AZ

Tehran və İrəvan Zəngəzurla bağlı mövqeyini dəyişəcək - MÜSAHİBƏ

“İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hər hansısa bir dəyişiklik olacağına və ya onların bu prosesdə loyal mövqeyinə inanmıram”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cümhuriyət”-ə müsahibəsində deyib.

"Cebheinfo.az" müsahibəni təqdim edir:

- Vüqar müəllim, İran ətrafında baş verən hadisələr fonunda rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı müdaxilə imkanları azalır. Bu, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişdirməyə vadar edə bilər?

- İranın Yaxın Şərqdəki proksi qüvvələrinin İsrail tərəfindən silahsızlaşdırılması, onların liderlərin öldürülməsi, HƏMAS və “Hizbullah”a ciddi zərbə vurulması Tehran hakimiyyətini çox çətin vəziyyətə salıb. Son proseslər artıq İranın İsraillə münaqişəyə qoşulmasına gətirib çıxarır. İran İsrailə raketlər atmaqla proksi qüvvələrinin arxasında dayandığını göstərdi. İran növbənin ona çatacağını bildiyi üçün son addımları atmağa məcbur oldu.

Lakin İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hansısa dəyişikliyə və ya onların bu prosesdə loyal mövqeyinə inanmıram. İranın hazırda düşdüyü vəziyyətə görə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini 180 dərəcə dəyişəcəyini düşünmürəm. Azərbaycan da xarici siyasətini quranda öz milli maraqlarını öndə tutur. Bu isə hər hansı bir dövlətin düşdüyü vəziyyətdən asılı olmur. İran sadəcə hazırda daha çox pay qoparmağa çalışır.

- Zəngəzur dəhlizi ölkələrin iqtisadi cəhətdən güclənməsi üçün nə qədər effektiv ola bilər?

- Zəngəzur dəhlizi çox əhəmiyyətli məsələdir və yeni nəqliyyat qovşağıdır. Dünyadakı müharibələr və gərginliklərin əsas hədəfində yeni torpaqlarla yanaşı, həm də yeni yolların yaradılması, habelə bu yollar üzərində hakimiyyət qurmaq istəyi dayanır. Bu, tarixən belə olub. Zəngəzur dəhlizi də artıq çox vacib bir beynəlxalq status alır. Yəni qitələrin bir-birinə birləşdirilməsi ilə vacib nəqliyyat qovşağına və transmilli məsələyə çevrilib. Bu da növbəti dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya miqyasında ali liderlər səviyyəsindəki gücünün, biliyinin və əzminin bariz nümunəsidir.

Bu dəhlizin ən əhəmiyyətli tərəflərindən biri də Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrut kimi ortaya çıxmasıdır. Həmçinin, Zəngəzur dəhlizi Çindən başlayaraq Avrasiyanı birləşdirir və malların bir çox yollardan daha ucuz daşınmasını özündə ehtiva edir. Ona görə də bu məsələ dünyanın diqqət mərkəzindədir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, ölkəmizlə Türkiyə arasında da quru yolu yaradır. Nəzərə almaq lazımdır ki, zamanında Ermənistan dövləti bufer zona kimi Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq üçün yaradılıb. Artıq həmin tarix səhv aradan qalxır. Bu yol iki ölkə üçün çox vacibdir.

Bundan başqa, dəhliz Avrasiya üçün çox vacibdir. Ona görə ki, bu dəhlizlə Çindən gələn mallar Türkiyə vasitəsilə Avropaya daşınacaq. Üstəlik, dəhliz vasitəsilə Çin və Türkiyənin nəqliyyat yolları inkişaf etdiriləcək. Bu dəhliz yalnız bölgə dövlətlərinin deyil, həm də digər ölkələrin iqtisadi cəhətdən güclənməsinə gətirib çıxaracaq.

- Yeni reallığı nəzərə alan Ermənistan da Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməli olacaq?

- Ermənistan öncədən də Zəngəzur dəhlizinin əhəmiyyətini bilib və onun bu və ya digər formada açılmasının marağında olduğunu göstərib. Sadəcə olaraq bu yarım dövlət ona gələn tapşırıqları icra edir. Çünki İrəvan hakimiyyəti hələlik yolun açılmaması tapşırığını alıb. Bu səbəbdən də indiki halda Zəngəzur dəhlizinin açılmasını ləngidir. Əvəzində isə utopik layihə irəli sürür. Amma təbii olaraq normal düşünənlər anlayırlar ki, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan uzun illər ərzində özünü saldığı dərin quyudan çıxa bilər. Bu, həmin ölkənin iqtisadiyyatını dirçəldər. Əslində Ermənistan xalqı və hakimiyyəti Zəngəzur dəhlizinə görə İlham Əliyevə təşəkkür etməlidir.

- Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və İranı ən çox narahat edən məsələ “Turan dəhlizi” və ya “türk dəhlizi”nin yaradılmasıdır.

İndi Ermənistan və İran Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın, Türkiyənin və digər türk dövlətlərinin birləşməsini özlərinə rəqib kimi görür. Bu, onların problemidir. Əslində, türk dünyasının birləşməsindən dünya sadəcə qazanclı çıxar. Həm İran, həm Ermənistan hakimiyyəti başa düşməlidir ki, bu birlik heç kimə təhdid deyil.

Elmir Mustafa

"Cebheinfo.az"

Seçilən
19
cebheinfo.az

1Mənbələr