AZ

Çoxuşaqlı ailələrin sayı niyə azalıb? - "Səbəb iqtisadi amil deyil" - Araşdırma

Son illər Azərbaycanda çoxuşaqlı ailələrin sayı xeyli azalıb. Rəsmi məlumatlara görə, ölkədə 2023-cü ildə 14 yaşınadək uşaqların sayı 2 milyon 216 min nəfər olub. Ötən il uşaqların sayı 2022-cü illə müqayisədə 36 min nəfər azalıb. Son 15 ildə isə dörd və daha çox uşaqlı ailələrin sayı 16 mindən çox azalıb.


Bu gün şəhərlərdə yaşayan ailələr bir və ya iki uşağın olması ilə kifayətlənir. Şəhərdə 3-4 uşaqlı ailələrə çox az-az rast gəlinir. 5 və daha çox uşaqlı ailələrə yalnız bölgə və kəndlərdədir.



Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 1 milyon 347 min 534 çoxuşaqlı ailə var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayır. Biruşaqlı ailələrin sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayır.

İkiuşaqlı ailələrin sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür.

Üçuşaqlı ailələrə gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayır.

Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ailə var. Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ailə beşuşaqlıdır.

Altı uşağı olan ailələrə gəlincə, 9332 ailə bu kateqoriyadadır. Onların 4338-i şəhər yerlərində, 4994-ü isə kənd yerlərində yaşayır.

Ölkədə 6837 ailə yeddi və daha çox uşaqlı ailələr arasında yer alır. Onların 2831-i şəhər yerlərində, 4006-sı isə kənd yerlərində yaşayır.

Çoxuşaqlı ailələrin sayının azalması və təkşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir.



Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, əhalinin maddi rifahının aşağı düşməsi, işsizlik kimi amillər çoxuşaqlı ailələrin sayını azaldır. Amma ailələrin birdən artıq uşaq istəməməsinin səbəbi sadəcə, iqtisadi deyil, mənəvi-psixoloji amillərdir. 100 il bundan əvvəl əhalinin iqtisadi vəziyyəti indikindən qat-qat ağır idi, amma hər ailədə azı 5-6 uşaq vardı:


“İnsanlar savadlandıqca, dünyagörüşləri artdıqca, çoxuşaqlı ailənin tərəfdarı olmurlar. Düşünürlər ki, həm də öz həyatlarını yaşamalıdırlar. Çox sayda uşağa sahib olub, onların təlim-tərbiyəsi, təhsili, gələcəyi ilə məşğul olur, sonradan ayılırlar ki, artıq qocalıblar. Əlbəttə ki, proses özbaşına qoyulsa, gələcək üçün ciddi problemlər yarana bilər. Bu baxımdan hər bir ölkə özü üçün bu sahədə müəyyən strategiyalar seçməli, fəaliyyət proqramı qumralıdır. Hesab edirəm ki, ən ideal olanı 3 uşaqlı ailədir. İnsanlara bunu təbliğ etmək lazımdır. Lakin bu məsələ təkcə valideynlərdən deyil, həm də ölkənin sosial siyasətindən asılıdır”.




Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, sovetlər dönəmində və ondan əvvəlki vaxtlarda Azərbaycanda çoxuşaqlı ailələr üstünlük təşkil edirdi:

"Bu, Azərbaycan cəmiyyəti üçün xarakterik hal idi. Bəzən ailələr yarışırdılar ki, kimdə daha çox uşaq dünyaya gələcək. Sovetlər dönəmində müharibədən sonra itkilərin yerini doldurmaq üçün bu demoqrafik siyasət, çoxuşaqlı ailələr təşviq olundu. Hətta Qəhrəman ana adı müəyyənləşdi. Bu ad onlara imtiyaz olaraq verildi. Belə ailələr demoqrafik siyasət kimi təşviq olunurdu. İndi isə bu təşviqat aparılmır. Eyni zamanda, son vaxtlar insanlar eqoist həyat tərzi sürür. Bir, iki, ən yaxşı halda üç uşaqla kifayətlənirlər. Əvvəlki ailə düşüncəsi artıq aradan qalxıb. Ailələrin statistikasına baxanda görürük ki, boşanmalar da bu hallara təsir edir”.

Ekspert əlavə edib ki, sovetlər dönəmində uşaqpulu demoqrafik siyasəti dəstəkləyən addım kimi istifadə olunan alət idi:

"Uşaq pulları bərpa olunarsa, bu, demoqrafik siyasətə təkan verər və çoxuşaqlı ailələrin sayı artar".

Sovet dövründə “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. SSRİ-də “Qəhrəman ana” medalı da vardı ki, bu medal 10 və daha çox övladı olan qadınlar üçün təsis edilmişdi. Məqsəd isə əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi. Bu gün ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanına görə, 2014-cü ilin əvvəlindən yeni sosial təminat növünün- 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin verilməsinə başlanılıb. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödəniş kimi, 5-dən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılıb. Yəni, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa 385 manat verilir.

Çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilir. Bir sıra Avropa ölkələrində çoxuşaqlı ailələr ayrı-ayrı yaş qrupları üzrə müxtəlif sosial paketlər təklif olunur. Uşaqlar məktəbəqədər yaşdadırsa, onları qida məhsulları, geyim və oyuncaqlarla təmin edirlər. Məktəb yaşlı uşaqlar üçün isə məktəb ləvazimatları, paltarlar verilir. Onların təhsil haqqı ödənilir, məktəbdə pulsuz yeməklə təmin edilirlər.





Bəzi ölkələrdə isə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən "Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən, dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Onlara həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir.

İsveçdə isə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir.

Finlandiyada isə çoxuşaqlı və tək valideynli ailələrə müxtəlif sosial müavinətlər verilir.

Almaniyada çoxuşaqlı ailələrdə uşaqların imtiyazları yaşa görə fərqlidir.

Rusiyada çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Orada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.

Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri-monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycanın inkişafı deməkdir.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.





Seçilən
4
bakupost.az

1Mənbələr