AZ

Kərim Adeyemi Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Dortmund “Borussiya”sının almaniyalı sol cinah hücumçusu Kərim Adeyemi Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Arena.az bu barədə Çempionlar Liqasının rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir.

Adeyemi yarışın ümumi mərhələsinin 2-ci turu çərçivəsində baş tutan “Seltik”lə ev oyununda (7:1) komandasının qələbəsinə vurduğu 3 qolla töhfəsini verib.

Fərdi mükafat üçün səsvermədə Adeyemi “Yuventus”un serb mərkəz hücumçusu Duşan Vlahoviçi, “İnter”in iranlı mərkəz hücumçusu Mehdi Taremini və Fransa “Brest”inin seneqallı sağ cinah hücumçusu Abdalla Simanı (Sima) qabaqlayıb.

2 turdan sonra “Borussiya” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 6 xalla zirvədə qərarlaşıb.

Kərim Adeyemi futbola “TSV Forstenrid” klubunda qədəm qoyub. Ardınca Adeyemi “Bayern”, “Unterhaxinq” və “Zalsburq”un futbol məktəblərini dolaşıb və 2018-ci ildə elə, “Zalsburq”la da böyük futbolda debüt edib. 2018-2020-ci illərdə Adeyemi “Liferinq”də icarə əsasında çıxış edib. “Borussiya” “Adeyemi”ni 2022-ci ilin iyulunda 30 milyon avro məbləğ müqabilində “Zalsburq”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Adeyeminin Dortmund klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Adeyemi “Borussiya”nın heyətində bütün yarışlara 8 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Adeyeminin Dortmund komandasının heyətində çıxışının ümumi mənzərəsi isə 74 oyun, 19 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Kərim Adeyemi 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 4 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Kərim Adeyeminin qənimətlər muzeyində “Zalsburq”la Avstriya çempionluğu (3 dəfə) və Avstriya Kuboku (3 dəfə) var. 2021/2022-ci illər mövsümündə Adeyemi 19 qolla Avstriya Bundesliqasının qalibi olub. Həmçinin Adeyemi Almaniyanın U-21 yığması ilə 2021-ci ili Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı sol cinah hücumçusu Kərim Adeyeminin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
11
arena.az

1Mənbələr