Futbol üzrə Azərbaycan millisinin Estoniya və Slovakiya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, millimizi qarşıda UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmaları ilə rəsmi oyunlar gözləyir. Millimizin baş məşqçisi Fernando Santos bu gün AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis oktyabrın 7-dən təlim-məşq toplanışına başlayacaq heyətə 24 futbolçu dəvət edib.
Millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da “Neftçi” Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernando Santos komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.
Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.
Azərbaycan millisinin qarşıdakı oyunlar üçün heyətinə bu oyunçular dəvət alıblar:
- Mehdi Cənnətov – Sumqayıt
- Rza Cəfərov – Neftçi
- Aydın Bayramov – Zirə
- Bəhlul Mustafazadə – Qarabağ
- Abbas Hüseynov – Qarabağ
- Qismət Alıyev – Zirə
- Rahil Məmmədov – Radomyak (Polşa)
- Zamiq Əliyev – Eqnatiya (Albaniya)
- Bədavi Hüseynov – Qarabağ
- Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
- Şəhriyar Əliyev – Turan Tovuz
- Elvin Cəfərquliyev – Qarabağ
- Coşqun Diniyev – Bandırmaspor (Türkiyə)
- Elvin Camalov – Sabah
- Aleksey İsayev – Qarabağ
- Xəyal Nəcəfov – Turan Tovuz
- Ceyhun Nuriyev – Zirə
- Emin Mahmudov – Neftçi
- Toral Bayramov – Qarabağ
- Ozan Can Kökçü – HJK (Finlandiya)
- Rüstəm Əhmədzadə – Zirə
- Ramil Şeydayev – Neftçi
- Mahir Emreli – Nürnberq (Almaniya)
- Renat Dadaşov – Ankaragücü (Türkiyə)