AZ

ABŞ İsrailin İranla bağlı hərbi əməliyyatlarına yaşıl işıq yandırıb-Yusif Bağırzadə- ÖZƏL

"İran və İsrail arasında gərginlik fonunda diqqət çəkən ən önəmli məqamlardan biri odur ki, dünyanın əksər ölkələri baş verənlərə biganə qalmasalar da, amma tərəf də tutmadılar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib:

"Düşünürəm ki, eyni hal İsrailin İrana cavab zərbələri zamanı da müşahidə ediləcək. Yəni, başqa sözlə biz misal üçün Qəzzada əməliyyatlar zamanı İsrailin hərəkətlərini qınayan ölkələrin İrana cavab zərbələri endirəcəyi halda əvvəlki kimi qınağa tuş gələcəyini çətin görək. Bu da əslində təbiidir, çünki İran uzun illər ərzində öz yalnış siyasəti ilə dostdan çox düşmən qazanıb və normal əməkdaşlıq etdiyi müsəlman ölkəsi belə demək ki, yox səviyyəsindədir. İsrailə zərbələrə açıq şəkildə sevinən Fələstin, Livan, Yəmən kimi ölkələr oldu. Səudiyyə Ərərbistanı tərəfləri təmkinli olmağa çağırmaqla baş verənləri kənardan seyr etmək mövqeyi tutdu. İordaniya isə əksinə açıq şəkildə İrandan atılan raketlərin zərərsizləşdirilməsində iştirak edən ölkə oldu.
ABŞ və Avropa İttifaqı ölkələrinə gəldikdə isə onlar gözlənildiyi kimi İsraili dəstəkləyən mövqe ortaya qoydular. ABŞ, Fransa, Almaniya rəsmiləri İranın hücumunu məsuliyyətsiz addım adlandırdılar və bu hücumu qınadılar. Şübhəsiz ki, İsrailin Qərb tərəfdaşları olmasaydı İranın zərbələri olduqca ağır nəticələrə səbəb olardı. Məlumdur ki, İsrail, əsasən ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında böyük rol oynayıblar.
Şəxsi qənaətim bundan ibarətdir ki, ABŞ seçki öncəsi hər nə qədər yeni eskalasiyada maraqlı olmasa, hər nə qədər də İsrailə gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməklə bağlı çağırışlar etsə də, əslində İsrailin İranla bağlı hərbi əməliyyatlarına yaşıl işıq yandırıb. Son bir neçə il ərzində ABŞ, Böyük Britaniya kimi ölkələrdən İsrailə verilən texnika, silah və digər hərbi sənaye məhsullarının həcmi on milyardlarla ölçülür. Təbii ki, bu qədər silah və texnika İsrailə ancaq HƏMAS-la müharibə üçün verilməmişdi.
Bu güclərin İsraillə birlikdə İrana hərbi müdaxiləsinə gəldikdə isə birbaşa müdaxilənin olmayacağı qənaətindəyəm. Qərb Ukrayna Rusiya müharibəsində olduğu kimi öz əsgərləri ilə deyil, silah və texnikası ilə İsrailin yanında olacaq. Amma bununla yanaşı yenə də İrandan gələn hava zərbələrinin zərərsizləşdirilməsində də aktiv iştirak edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr