AZ

Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?

Valideynlərin zəif nəzarəti, məktəbin lazımi səviyyədə tədris və tərbiyə verməməsi, ictimai nəzarətin azalması...

Tədris ilinin başlanmasından cəmi 3 həftə vaxt ötür və artıq məktəblərdə yeniyetmələr arasında cinayət hallarının baş verməsi haqda məlumatlar yayılır. Belə ki, iki gün öncə  Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə 10-cu sinif şagirdi Kənan Orucovun sinif yoldaşı Ayxan Nəsrullayevi bıçaqlaması xəbəri yayıldı. Məlumata görə, yaralı xəstəxanaya yerləşdirilib, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Oktyabrın 3-də isə Bakı şəhəri, Sabunçu rayonu, 71 saylı məktəbdə 10-cu sinif şagirdləri olan 2008-ci il təvəllüdlü A.S.-nin (şərtidir) D. N.-ı (şərtdir) bud nahiyəsindən bıçaqlaması xəbəri yayıldı. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.

Ümumiyyətlə, son günlər yeniyetmələrin törətdiyi ağır cinayətlərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 14-17 yaşda olan 494 yeniyetmə cinayət törədib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə cinayət törədən yeniyetmələrin sayı 433 nəfər təşkil edib. Rəsmi statistikada yeniyetmələrin törətdiyi cinayətlər arasında əsas yeri oğurluq tutur. Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma gəlir.

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd edən yeniyetmələrin də sayında artım baş verib. Cinayətlərin artım dinamikasına uyğun olaraq yeniyetmə məhkumlar da çoxalıb.

Təkcə 2023-cü ildə 14-17 yaşda olan 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub.

2022-ci ildə məhkum olunmuş  yeniyetmələrin sayı 258 nəfər təşkil edib.

Göründüyü kimi, məhkum olunmuş yeniyetmələrin sayında xeyli artım baş verib. Digər acınacaqlı hal ondan ibarətdir ki, ayrı-ayrı cinayətlərə görə məhkum olunmuş yeniyetmələr arasında oğlanlarla yanaşı, qızlar da var. Məsələn, ötən il məhkum olunmuş 310 yeniyetmədən 4-ü qızdır. Digər məsələ budur ki, məhkum olunanların böyük əksəriyyəti hər iki valideyni olan ailələrin uşaqlarıdır.

Rəsmi statistikaya görə, məhkum olunan yeniyetmələr arasında azadlığı məhdudlaşdırılanlar üstünlük təşkil edir. Belə ki, 2021-ci ildə 113, 2022-ci ildə 127, 2023-cü ildə isə 153 yeniyetmənin azadlığı məhdudlaşdırılıb.

Bəs yeniyetmələr arasında cinayət hallarının artmasının səbəbi nədir? Bu cür halların qarşısı necə alınmalıdır? Günah kimdədir?

Mahmud Hacıyev

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bəzən fikirlər səslənir ki, son vaxtlar məktəblərdə kişi direktorlarının sayının azalması bu məsələyə öz təsirini göstərir. Bu fikirlə razılaşmıram. Direktorun qadın və yaxud kişi olması əsas deyil, əsas odur ki, direktor öz yerində olsun. Əgər direktor öz yerindədirsə, məktəbdə təlim-tərbiyəni, tədrisi də yetərincə yerinə yetirəcək. Yox, əgər direktor öz yerində deyilsə, neqativ hallar olacaq. Çox təəssüf ki, bu məktəblərdə əksər direktorlar, məktəb rəhbərliyi öz yerində deyil. O ki qaldı məktəblərdə cinayət hallarının baş verməsinə, burada insan faktoru var. Yəni insan, cəmiyyət varsa, orada cinayət də olacaq. Bu, birmənalıdır. Amma çox ağrıdıcı məqam ondan ibarətdir ki, son vaxtlar məktəblərdə yeniyetmələr arasında qətl, bıçaqlanma, xuliqanlıq və digər cinayət halları atmağa başlayıb. Bəs səbəb nədir? Burada yeniyetmələrin dünyagörüşü, tərbiyəsi, əxlaqı, düşdüyü mühit çox mühüm rol oynayır. Həmçinin valideynlərin zəif nəzarəti, məktəbin lazımi səviyyədə tədris və tərbiyə verməməsi, ictimai nəzarətin də həddindən artıq azalması bu məsələyə öz ciddi təsirini göstərir. Bu gün əgər orta məktəblərin yuxarı sinif şagirdləri arasında araşdırma aparsaq görərik ki, onların əksəriyyətinin cibində bir bıçaq, kəsici-deşici vasitələr var.

Sovet dövründə yeniyetmələr, məktəblilər arasında bu cür cinayət hadisələri demək olar ki, yox səviyyəsində idi. Çünki valideynlərin nəzarəti, məktəblərin yüksək səviyyədə təhsil və tərbiyə verməsi və ən əsas məsələ - ictimai nəzarət bu cür halların qarşısını alırdı. Şahidi oluruq ki, iki yeniyetmə dalaşır, bir-birini bıçaqlayır, bunu görən ağsaqqal, qarasaqqal üzünü çevirib gedir, heç bir reaksiya vermir. Yəni ictimai nəzarət tamamilə aşağı düşüb.

Bu məsələdə texnologiya da öz sözünü deyir. İndi uşağın 10 yaşı tamam olanda valideyn ona telefon alır. Uşaq da internetdə kriminal aləmə, əxlaqsız saytlara  girir, demək olar ki, uyğunsuz hər şeyə baxır ki, bu da onun dünyagörüşünə, əxlaqına, psixologiyasına, tərbiyəsinə, cəmiyyətdə formalaşmasına ciddi mənfi təsir göstərir.

Bütün bunları nəzərə alanda deyə bilərik ki, məktəblilər, yeniyetmələr arasında baş verən bu cür cinayət hadisələri bunda sonra daha da artacaq".

Həddini

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə qeyd edir ki, məktəblər yenidən bilik, dostluq və sevgi dolu məkanlar olaraq qalmalı, uşaqların təhlükəsizliyi və rifahı hər şeydən üstün olmalıdır: “Bu cür hadisələr göstərir ki, uşaqların psixoloji sağlamlığı və sosial mühitə uyğunlaşması üzərində daha çox işləmək lazımdır. Müasir dövrdə bəzi neqativ təsirlər, xüsusilə internet, sosial şəbəkələr və televiziyalar uşaqların davranışlarını ciddi şəkildə formalaşdırır. Bu platformalar bəzən zorakılığı adi və normal bir hal kimi göstərir, bu da gənclərin düşüncələrinə mənfi təsir edir. Məktəblərimiz yalnız bilik ocaqları deyil, həm də sosial bacarıqların və empatiyanın öyrədildiyi mərkəzlər olmalıdır. Şagirdlərə problemlərin dialoq və anlaşma yolu ilə həll olunmasının vacibliyi aşılanmalı, zorakılığın heç bir halda qəbuledilməz olduğu öyrədilməlidir.

Valideynlər, müəllimlər və cəmiyyət olaraq hər birimiz uşaqlarımızın həyatında birgə və müsbət təsir yaratmalıyıq. Onları sevgi, anlayış və dəstək mühitində böyüdərək, sağlam, məsuliyyətli və empatiya dolu gənclər kimi formalaşdırmaq üçün çalışmalıyıq. Məktəblər yenidən bilik, dostluq və sevgi dolu məkanlar olaraq qalmalı, uşaqların təhlükəsizliyi və rifahı hər şeydən üstün olmalıdır".

Elşən

Elşən Qafarov 

Təhsil eksperti Elşən Qafarov isə qeyd edib ki, hazırda  məktəblərdə tərbiyə sisteminin qurulmasında ciddi problemlər var və nəticədə bu cür hadisələr baş verir: “Bu problemlərin də əsas səbəbi təhsili idarəetmə orqanlarının zaman-zaman düzgün olmayan mövqeyidir. Özümüz də qəbul edirik ki, tərbiyə prosesində ciddi çatışmazlıqlar var və bu öz fəsadlarını göstərməkdədir.  Bəli, məktəblərdə kişi müəllimlərin az olmasının da bu məsələyə öz təsiri var. Lakin bu, əsas səbəb deyil.  Hesab edirəm ki, təhsildə sistemli iş aparmaq lazımdır. İlk növbədə məktəblərin nizamnaməsi, daha sonra məktəblərdə nizam-intizam qaydalarını müəyyən  edən normativ sənədlər qəbul edilməlidir. Həmçinin məktəblərdə rəhbər kadrları seçərkən diqqətli olmaq lazımdır. Təhsili idarəetmə orqanlarında təhsili bilən şəxslər cəlb edilməlidir. Hazırda təhsil prosesi var, amma təhsil sistemi yoxdur. Təhsil sistemi demək olar ki, darmadağın olub.  Problem böyükdür və bu gün hələ bizim məktəblərdə "səsi çıxmayan" çox sayda hadisələr baş verir. Çox təəssüf ki, əksər valideynlər çox zaman öz valideynlik vəzifəsini yerinə yetirə bilmir. Bu cür baş vermiş hadisələrdə birbaşa məsuliyyət valideynlərin  üzərindədir.  Beləliklə, hesab edirəm ki, problemləri aradan qaldırmaq üçün müəyyən sistemi addımlar atmalıyıq. Yalnız bundan sonra təhsilimizin mənzərəsi dəyişər, məktəblərdə tərbiyə mühiti geri qayıdar".

Xalidə GƏRAY,
“Yeni Müsavat"

Seçilən
49
50
musavat.com

10Mənbələr