AZ

NATO-nun yeni Baş katibindən Ukraynaya dəstək

Mark Rutte hesab edir ki, Ukraynanın layiqli yeri alyansdadır

Niderlandın sabiq baş naziri Mark Rutte on il ərzində NATO-nun Baş katibi postunu tutan norveçli Yens Stoltenberqi əvəz edib. Yens Stoltenberqin səlahiyyət müddəti sentyabrın 30-da başa çatıb. 2014-cü il oktyabrın 1-dən alyansa rəhbərlik edən Stoltenberq Norveç nümayəndəsi kimi iki seçki dönəmində quruma rəhbərlik edib. Baş katib kimi onun səlahiyyət müddəti iki dəfə uzadılıb. 2022-ci ildə müddəti başa çatdıqda Ukrayna böhranı ilə əlaqədar daha bir il vəzifəsini icra edib. Ötən ilin avqustunda müttəfiqlər onun vəzifədə qalma müddətini daha bir il - 2024-cü ilin oktyabrına qədər uzatmaq qərarına gəlmişdilər. “Mənim üçün şərəfdir ki, NATO üzrə müttəfiqlər səlahiyyət müddətimi 1 oktyabr 2024-cü ilə qədər uzatmaq qərarı veriblər”, - deyə Stoltenberq o zaman bildirmişdi.

Birinci prioritet NATO-nu güclü saxlamaqdır

Səlahiyyətin təhvil verilməsi mərasimi isə NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub. Baş katib vəzifəsindən ayrılan  Yens Stoltenberq 2014-cü ildə alyansa rəhbərlik etməyə başlayanda NATO-nun Ukraynaya yalnız kiçik dəstək verdiyini, lakin indi bu dəstəyin kütləvi olduğunu və koordinasiya üçün xüsusi qərargahın yaradıldığını bildirib.

NATO-nun yeni Baş katibi Mark Rutte isə alyansı gələcəyin çağırışlarına hazırlayacağını, maliyyələşdirməni artıracağını və innovasiyaları stimullaşdıracağını elan edib. O, birinci prioritetin NATO-nu güclü saxlamaq və bütün təhdidlərə qarşı effektiv müdafiəni təmin etmək olduğunu bildirərək deyib: “Bunun üçün bizə daha çox qüvvə, daha yaxşı imkanlar, daha sürətli innovasiya tempi lazımdır. Bu, daha çox investisiya tələb edəcək”. Baş katibin sözlərinə görə, NATO ölkələri müdafiəyə daha çox pul xərcləməli olacaq, çünki “mövcud çağırışlar və gələcək vəzifələrin” həlli üçün pulsuz alternativ yoxdur.

Rutte: Güclü Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz

Vəzifəni təhvil alan Mark Rutte Ukrayna müharibəsini və alyansın müdafiə xərclərinin artırılmasını prioritet hesab etdiyini də deyib: “Prioritetlərimiz dəyişməz olaraq qalır. Biz Ukraynanın müstəqil demokratik dövlət kimi qalmasını təmin etməliyik. Müdafiə və çəkindirmə imkanlarımız baxımından xərcləri artırmalı, kollektiv müdafiə gücümüzü genişləndirməliyik”. Onun sözlərinə görə, NATO-nun hər bir ölkəsi Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi barədə qərarı müstəqil şəkildə qəbul etməlidir. “Hər bir müttəfiq Ukraynanın dəstəklənməsi məsələsində öz mövqeyini müəyyən etməlidir. Bu məndən asılı deyil. Bu, ayrı-ayrı müttəfiqlərə və onların Ukrayna ilə münasibətlərinə aiddir”, - deyə yeni Baş katib bildirib.

Eyni zamanda M.Rutte Ukraynanın özünümüdafiə hüququnu dəstəklədiyini vurğulayıb. Baş katib hesab edir ki, təhlükəsizliyin təmin olunması üçün dünyanın müxtəlif bölgələrində NATO tərəfdaşlıqları inkişaf etdirilməlidir: “Ukraynanın layiqli yeri NATO-dadır. Mənim ikinci prioritetim Ukraynaya dəstəyimizi gücləndirmək və onu NATO-ya daha da yaxınlaşdırmaqdır. Çünki güclü, müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz. Üzərimizə düşəni etməliyik”.

“Mark Rutte xroniki rusofobdur”

Artıq NATO-nun yeni rəhbərinin Ukrayna ilə bağlı fikirlərinə Rusiyadan açıqlama gəlib. Dövlət Dumasının deputatı Mixail Şeremet “RİA Novosti”yə müsahibəsində Şimali Atlantika Alyansının yeni rəhbərinin Rusiyaya qarşı düşmənçiliyini xəstəliklə müqayisə edərək bildirib ki, Mark Rutte xroniki rusofobdur. Şeremetin sözlərinə görə, Rusiyaya münasibətdə Rutte sələfindən heç nə ilə fərqlənmir: “Təəssüf ki, NATO strukturları mütərəqqi çılğınlıq və qeyri-adekvatlıq pandemiyası ilə əhatə olunub”.

Dumanın deputatı xatırladıb ki, NATO bloku tamamilə ABŞ-ın iradəsinə tabedir. Şeremet hesab edir ki, nəticədə aparılan siyasət tez-tez alyansın digər üzvü olan ölkələrə zərər verir.

Xatırladaq ki, daha əvvəl alyansın başçısı postuna namizədlərdən Danimarkanın baş naziri Mette Frederediksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uelles, İspaniyanın baş naziri Pedro Sançes və Rumıniya Prezidenti Klaus Yohannis alyansa üzv olan  ölkələrin tam dəstəyini qazana bilməmişdilər. Bu vəzifəyə Niderlandın Baş naziri Mark Rutte layiq görüldü. Belə ki, bu ilin iyun ayında NATO-nun bütün 32 ölkəsi Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşdı və seçim iyulda Vaşinqtonda keçirilən alyansın sammitində təsdiqləndi. Rutte bu vəzifə üçün ABŞ tərəfindən güclü dəstəklənmişdi.

Qeyd edək ki, Mark Rutte 1967-ci il fevralın 14-də Haaqada anadan olub. O, siyasi karyerasına hələ 2002-ci ildə başlayıb. Daha sonra  Sosial Məsələlər və Məşğulluq üzrə Dövlət Katibi vəzifəsinə təyin edilib, burada Rutte sosial təminat, maliyyə yardımı və iş şəraitinə cavabdeh olub. Hökumət istefa verəndən sonra deputat olub, sonra yenidən bu vəzifəyə təyin olunub. 2006-cı ilin mayından 2023-cü ilin avqustuna qədər Rutte Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri olub. O, 2010-cu ilin oktyabrından etibarən 14 il Niderlandın Baş naziri vəzifəsini daşıyıb.

Beləliklə, yeni baş katibin prioritetlərində Ukraynaya dəstəyin daha gücləndirilməsi əsas yerlərdən birini tutur. Bu isə o deməkdir ki, qanlı müharibə hələ də davam edəcək.

N.BAYRAMLI

Seçilən
3
35
yeniazerbaycan.com

10Mənbələr