AZ

"Məndən sonra hər ikisini komandaya götürdülər" - Adil Şükürov "Kəpəz"dən gedişinin pərdəarxasını anlatdı

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasında "dörd pərdəlik tamaşa"nın ilk bölümü tamamlanmaq üzrədir. Amma hələ də xal qazanmayan komanda var. "Kəpəz" keçirdiyi 8 görüşdən heç birində rəqiblərini büdrədə bilməyib. Komanda artıq ikinci məşqçiyə qucaq açıb. "Qərb təmsilçisini mövsümə hazırlayan və 4 oyuna çıxaran Adil Şükürov ayrıldıqdan sonra onun boşaltdığı posta baş məşqçi təyin olunan Azər Bağırov da hələki çarəsizdir. 

Avqustun son günlərində "Kəpəz"dən gedən Şükürovun uğursuzluğu özü üçün dəyərləndirmək baxımından bol vaxtı olub. İstədik təhlillərini bizə də bildirsin.
Fanat.Az problemləri bitib-tükənməyən, Premyer Liqanı tərk etməyə əsas namizəd olan "Kəpəz"lə, istefasının pərdəarxası məqamları ilə bağlı söhbətləşdik.

- Artıq istefanızdan bir aydan bir qədər çox ötüb. Yəqin səhv-düzlərinizi götür-qoy etmisiniz. Ötən çempionatda bir çox komandaya başağrı olan "Kəpəz"in bu mövsümə uğursuz başlamasının səbəbi nə idi?
- Başlıca səbəb heyəti qoruya bilməməyimiz oldu. Futbolçuların müqavilələrində qeyd olunmuşdu ki, qalacaqları halda, məvacibləri artırılmalı idi. Amma həmin maliyyəni tapa bilmədiyimiz üçün əksər oyunçularla yollar ayrıldı. 

- Heyət dağılanda və yeni transferlər yubananda getmək daha yaxşı olmazdımı? Yəni ilk dörd turdakı uğursuzluq sizin CV-yə yazılmazdı.
- Bu mövsüm üçün istəyimiz elə idi ki, heyəti qoruyaq və əlavə olaraq, komandaya 2-3 yeni, Premyer Liqa təcrübəsi olan futbolçu cəlb edək. Bu plan alınmasa da, mən yeni futbolçulara da güvənirdim. Bu gün də inanıram ki, "Kəpəz"in indiki heyəti başlıca vəzifənin öhdəsindən gələ biləcək.  


- Qalıb vəziyyəti düzəltmək mümkün idi? Ümumiyyətlə, istefanız necə baş tutdu? 
- Açığı, getmək variantı son anda yarandı. Rəhbərliklə danışmışdıq ki, millinin fasiləsinə qədər 2-3 yerli, təcrübəli oyunçuları heyətə qataq. Konkret, adlar da çəkə bilərəm. Turan Manafovla Rauf Hüseynlini komandada görmək istədiyimi bildirmişdim. Rauf hətta düşərgəyə qoşulmuşdu. Düzdür, zədədən sonra tam formada deyildi. Bu baxımdan, "milli fasiləsi" işimizə yarayacaqdı. Tam heyət ixtiyarımda olandan sonra komandadakı çatışmazlıqları yoluna qoya biləcəyimə inanırdım. Demişdim ki, milliyə görə iki fasilə arasındakı 4 turda 4 xal götürə bilərəm. Son anda deyildi ki, Turanla Raufu transfer etmək üçün pulumuz yoxdur. Belədə ərizəmi yazıb istefa verdim.

- Axı hər ikisi indi "Kəpəz"dədir.
- Elədir. Məndən sonra onları komandaya götürdülər. Necə oldu, deyə bilmərəm. Bu barədə danışmaq istəmirəm.  
  
- "Kəpəz" elitaya qayıdandan sonra 3-cü mövsümdə artıq 5-ci məşqçi ilə işləyir. Komandanın dərdi nədir? 
- Mən bu mövsümkü uğursuzluğun səbəbini heyəti qoruya bilməməyimizlə izah etdim. Qlobal yanaşsaq, əsas səbəb maliyyənin olmamasıdır. Bu, bütün dünyada belədir. Klub Premyer Liqaya yüksəlirsə, artıq strategiyasını müəyyənləşdirməlidir. Məqsəd nədir, nəyə daha çox diqqət yetiriləcək, infrastruktur necə qurulacaq, maliyyə necə cəlb olunacaq və sair... Hər məşqçi özünə aid planla, tələb və təkliflə gələ bilər, amma klubun ümumi strategiyası olmalıdır. 
"Kəpəz" köklü klubdur. Tam haqlı olaraq, azarkeşləri də tələbkardır. "Kəpəz" kimi klubun nəticə ilə yanaşı, adına layiq infrastrukturu da olmalıdır. Hamısı isə maliyyəyə bağlıdır. Halbuki, "Kəpəz" Premyer Liqanın ən az büdcəsi olan klubudur. 

- Son vaxtlar demək olar ki, Gəncədən futbolçu çıxmır. Uşaq komandaların işinə nəzarət edə bilirdiniz? 
- Əslində, yerli uşaqlar var idi. Ümid Səmədovun adını çəkə bilərəm. İndi adını xatırlamıram, əvəzedici komandadan gənc müdafiəçi cəlb etmişdik, məqşlərdə iştirak edirdi. Onların və ümumiyyətlə, Premyer Liqa səviyyəsində sanballı yerli oyunçuların  üzə çıxmasına 6-8 il vaxt lazımdır. 

- Azər Bağırov təyinatından əvvəl və ya sonra sizinlə əlaqə yaratmışdımı? 
- Baş məşqçi təsdiqlənməmişdən əvvəl mesaj yazmışdı. Buna halallıq və ya məsləhət almaq deməyək. Halallıq o zaman lazımdır ki, məşqçi postundan göndərilir. Ancaq mən özüm ayrıldım. Azər müəllim sadəcə, 3-4 mesaj yazdı, sağ olsun, yəqin məni xəbərdar etmək istədi.  


- Gəncədə yeni stadion inşa olunur. Səmimi deyin, "Kəpəz"in yeni stadionunda ilk oyununu məhz Premyer Liqa səviyyəsində keçirə biləcəyinə inanırsız?  
- Ən həssas məqama toxundunuz. Bunu çox istəyirdim ki, komanda rəhbərliyim altında yeni stadionda ilk oyununu Premyer Liqada keçirsin. İnanıram ki, mən orada olmasam da, bu, məhz belə olacaq. Əslində, "Kəpəz"ə gələndə fikirlərim başqa idi. Bildiyiniz kimi, mənim karyeramda akademiyalarla iş xüsusi yer tutur. "Kəpəz"də əsas komanda ilə akademiyanın fəaliyyətinin paralel, strukturlu şəkildə təşkili üçün planım var idi. Aşağıda oyunçuların yetişdirilib əsas komandaya cəlb olunmasını həyata keçirmək istəyirdik.    

Mirağa Mirzəyev

Seçilən
7
fanat.az

1Mənbələr