AZ

İrəvandan uğursuz manevr cəhdi

Azərbaycanla Ermənistan arasında sülh sazişinin icrasına nəzarət üçün birgə komissiyanın yaradılması nəzərdə tutulur.

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə sülh danışıqları ilə bağlı çıxışında bildirib ki, iki ölkə arasında imzalanacaq sülh sazişinin bəndlərinin icrasına nəzarət etmək üçün birgə komissiyanın yaradılmasına ehtiyac olacaq. Baş nazir sazişin əsas elementləri kimi diplomatik münasibətlərin qurulmasını və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını qeyd edib.

“Azərbaycanla münasibətlər kontekstində anklavlar mövzusu həmişə vacib olub və aktual olaraq qalır. Bu mövzu gündəmdə qalır və biz buna məhəl qoymaya bilmərik ”, - deyə Paşinyan bildirib.

Maraqlıdır, sülh sazişindən sonra belə komissiyanın yaradılmasına ehtiyac varmı? Azərbaycan Ermənistanın bu təklifinə nə dərəcədə adekvat yanaşacaq? Belə bir komissiyanın təşkil olunması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına necə təsir edə bilər? Ən əsası, kəndlərin qaytarılması nə zaman baş tutacaq?

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, ilk növbədə İrəvan öz öhdəliklərini yerinə yetirməlidir:

“Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə sülh danışıqlar ilə bağlı çıxışı zamanı Azərbaycanla sülhün bərqərar olunmasının mümkünlüyünü vurğulayıb. İrəvanın Azərbaycanla sülh sazişi imzalanmasına nikbin baxdığını bəyan edib. Bir qədər də irəli gedərək sülh sazişinin bəndlərinin icrasına nəzarət üçün birgə komissiyanın yaradılması anonsunu da verib. Belə bir komissiyanın yaradılmasından əvvəl ilk növbədə iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Bu sazişin imzalanması üçün də Ermənistan üzərinə götürdüyü öhdəlikləri və Azərbaycanın beynəlxalq hüquqa söykənən tələblərini yerinə yetirməlidir.

Bu tələblərdən ən əsası Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv olunmasıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında çıxış zamanı bəyan edib ki, Azərbaycan Ermənistanla yarımçıq sülh sazişi imzalamayacaq. Ermənistanın dövlət rəsmiləri təkcə sözdə yox, əməldə də addım atmalıdırlar. Yəni qanunvericilik səviyyəsində də ərazi iddialarından əl çəkməlidirlər”.

Deputat bildirib ki, sülh sazişi imzalanana qədər Qazaxın üç və Naxçıvanın bir kəndi Azərbaycana qaytarılmalıdır:

“Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya - demarkasiya prosesi davam etməli və tam şəkildə öz həllini tapmalıdır. Bu da vacib şərtlərdən biridir. Bu problemlər və maneələr tam aradan qaldırılmadan, sülh sazişinin imzalanması mümkün olmayacaq. Bu məsələlər öz həllini tapmalıdır ki, sülh sazişi normal şəraitdə imzalansın. O ki qaldı birgə komissiyanın əhəmiyyətinə, hesab edirəm ki, sülh sazişinin bəndlərinin icrasına nəzarət üçün belə bir mexanizmin yaradılmasına ehtiyac ola bilər.

Ona görə ki, bir müqaviləni imzalamaqla bütün problemləri həll etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, müqaviləni imzalayacaq tərəflərdən biri Ermənistandır. O Ermənistan ki, otuz il ərzində Azərbaycanın 20% ərazisini işğal altında saxlayıb, BMT-nin qətnamələrinə və beynəlxalq hüquqa məhəl qoymayıb. Bütün bu amillər Ermənistanın nə dərəcədə etibarsız tərəfdaş olduğunu göstərir. Amma qeyd etdiyim kimi, sülh sazişi imzalanana qədər Ermənistan öhdəliklərini yerinə yetirməlidir. Sənəd imzalandıqdan sonra onun icrasına nəzarət mexanizmi haqqında düşünmək olar”.

Yunis Abdullayev

"Cebheinfo.az"

Seçilən
25
cebheinfo.az

1Mənbələr