkmək istəyirdilər ki, sonra burada məskunlaşma getsin, Ermənistana gediş-gəliş daha da asanlaşsın. Lakin bütün bu planları biz alt-üst etdik, Azərbaycan xalqı alt-üst etdi, bütün dünyaya öz iradəsini göstərdi və bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir. Ancaq, eyni zamanda, bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq.

Bizim hərbi əməliyyatlarımızı bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənirlər. Dəfələrlə söhbətlər əsnasında, yəni, hərbi işlərdən başı çıxan insanlarla görüşlər əsnasında, - mən xarici nümayəndələri nəzərdə tuturam, - Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar, o cümlədən Cəbrayıl əməliyyatı, 5-6-7 müdafiə xəttinin, minalanmış və istehkamlarla təmin edilmiş o müdafiə xətlərinin hərbçilərimiz tərəfindən aşılması onlarda böyük təəccüb doğurur. İlk növbədə, əməliyyatların planlaşdırılması, əməliyyatların aparılması və eyni zamanda, sinəsini qabağa verib, gülləyə verib müdafiə xətlərini yaran bizim döyüşçülərimizin qəhrəmanlığı onlarda təəccüb doğurur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizi Qələbəyə aparan bizim milli ruhumuz olub.

Bütün bu amillər, deyə bilərəm ki, dünyada Azərbaycana olan hörməti bəlkə də birə on artırıb. Bu gün biz dünya miqyasında böyük hörmətə və nüfuza malik olan ölkəyik. Bu gün həm ölkə vətəndaşları və eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar başlarını dik tutublar. Dünyada milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan dilində danışan, Azərbaycan dili ana dili olan soydaşlarımızın sayı 50 milyondan çoxdur. Bu Qələbə onların da Qələbəsidir, onlar üçün də qürur mənbəyidir. Bu, əbədi belə olacaq. Biz bu torpaqlarda əbədi yaşayacağıq. Xalqımız, dövlətimiz müzəffər xalq və dövlət kimi əbədi yaşayacaq. Azad edilmiş torpaqlarda bütün buna oxşar gözəl binalar inşa edilir və ediləcək. Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək. Mən buna şübhə etmirəm, əminəm, bizim siyasətimiz bunu diktə edir, bizim potensialımız bunu göstərir. Bizim gücümüz - siyasi çəkimiz, iqtisadi qüdrətimiz, hərbi gücümüz ildən-ilə ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm. Bu yaxınlarda mən bu barədə danışmışam, nə qədər böyük səylər göstərilib ki, bizim döyüş qabiliyyətimiz daha da artsın. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi dövründə biz bütün dünyaya hərbi cəhətdən nəyə qadir olduğumuzu nümayiş etdirdik. Bilin və Azərbaycan xalqı bilsin, o vaxtdan bu günə qədər bizim hərbi qüdrətimiz daha da artıb. Əgər kimsə bizim qabağımızda durmaq fikrinə gələrsə, yenə də peşman olacaqdır.

Bu gün, eyni zamanda, şəhər günüdür və buradan orada quraşdırılmış səhnə də görünür. Bir azdan sonra sizi bayram konserti də gözləyir. İnşallah, bundan sonra bu torpaqlarda ancaq bayramları qeyd edək. Bir daha təbrik edirəm”.

Seçilən
7
modern.az

1Mənbələr