AZ

Numan Kurtulmuş və Afrim Qaşi birgə mətbuat konfransında çıxış ediblər

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyədə rəsmi səfərdə olan Şimali Makedoniya Parlamentinin sədri Afrim Qaşi ilə  görüşüb.

Numan Kurtulmuş və Afrim Qaşi keçirdikləri təkbətək görüşdən sonra heyətlər arasında baş tutan görüşə sədrlik ediblər. Tərəflər daha sonra keçirilən birgə mətbuat konfransında çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Şimali Makedoniya Parlamentinin sədri Qaşi və rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisində qəbul etməkdən məmnunluğunu ifadə edərək, təkbətək və heyətlər arasında səmərəli görüş keçirdiklərini bildirib.

Türkiyə ilə Makedoniya arasındakı tarixi və mədəni oxşarlıqlara və əməkdaşlığa diqqət çəkən Numan Kurtulmuş, Türkiyədə Şimali Makedoniya əsilli vətəndaşların və Şimali Makedoniyada türk əsilli vətəndaşların olmasının iki ölkə arasında güclü əməkdaşlığı artıracaq möhkəm bir körpü olduğunu vurğuladı. 

Numan Kurtulmuş Türkiyə ilə Şimali Makedoniyanın regional və qlobal məsələlərdə bəzi ortaq fikirlərə malik olduğunu da bildirib.

Qarşıdakı dövrün dünya siyasətində yeni bir dövrün başlanğıcını təşkil etdiyini qeyd edən Numan Kurtulmuş, dünyanın bir çox bölgəsində hər sahədə qarşıdurmaların və gərginliyin davam etdiyini gördüklərini qeyd edib.

“Türkiyəni əhatə edən demək olar ki, bütün bölgələrdə əhəmiyyətli gərginliklər var. Təəssüf ki, Yaxın Şərqdə olduğu kimi bizim cənubumuzda da qarşıdurmalar və bəzi hücumlar var”,-Numan Kurtulmuş vurğulayıb.

Şimali Makedoniya Parlamentinin sədri Afrim Qaşi isə öz növbəsində Türkiyə Böyük Millət Məclisində olmaqdan məmnunluğunu ifadə edərək, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa onu və nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür edib.

Türkiyənin Şimali Makedoniya üçün böyük dost olduğunu deyən Afrim Qaşi Türkiyə ilə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və hər iki parlament arasında əlaqələrin müxtəlif platformalarda davam etməsindən məmnunluğunu ifadə edib.

İqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıqlarını artırmaq və bu əməkdaşlığı bütün sahələrə yaymaq istədiklərini bildirən A.Qaşi səfərlərin əhəmiyyətinə işarə edərək, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu Şimali Makedoniyaya dəvət edib.

Numan Kurtulmuş və Afrim Qaşi çıxışlarından sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında İsrailin hücumları ilə bağlı xüsusi iclasın keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandıran Numan Kurtulmuş böhran başladığı andan etibarən İsrail hökumətinin, Netanyahu və dəstəsinin qaydalara, heç bir beynəlxalq təşkilatın qərar və tövsiyələrinə, insan hüquqlarına və bölgədəki ölkələrin suverenliyinə hörmət etmədiklərini müşahidə etdiklərini və bu səbəbdən xəbərdarlıqlar etdiklərini xatırladıb.

TBMM sədri Numan Kurtulmuş sözlərini belə davam edib:

“ BMT-ni qəbul etməyən, Ədalət Məhkəməsinin irəli sürdüyü tədbirlərə qulaq asmayan, dünyanın hər yerindən ona yüksələn sosial reaksiyaları qəbul etməyən, hətta dinləməyən bu aqressiv münasibəti bir daha açıq şəkildə qınayıram. Onların törətdikləri insanlığa qarşı cinayətlər günü-gündən artır. Bütün bəşəriyyət İsrailin təcavüzünü dayandırmaq üçün əlindən gələni etməlidir. Problem sadəcə regional problem və ya sadəcə xalq problemi olmaqdan çox-çox kənara çıxıb. Şübhəsiz ki, Nildən Fəratadək ideologiyasının əsas hədəflərindən biri də Türkiyədir. Bu səbəbdən biz uzun müddətdir Türkiyənin və türk millətinin ayıq olmasının vacıbliyini vurğulayırıq. Bu çərçivədə Türkiyədə demokratiyanın qalası olan Türkiyə Böyük Millət Məclisi də bu məsələ ilə bağlı toplantı keçirə bilər. Bu məsələni TBMM-də qrupu olan partiyalarla müzakirə edəcəyik. Məqsədəuyğun hesab edilərsə partiyalarımızın iştirakı ilə TBMM-də müzakirəyə çıxaracağıq''. 

Şimali Makedoniya Parlamentinin sədri Afrim Qaşi İsrailin genişlənmə siyasətinə qarşı hansı tədbirləri gördükləri ilə bağlı sualı cavablandıraraq onlar üçün vacib olan məsələnin sülh olduğunu və Yaxın Şərqdə sülhün hökm sürməsinin tərəfdarı olduqlarını bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və Şimali Makedoniya Parlamentinin sədri Qaşi birgə mətbuat konfransından sonra FETÖ-nün iyulın 15-də həyata keçirdiyi uğursuz çevriliş cəhdi zamanı bombalanan əraziyə gedərək qərənfillər qoyublar.



Seçilən
6
trt.net.tr

1Mənbələr