AZ

Hüseyn Niftəliyev: Özəl pianoçunun məxsusi musiqisi

Hüseyn

Bakı, 4 oktyabr, Anara Axundova, AZƏRTAC

AZƏRTAC istedadlı gənc musiqiçilər haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti qəhrəmanımız qeyri-adi pianoçu Hüseyn Niftəliyevdir. Bu musiqiçi hələ erkən yaşlarında autistik spektrin pozulması problemi ilə üzləşib. Həmin vaxt onun valideynləri Hüseynin musiqi istedadını aşkar ediblər.

Hazırda 13 yaşında olan Hüseyn musiqi ilə 5 yaşından məşğul olmağa başlayıb. Ötən 8 il ərzində gərgin səyləri və iştirak etdiyi məşğələlər sayəsində bu oğlan inanılmaz nəticələrə nail olub. O, indi şəhərin ən böyük səhnələrində çıxış edir, konsert və festivallara qatılır. Hüseyn, həmçinin bu yaxınlarda vokal sənəti ilə də məşğul olmağa başlayıb. Anası Fərqanə Nurəliyevanın sözlərinə görə, oğlunun musiqi ilə tanışlığı lap erkən yaşlarında olub: “Hüseyn çox balaca olanda, böyük qızım musiqi məktəbinə, fortepiano sinfinə gedirdi. Qızım evdə məşğul olanda, oğlumu tez-tez uşaq arabasında onun yanında qoyurdum. Bizə dedilər ki, Hüseyndə autizm spektri var, həmin vaxt o, 1 yaş 8 aylıq idi. Bacısı pianonun arxasında əyləşən zaman ona yaxınlaşır və barmaqlarını eşitmək istədiyi əsərlərin başladığı klavişlərin üzərinə qoyurdu. Onu çağıranda da reaksiya verməzdi, amma musiqi səsi eşidən kimi, dərhal səs gələn yerə qaçardı”.

Fərqanə xanımın dediyi kimi, oğlan 5 yaşına çatanda, dostlarının məsləhəti ilə onlar Sankt-Peterburqdakı klinikaya yollanırlar. Orada balaca pianoçunun anasına onunla musiqi öyrənə biləcək bir müəllim tapmağı məsləhət görürlər. Məlum olur ki, Hüseyn mükəmməl musiqi istedadına malikdir: “Bizə dedilər ki, Hüseynin danışmasına musiqi kömək edəcək. Mən də onu musiqinin xilas etdiyini, uşağın musiqi ilə yaşadığını gördüm. Bakıya qayıtdıq və mən müəllim axtarmağa başladım. Tezliklə “Birgə və Sağlam” İctimai Birliyinin mərkəzində xüsusi uşaqlarla işləyən Arzu Səmədqızı haqqında məlumat aldım. Ona müraciət etdim və Arzu xanım Hüseynlə məşğul olmağa başladı. Oğlum artıq 8 yaşında danışa bilirdi”.

Hüseyn müəllimlə fərdi şəkildə təhsil almaqla yanaşı, həm də Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin şagirdidir (pedaqoq Leyla Əliyeva), O, həm də müəllimi Almaz Mehdiyevadan (Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbi) dərs alır.

Hüseyn ilk dəfə səhnəyə 10 yaşında olarkən, məşhur cazmen Şahin Növrəslinin hər il keçirdiyi Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində çıxıb.

Fərqanə Nurəliyeva deyir: “Mən Şahin və Natavan Növrəsliyə (cazmenin həyat yoldaşı - red.) çox minnətdaram, onlar Hüseynə inanırdılar. Kamera və Orqan Musiqisi zalının səhnəsində orkestrlə çıxış edib. Sonra Hüseynə çox diqqətli olan maestro Valid Ağayev dirijorluq etdi. Konsert yaxşı keçdi və bundan sonra onunla daha çox işləməyə başladıq. Hüseyn filarmoniyanın təşkil etdiyi konsertlərə dəvət olunmağa başladı. Mən belə uğur gözləmirdim! Amma təbii ki, mən Hüseynə inanırdım, çünki onun istedadlı olduğunu görürdüm”.

Pianoçunun anasının dediyi kimi, ölkədə inklüzivlik vəziyyəti təzəcə inkişaf etməyə başlayır və bu sahədə problemlər var: “Hüseyni həkimlərə aparanda çox yerlərdə olmuşam. Ölkəmizdə inklüzivlik hələ o qədər də inkişaf etməyib. İnsanların xüsusi qabiliyyəti olan uşaqlara münasibəti müxtəlifdir. Elə yerlər var ki, Hüseyni özümlə götürmək istəmirəm. Çünki dərhal bütün diqqət onun üzərində cəmləşir. Xüsusi uşaqlar bunu hiss edir və sonra həyəcan keçirirlər. Amma bunun müsbət tərəfləri də var. Məsələn, mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Çindən akupunktur və akupunkturla məşğul olan həkimləri ölkəmizə dəvət etdiyinə görə çox minnətdaram. O, bunu ona görə edir ki, autizm və serebral iflicdən əziyyət çəkən uşaqlar müalicə olunsun. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Birgə və Sağlam” mərkəzi üçün yeni bina tikdirdi. Hüseyn də orada məşğul olur”, deyə musiqiçinin anası vurğulayır.

Uşaqları autizmlə qarşılaşan digər valideynlərə məsləhət verən Fərqanə xanım bildirir ki, ilk növbədə, səbir tələb olunur: “İnsanlar əsla təslim olmamalı və övladlarına inanmalıdırlar. Hər halda övladınızı musiqi məktəbinə göndərməyi məsləhət görərdim. Onların hamısı bacarıqlıdır! Sadəcə, inam olmalıdır. Mən də bilmirdim ki, Hüseynin belə istedadı var. Evdə bir alət və onu ifa edən bir insan olduğu üçün sadəcə şanslı idik. Valideynlərimin dəstəyi də mənə kömək etdi - anam və atam həmişə məni dəstəkləyir. Həmişə mənə deyirdilər: “Get, biz də sənin arxandayıq”.

Hüseynin gələcəyindən danışan Fərqanə xanım tərəddüd etmədən oğlunu böyük səhnədə gördüyünü deyir: “Bilirəm ki, o, səhnəni fəth edə bilər. Arzu edirəm ki, onu ən məşhur səhnələrdə görkəmli dirijorlar müşayiət etsin!”

Söhbətdə Hüseynin nənəsi, Fərqanə xanımın anası Çimnaz Nurəliyeva da iştirak edir. Hüseyn nənəsini çox sevir və söhbət zamanı onun yanında oturur. Oğlan ona baxaraq mehribanlıqla gülümsəyir.

Çimnaz xanım nəvəsini qucaqlayaraq deyir: “Hüseyn hər zaman yanımdadır. Bütün ev tapşırıqlarını onunla edirəm. Şeir öyrənirik, “Quran” oxuyuruq. Artıq bir neçə surəni əzbər bilir. Kiçik olanda onun pəhrizinə nəzarət edirdim, heç kimin buna qarışmasına icazə verməzdim. Belə uşaqlar üçün qidalanma çox vacibdir. Autizm haqqında hər şeyi bilirəm, hətta dissertasiya yaza bilərəm. (Gülür.) O, indi yaxşıdır. Əvvəllər daha çətin idi. Belə övladları olan bütün valideynlərə onların nailiyyətlərini görməyi arzu edirəm! Qızım şikayət etmədi, amma onun nə qədər narahat olduğunu bilirəm, biz də narahat idik. Biz dözməliyik. Biz inanmalıyıq!”

Hüseyn son vaxtlar fortepiano ilə yanaşı, vokal üzrə də təhsil alır. Söhbətdə uşağın müəllimi Afeliya Axundova iştirak edir: “Biz Hüseyni bir ilə yaxındır tanıyırıq. Bu uşağı görən kimi, ona aşiq oldum. Sakit, mehribandır və dinləməyi bacarır. Bəzən lütf də edir. (Gülür.) Amma inanıram ki, o, çox şeyə nail olacaq. Bu il çox böyüdü! İnkişaf edir. Bu, valideynlərin böyük zəhmətinin, ananın böyük xidmətlərinin nəticəsidir. Bu, onların əməyidir”.

Müəllimin sözlərinə görə, musiqi bütün uşaqlar üçün faydalıdır, onların tərbiyəsinə, inkişafına kömək edir. Hüseynin timsalında vokal bilavasitə ona nitq qüsurlarını aradan qaldırmağa kömək edir: “Hüseynin nitqində problem var idi. Bəzi hərfləri tələffüz edə bilmirdi. Həkimlər adətən vokal öyrənməyi məsləhət görürlər, çünki o, nitqi inkişaf etdirir. Autizm sindromlu uşaqlarla işləmək təcrübəm yox idi. Danışıq qüsurlu uşaqlar var idi. Amma mən Hüseyni dərhal çox gözəl anladım, sanki onu çoxdan tanıyırdım. O, əvvəldən mənə bacarıqlarını göstərdi. Çox istedadlı uşaqdır”.

Hüseynin kifayət qədər zəngin repertuarı var. Müəllimin sözlərinə görə, o, hər şeyi sevir: vətənpərvərlik və xalq mahnılarını, bəstəkar əsərlərini ifa etməkdən həzz alır: “Düşünürəm ki, gələcəkdə o, pianoçu kimi daha çox uğur qazanacaq. Onun nitqinin inkişafı üçün isə vokalın böyük əhəmiyyəti var. İndi o, artıq oxumağı sevir və bunu yaxşı bacarır”.

Söhbətdə Hüseynin müəllimi Arzu Səmədqızı da iştirak edir. Hüseynin çətin yolunun əvvəlində onunla məşğul olan müəllim deyir: “Biz onunla işləməyə başlayanda, Hüseynin cəmi 5 yaşı var idi. Onunla tanış olana qədər artıq 4 il “Birgə və Sağlam” mərkəzində musiqi terapevti işləyirdim. Hüseyn digər uşaqlardan çox fərqli idi. Bu, sadəcə, bir möcüzədir - harada başladıq və nələrə nail olduq! Təbii ki, bu, dərhal alınmadı, amma tədricən istədiyimizə nail olduq. Anam və nənəm Hüseynə o qədər inanırdılar ki... Uşağa inanmaq lazımdır. Özümüzün də gözləmədiyimiz nəticəni əldə etdik. O, vokalda çox irəliləyiş əldə edib. Bu, bir möcüzədir və onun valideynlərinin inamıdır. Bəzi valideynlər 2-3 aydan sonra nəticə olmadığını görəndə, məyus olurlar. Sonra onlara Hüseynin festivallarda çəkdiyi videoları nümunə kimi göstərirəm”.

Müəllimin dediyinə görə, ona məhz Hüseynlə məşğul olduğu oxuduğu vaxt zəng gəlib, uşaqlardan birini Bakı Piano Festivalına göndərmək istəyiblər. Həmin vaxt oğlan artıq “Birgə və Sağlam” mərkəzində kiçik səhnəyə çıxmışdı, lakin bu, böyük səhnədə çıxış etmək üçün ilk təklif idi.

Arzu Xanım deyir: “Mən həyəcanlı idim, amma düşündüm ki, niyə də olmasın! “Bizim Cəbiş müəllim” filmindən Emin Sabitoğlunun valsını seçmişik. Hazırlaşmaq üçün iki ay vaxtımız var idi. Bütün parçaları bir kənara qoyub vals üzərində işləməyə başladıq. Hüseyn orkestrlə çıxış etməli idi! Bu, böyük məsuliyyətdir. Orkestrə maestro Valid Ağayev dirijorluq edirdi, o, Hüseynə çox mehriban yanaşırdı. Orkestrin bütün üzvləri onu yaxşı qarşıladılar, hətta məşq zamanı da alqışladılar. O, alqışları çox sevir. Bu, onun üçün böyük motivasiyadır. Belə münasibətinə və dəstəyinə görə dirijora təşəkkür edirəm. Şahin və Natavan Növrəsli də ona çox isti münasibət bəsləyirdilər. Özləri təklif etdilər ki, Hüseynlə səhnəyə çıxım. Hər cür şərait yaradıblar. Bu il Hüseyn üçüncü Bakı Piano Festivalında da çıxış edib. Bu gün o, emosional cəhətdən qeyri-sabit idi - ağladı və güldü. Səhnəyə ilk çıxan da Hüseyn oldu. Orkestrə yenidən Valid Ağayev dirijorluq edirdi və səhnədəki maestro sanki onunla gözləri ilə danışırdı. Hüseyn dirijoru tanıdı və ona baxdı. Maestro Valid yenə də onu çox dəstəklədi”.

Şagirdinin gələcəyini düşünən Arzu Səmədqızı deyir ki, Hüseynin bu inkişaf tempi ilə onu böyük səhnələrdə görür: “Mən onu dünyanın hər yerində qastrol səfərlərində, böyük beynəlxalq festivallarda görürəm. Bizə bu imkanı yaratdığı üçün Şahin və Natavan Növrəsliyə çox minnətdarıq. Onlar Hüseynə inanırdılar. Xüsusi qabiliyyətli uşaqların səhnəyə çıxması, istedadını nümayiş etdirməsi çox vacibdir. Həmin azyaşlı, öz növbəsində, onu böyüdən digər valideynlər və xüsusi uşaqlarla işləyən müəllimlər üçün böyük motivasiyadır. Bizim inklüzivliyə həqiqətən ehtiyacımız var!”

Söhbət əsnasında Hüseyn bizimlə masa arxasında oturdu. Sonda oğlan otaqdan çıxdı və tezliklə evin başqa otağından piano səslərini eşitdik. Hüseyn “Summertime” əsərini ifa edirdi. Sakitcə ona baxırdıq. O, həmin an musiqinin sehrli dünyasına qərq olmuşdu. Bu melodiya sanki xüsusi musiqiçinin qəlbindən axaraq bizə sirayət edirdi, elə bu səbəbdən də xüsusi idi.

 

 

 

 

 

Seçilən
4
1
azertag.az

2Mənbələr