AZ

Öz torpaqlarımıza qayıtmalıyıq: Prezidentin verdiyi mesajlar bizdə inamı artırıb

"XX əsrdə Qərbi azərbaycanlıların yaşadığı üç böyük deportasiyanın birincisində -1918-ci il köçündə Dədəd Ələsgər də bu prosesin içində olub. Göyçə mahalında yaşayan çoxlu sayda soydaşımız öz dədə-baba torpaqlarından didərgin salınıb. Aşıq Ələsgər də məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə qonşu rayon olan Kəlbəcərə üz tutub".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat, Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Aşıq Ələsgər 3 il Kəlbəcərdə yaşadıqdan sonra öz kəndinə qayıdıb:

"Cənab prezident abidənin açılışı zamanı çıxışında xüsusilə də vurğulayıb ki, məhz geri dönüşü, qayıdışı görəndə Aşıq Ələsgər bizlər üçün bir simvol olmalıdır. Təəssüflər olsun ki, XX əsrin ortalarında 1948-1953-cü illərdə ikinci köç dalğasına şahidlik etdik. Nəhayət, sonuncu köç dalğası və deportasiya 1988-ci ildə oldu. Hələ də 1988-ci ildə dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımız geri dönə bilməyib. Nəyin bahasına olursa-olsun, öz torpaqlarımıza geri qayıtmalıyıq. Dinc yolla Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışını təmin etməliyik”.

Deputat qeyd edib ki, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin strateji hədəflərindəndir. Necə ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri həyata keçirilir və keçmiş məcburi köçkünlər öz dava torpaqlarına qayıdır:

“İnanırıq ki, Cənubi Qafqazda birgəyaşayışı təşkil etməklə Qərbi azərbaycanlıların da öz yurdlarına geri dönüşünü təmin edə biləcəyik. Prezidentin başımıza gətirilən bu faciələri açıq-aşkar şəkildə qeyd etməsi və çox önəmli mesajlar verməsi o deməkdir ki, bu inam bizdə daha da artıb".

Naqif Həmzəyev, deputat

Müsahibimiz vurğulayıb ki, haqq-ədalət öz yerini tapacaq:

"Dünya ictimaiyyəti ikili standartlardan əl çəkərək Azərbaycan həqiqətlərini qəbul etməlidir. Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək birgəyaşayışın mümkün olmasına dəstək verməlidir. Qərbi Azərbaycana qayıdışı təmin etməklə Aşıq Ələgərin və bütün o torpaqlarda uyuyan babalarımızın ruhunu ikiqat şad edəcəyik. Bakıda ucaldılan bu abidənin daha böyüyü onun məzarı üzərində ucaldılacaq. O gün uzaqda deyil. Allah o günləri görməyi bizlərə nəsib etsin".

Aydın Baxış

Seçilən
12
bakivaxti.az

1Mənbələr