AZ

Qərb ölkələrində olan təşkilatlarımız daha aktiv çalışmalar həyata keçirməlidir

İstiqamət: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Tarixin bütün dövrləri üçün aktual olan məsələlərdən biri də diaspor quruculuğu və lobbiçilikdir. Xarici siyasətdə uğur əldə etmək üçün diaspor fəaliyyətinin də yüksək səviyyədə olması ən vacib məqamlardandır. Bu mənada bu sahənin inkişafı hər dövlət üçün prioritet olmalıdır. Azərbaycan üçün bu gün diaspor fəaliyyəti ən vacib sahələrdəndir. 
Azərbaycan diasporunun əsası və milli həmrəyliyin təşəkkül tapması ulu öndər Heydər Əliyevin, diaspor quruculuğunun inkişafı, təşkilatlanması işinin təkmilləşdirilməsi Prezident İlham Əliyevin adları ilə bağlıdır.
Ölkəmizin diaspor siyasətinin reallaşması prosesləri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliləyib, soydaşlarımızın təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin təbliği istiqamətində bir sıra mühüm işlər görülüb.
Bu, artıq bir faktdır ki, Azərbaycan dövləti gücləndikcə, diaspor fəaliyyətimiz lobbiçiliklə möhkəmləndikcə erməni yalanları üzə çıxır, ermənilərin Azərbaycana qarşı haqsız və heç bir hüquqa söykənməyən ittiham və iddiaları mütərəqqi dünya ictimaiyyəti tərəfindən qəbul edilmir. Vaxtilə xəyal kimi görünən məsələlər bu gün tamamilə bizim xeyrimizə dəyişir. Bu gün dünyada hər nə qədər erməni diaspor təşkilatı fəaliyyət göstərsə də, onlar dünyanın hər hansı ölkəsində Azərbaycana qarşı təxribatlara əl atarsa, qarşısında güclü və mütləq mütəşəkkil Azərbaycan diasporunu görəcək, adekvat cavabını alacaq. Azərbaycan diasporunun birliyi və indiki aktivliyi belə deməyə əsas verir.

Siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki, dünya azərbaycanlılarının həmrəyliyini təmin etmək üçün diaspor, lobbi fəaliyyəti Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzində olan bir məsələdir:
"Hələ ümummilli lider Heydər Əliyevin vaxtından Azərbaycan dövləti tərəfindən bu məsələyə xüsusi diqqət olub. Heydər Əliyevin vaxtında dünya azərbaycanlılarının Birinci Qurultayı keçirilib və qurultayın keçirilməsi bu fəaliyyətlərə təbii ki, çox böyük təkan verib. Artıq Azərbaycan diaspor təşkilatları fəal şəkildə bu istiqamətdə çalışmalar həyata keçirirlər.
Azərbaycan torpaqları işğal olunan vaxtı da bizim diaspor nümayəndələri, təşkilatlarımız  haqq səsimizi dünyaya çatdırmaq üçün mümkün olduğu qədər təbliğat aparırdılar, işlər həyata keçirirdilər. Əlbəttə, erməni diasporasının bu işlərdə daha əvvəlcədən təşkilatlandığını nəzərə alsaq, bizim diaspor təşkilatlarının qarşısına çıxan çətinliklər anlaşılan ola bilər. Anlamaq lazımdır ki, erməni təşkilatları bu işlərə daha əvvəlcədən, sistematik, təşkilatlanmış şəkildə başlayıblar, Azərbaycan diasporu daha gənc idi. Biz həm də enerjimizi və vaxtımızı, torpaqlarımızın azadlığı uğrunda haqq səsimizi dünyaya çatdırmaq üçün sərf edirdik, buna çalışırdıq. Azərbaycan dövlətinin, ordumuzun gücü sayəsində bu məsələyə nail olduq. İndi milli diaspor təşkilatları, onların nümayəndələri, bizim xaricdəki ictimai liderlər   Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırlar, çalışmalıdırlar.
İndi deyək ki, bütün məsələlər bizi qane edirmi? Yəni buna birmənalı şəkildə "hə" demək çətindir. Çünki Azərbaycan Prezidentinin, Azərbaycan xalqının, diaspor quruculuğunun, diaspor təşkilatlarının, onların  liderlərinin qarşısına çox böyük hədəflər, tələblər qoyulub. Onlar bu tələbləri yerinə yetirməkdən ötrü daha çox zəhmət, səy və cəhd göstərməlidirlər, nəticə əldə etməyə çalışmalıdırlar. 
Biz hələ də bir sıra Qərb ölkələrində Azərbaycan dövlətinin, xalqının haqsız şəkildə tənqidlərə və hücumlara məruz qaldığını müşahidə edə bilirik və bu mənada mən düşünürəm ki, diaspor təşkilatlarımız, xüsusən Qərb ölkələrində olan təşkilatlarımız daha aktiv çalışmalar həyata keçirməlidir.
 O ölkələrin mətbuatında,  dövlət qurumlarında, parlamentində, ictimai rəyində Azərbaycan haqqında müsbət fikirlərin formalaşmasına çalışmalıdırlar. Bunun üçün də çoxsaylı işlər görmək və həmin ölkələrin nümayəndələri ilə, həmin ölkələrin ziyalıları ilə, ictimai rəy liderləri ilə işləyərək, real nəticələr ortaya çıxmasına çalışmalıdırlar. Bəzən olur ki, görürük, diaspor təşkilatları ilə azərbaycanlılar yığılırlar, orada tədbir keçirdilər. Təbii ki, onlar da lazımdır. Amma həmin ölkələrin öz rəsmi nümayəndələri, təmsilçiləri, ölkədə nüfuzlu şəxslərin də bu işlərdə iştirak etməsinə çalışmaq lazımdır. 
Belə düşünürəm ki, belə fəaliyyətlərlə, belə çalışmalarla, diaspor quruculuğunda, lobbiçilik fəaliyyətində daha sanballı nəticələr əldə etmək olar. Bu mənada bizim onlardan gözləntilərimiz çoxdur və get-gedə də artır. Mən düşünürəm ki, onlar bunu da gələcəkdə təmin edə biləcəklər. Onların bu potensialına, gücünə,  bu çalışmalarına və bu çalışmalarda nəticə əldə edə biləcəklərinə şəxsən mən inanıram. Bütövlükdə Azərbaycan diasporu Türkiyə diasporu ilə, diaspor təşkilatlarının bir araya gələrək çalışmalar gerçəkləşdirilməsi lazımdır və gələcəkdə də türk xalqlarının diaspor təşkilatlarının birgə çalışması lazımdır.Güc birlikdədir".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr