AZ

Markus Raşford Ueyn Runinin əsas təqibçisinə çevrildi

Avropa Liqasının Liqa mərhələsinin “Portu” ilə səfər oyunu “Mançester Yunayted”in cinah hücumçusu Markus Raşford üçün əlamətdar olub.

Arena.az xatırladır ki, “qırmızı şeytanlar”ın 3:3 hesablı heç-heçə oynadığı oyunda Raşford komandasına vurduğu qolla töhfəsini verib.

Beləliklə Raşford “Mançester Yunayted”in heyətində avrokuboklarda 26-cı qolunu rəsmiləşdirib və “qırmızı şeytanlar”ın ingilis keçmiş yarımmüdafiəçisi Pol Skoulzla bərabərləşib.

İndi Raşford “Mançester Yunayted”in avrokuboklarda ən sərrast futbolçusu, ingilis keçmiş hücumçu Ueyn Runinin əsas təqibçisidir. Runinin “qırmızı şeytanlar” üçün avrokuboklarda vurduğu 35 qolu var.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün 10 oyun keçirib, 4 qol və 2 məhsudlar ötürmə ilə fərqlənib. Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 412 oyun, 135 qol və 71 məhsuldar ötürmədən ibarətdir.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 60 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis sol cinah hücumçusu Markus Raşfordun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
5
arena.az

1Mənbələr