AZ

Rusiya FTX-sinin rəhbəri: Qərb İrəvanı Bakı ilə danışıqları yubatmağa sövq edir

Rusiya

Moskva, 4 oktyabr, AZƏRTAC

NATO sülhməramlı pərdəsi altında öz qoşun kontingentini Cənubi Qafqaza yeritməyə çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında bildirib.

Bortnikov deyib: “Amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandıran Qərb, həm də Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə, öz kontingentini de-yure BMT-nin və de-fakto NATO-nun himayəsi altında yerləşdirməyə çalışır”.

Rusiya FTX-nin rəhbəri vurğulayıb: “Bu cür “sülhməramlılığın” mümkün xarakteri artıq ondan xəbər verir ki, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən müstəqil mülki müşahidə missiyası Rusiyaya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqları üçün kəşfiyyat fəaliyyətini həyata keçirir”.

Bortnikovun qeyd etdiyi kimi, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxmağa sövq edir ki, bu da İrəvanı Bakı ilə gələcək münasibətlər kontekstində Şimali Atlantika Alyansından daha çox asılı vəziyyətə salacaq.

Rusiya təhlükəsizlik xidmətinin direktoru bildirib: “NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyi ilə bağlı bütün əvvəlki təcrübəni nəzərə alsaq, blokun Cənubi Qafqazda möhkəmlənməsi heç də regional sabitliyə töhfə verməyəcək. Amerikalılar və onların müttəfiqləri ilə müxtəlif məsələlər üzrə qarşılıqlı əlaqəmizin nəticələrini qiymətləndirərək belə birmənalı nəticəyə gəldik ki, Qərbin tərəfdaşları başqalarından tələb edirlər, onlar özləri heç nə etmir və etmək də istəmirlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
3
2
azertag.az

3Mənbələr