Komitə sədrinin sözlərinə görə, müşahidələr, tarixi və siyasi təhlillər onu göstərir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qarşılaşdığı ideoloji təxribatlar xüsusilə iki istiqamətdə baş verib: "Bunlardan biri Ermənistan və dünya ermənliyinin ərazi iddiaları və millətçilik mərəzi üzərində nail olmaq istədikləri hədəflərə yönəlib. Digəri isə xaricdən maliyyələşən antiazərbaycan qüvvələrin və radikal ünsürlərin ölkə daxilində milli-mənəvi ideologiyanı zədələmək, ictimai şüuru öz maraqlarına uyğun formalaşdırmaq kimi mənfur niyyətə xidmət edən xəyanətkar planlarıdır. Görünən isə odur ki, indiyə qədər belə cəhdlər nəticə verməyib. Prezident İlham Əliyev də çıxışında bunu xüsusi qeyd edərək bildirdi ki, xalqın həmrəyliyi, xalq-iqtidar birliyi şəraitində istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Lakin dövlətimizin başçısı onu da əlavə etdi ki, bu, bizi heç də arxayın salmamalıdır: "Biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər... Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq".
Dövlət başçısı bu işdə Azərbaycanın gələcək inkişafının əsas təminatçısı kimi gənc nəslin milli ruhda böyüməsini ilkin şərtlərdən biri kimi dəyərləndirmişdir: "...Elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?!... Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır". Bu fikirlər Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olaraq ölkədə milli yüksəlişi təmin edən dəyərlər sistemini formalaşdıran, nəticədə bugünkü Azərbaycanın uğurlarını şərtləndirən meyara çevrilmiş və hər zaman günədək aktuallığını qoruyub saxlayan azərbaycançılıq ideologiyasının mahiyyətindən doğur".
Alim Hüseynli