AZ

Qərbi Azərbaycan – Xalqımızın qədim mədəniyyət beşiyi

Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. 

Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inamı yenidən artıb. 

1747-1828-ci illərdə, çar Rusiyası tərəfindən ilhaq edilənədək mövcud olmuş İrəvan xanlığı Azərbaycan dövlətçiliyinin tarixi irsinin, quruculuq və əzəmət nümunəsinin bir təcəssümü idi. Qərbi Azərbaycan əraziləri Ağrıdağ düzündən Göyçə gölü hövzəsinə və Araz çayından qərbə qədər olmaqla 15 rayonu əhatə edib.  vakansiyalar

Xanlıqda aydın inzibati idarəetmə sistemi mövcud idi və burada xalçaçılıq, ticarət, əkinçilik, bağçılıq, tərəvəzçilik, maldarlıqla məşğul olan etnik Azərbaycan türkləri yaşayıb. Qərbi azərbaycanlılar yetişdirdikləri dahi və ziyalı şəxsiyyətlər, mədəniyyətimizə verdikləri töfhələrlə hər zaman tariximizdə müstəsna yer tutub. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin əslən Qərbi Azərbaycandan olan deputatı Hikmət Babaoğlu bildirib ki, tarixi torpaqlarımızda xalqımızın olduqca dərin mədəni, ədəbi və bədii irsi mövcud olub:

“Qərbi Azərbaycan xalqımızın etnik, siyasi və etno-mədəni coğrafiyasının mərkəzlərindən biridir. Ona görə də, əcdadlarımız bu torpaqlarda min illiklər boyu çox böyük maddi və mənəvi miras yaradıblar. 

İrəvanın, Göyçənin, Zəngəzurun, Dərələyəzin hər qarışında Azərbaycan xalqına aid miras və irs var. Bu səbəbdən hazırki mərhələdə qarşımızda duran birinci məqsəd, əcdadlarımızdan bizə miras qalan bu irsin gənc nəsilə və dünyaya yenidən tanıdılmasıdır. İkincisi isə, bu irsin üzərində yeni mədəniyyət yaratmaq üçün, qayıdıb orada yaşamaq haqqımızı bərpa etməklə bağlı mübarizə aparmaqdır. Ölkə başçısı məhz bu günlərdə ulu ozanımız, Qərbi Azərbaycan ədəbi-bədii mühitinin yetişdirməsi olan, söz sənətimizin ustadlarından biri, Aşıq Ələsgərin heykəlinin açılışında bu məsələlərə toxundu. 

Aşıq Ələsgər özü-özlüyündə bir mənəviyyat abidəsidir. Zamanında ədəbi dilimizin zənginləşməsində, aşıq poeziyamızın zirvəyə qalxmasında, ədəbi-bədii təfəkkürümüzün və estetik zövqümüzün formalaşmasında mühüm rol oynamış böyük şəxsiyyətdir. Şübhəsiz ki, Aşıq Ələsgəri yetişdirən bir mühit də vardır ki, bu da ona qədər formalaşmış mühitdir. Görün nə qədər böyük mədəni, mənəvi və maddi irs var ki, Qərbi Azərbaycanda belə ozanlar yetişir. Ona görə də, faydalı olan məsələ ondan ibarətdir ki, ilk növbədə təbliğat, öyrənmək, ikinci növbədə isə qayıdışla bağlı hüquqlarımızın bərba edilməsi istiqamətində mübarizə aparmaq lazımdır”.

Millət vəkili Tənzilə Rüstəmxanlı ermənilərin Qərbi Azərbaycan torpaqlarında törətdiyi etnik və mədəni vəhşiliklərdən bəhs edib:

“Artıq bu proses çox ciddi şəkildə başlayıb. Qərbi Azərbaycana qayıdış və oranın tarixi-mədəni irsinin işıqlandırılması dövlətimizin çox yüksək səviyyədə diqqətində olan mövzudur. Azərbaycanlıların kütləvi və geniş şəkildə 3 dəfə öz torpaqlarından deportasiya edilməsi olduqca faciəvidir. Bunlar bizim yaxın tariximizdə baş vermiş hadisələrdir. 

Təəssüf ki, biz sovet imperiyasının tərkibində olduğumuz dövrdə bu faciəni dünya ölkələrinin diqqətinə çatdıra bilmədik. Çünki SSRİ bizə o haqqı tanımırdı. Amma Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu prosesə start verildi. Hətta bütün mövzularda ən yaxın qardaşımız, müttəfiqimiz, dostumuz olan Türkiyənin belə Qərbi Azərbaycanda soydaşlarımızın başına gətirilən müsibətlərlə bağlı yetərincə xəbəri yox idi. 

Hazırda isə dünyanın bir sıra ölkələrində bu mövzuda sərgilər, konfranslar, tədbirlər keçirilir. Qərbi azərbaycanlıların çox zəngin mədəni irsi, mədəniyyəti, adət-ənənələri olub. Lakin deportasiya zamanı onların əksər hissəsi bilərəkdən məhv edilib. Ölülərimizin məzarları belə yox edildi. Ermənilərin əsas məqsədi oradakı Azərbaycan, türk izlərini tarixi torpaqlarımızdan birdəfəlik silmək idi. Onların törətdiyi vandalizmin dəhşətini ilk dəfə ən aydın formada elə məhz qərbi azərbaycanlılar gördü. 

Cənab prezidentimizin Qərbi Azərbaycan İcmasının yaradılması ilə bağlı təşəbbüsü, olduqca uzaqgörən bir addım oldu. Bu İcmanın fəaliyyətləri nəticəsində Azərbaycanın müxtəlif ərazilərində məskunlaşan qərbi azərbaycanlıların mədəni irsinin, adət-ənənələrinin yenidən araşdırılmasına başlandı. Mən özüm bundan öncə də 30 il ərzində Qərbi Azərbaycan reallıqlarını dünyanın müxtəlif yerlərində tanıdılması istiqamətində konfranslarda iştirak etmişəm. Tarixi torpaqlarımıza qayıdış istiqamətində, mədəni irsimizin, adət-ənənələrimizin tanıdılması olduqca vacibdir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Seçilən
7
yenisabah.az

1Mənbələr