AZ

Aqrar Xidmətlər Agentliyinin sədri Qusarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Aqrar

Bakı, 4 oktyabr, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən, subsidiyanın alınması, bağ sahələrinin sığortalanması, lizinq yolu ilə texnika alınması, sertifikatlı və keyfiyyətli kartof toxumunun alınması və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Agentlik sədri Qusar rayon Köhnə Xudat kəndi ərazisində yerləşən Bəkərov Abuzər Xaric oğluna məxsus yeni salınmış intensiv tipli meyvə bağlarına baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün AXA-nın göstərdiyi xidmətlər barədə məlumat verib.

Sonra Sərdar Hacıyev Köhnə Xudat kəndi ərazisində yerləşən fermer Xammətov Mamed Zəkəriyyə oğluna məxsus olan iribuynuzlu heyvandarlıq təsərrüfatında olub, heyvanlarda aparılan profilaktik peyvəndlənmə tədbirləri, saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb.

 

 

Seçilən
5
azertag.az

1Mənbələr